EsgeranErmənistan tərəfi aprelin 2-dən başlayan döyüş əməliyyatları zamanı verdikləri itkilərin sayını əhalidən gizlətməyə davam edirlər. Dörd gün davam edən döyüşlər zamanı az sayda itki verdiyini iddia edən Ermənistan rəhbərliyi atəşkəs barədə razılıq əldə edildikdən sonra gün ərzində bir neçə hərbçi ölümü barədə məlumat yaymaqla ölən hərbçilərin valideynlərinin qəzəbindən yayınmağa çalışır.

Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, döyüşdə iştirak etmiş əsgərlərin valideynləri övladlarının sonrakı taleyindən xəbərsizdir. Belə ki, heç bir vasitə ilə onlarla əlaqə yaratmağın mümkün olmadığını, Dağlıq Qarabağ ərazisinə girişin qadağan olunduğunu bildirən valideynlər Ermənistan rəhbərliyini baş verən hadisələri və onların nəticələrini xalqdan gizlətməkdə günahlandırırlar.

Yazılan şərhlərdə itkin kimi göstərilmiş hərbçilərin əslində Əsgəranda bu kimi hadisələr üçün hazırlanmış “xüsusi” soyuducuda saxlandığı bildirilir. Belə ki, “itkin” əsgərlərdən birinin qohumu bir neçə gün əvvəl maddiyat qarşılığında yaxınlarını götürmək üçün orada olarkən morqun meyitlə dolu olduğunu müşahidə edib.

Həmçinin şərhlərdə ermənilərin 1000-ə qədər itki verdiyi, Qarabağ ərazisindən həlak olanlar barədə heç bir xəbər verilmədiyi halda Ermənistan və qondarma Dağlıq Qarabağ hökumətlərinin Əsgəran və Xankəndində əyləncəli konsertlər təşkil edərək ölənlərə və yaxınlarına bu şəkildə “ehtiram” göstərdiklərini bildirirlər.

Qeyd edək ki, aprel ayının 5-də etibarən atəşkəs elan olunmasına və Azərbaycan tərəfinin buna riayət etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi gizlətdiyi meyitləri Kəlbəcər, Laçın, Cəbrayıl istiqamətindən hissə-hissə üzə çıxararaq bu üsulla xalqın qəzəbini üzərinə çəkməməyə çalışır.