XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb.

Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdı.

Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.

İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar,  məscidlər,  minarələr  ucaldılmış,  karvansaralar,  hamamlar  inşa olunmuşdu. Bölgədəki bütün yer adları — toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir.

Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi…

Lakin XIX əsrin əvvəllərində Cənııbi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.

Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. 1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən Birinci Rusiya – İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya təslim olmadı və öz müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) və Hüseynqulu xan Qacarın (1806-1827) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxaraq çar qoşunlarına qəhrəmanlıqla müqavimət göstərdi. Böyük itkilər verən Rusiya imperiyasının hakim dairələri İrəvan xanlığını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı general Qudoviç İrəvan sərdarının (Hüseynqulu xan Qacar – red.) qardaşı Həsən xan Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi.

Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrdə verilmiş bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: “…Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq sizin ixtiyarınıza buraxıram”.

Bütün bunlara baxmayaraq, Birinci Rusiya-İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri doğma yurdun azadlığı uğrunda işğalçılara və onlara kömək edən ermənilərə qarşı qəhrəmanlıq mübarizəsi aparıb və qələbə çaldılar.

İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi – strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: “Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin‖.

İkinci Rusiya — İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında işğalçı generala xüsusi olaraq tapşırırdı: Təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: “Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tululub”. Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir.

Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar, qardaşı “Aslanlar başı” titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel 23 iyun; 24 sentyabr 1 oktyabr) və Sərdarabad qalasını (16-17 aprel; 14-20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək təbbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi: “Qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır”. 1  İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar isə son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü.

Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mühasirədə saxlayan Paskeviçlə əlaqəyə girdilər və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara məlumat verdilər.

Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş komandanı Paskeviç bu “qələbəyə görə” qraf titulu, 3 2-ci dərəcəli Georgi ordeni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə “Erivanski” titulu aldı. 4 İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə xüsusi rəsmi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu

“İrəvan xanlığı” (Rusiya işğalı və ermənilərin Azərbaycan torpağına köşürülməsi)” kitabından, Bakı, 2010

1905.az