Lavrov“Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır”.

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziriSergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.

Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrov belə cavab verib: “Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.