Artıq başa çatmış Avrasiya media forumunda materikdə gedən siyasi proseslərə, real duruma dair ciddi polemikalar oldu, vaxtilə mühüm dövlət postları tutmuş, habelə hazırda da iş başında olan bir sıra rəsmi şəxslər olduqca maraqlı, aktual çıxşlar etdilər, yaranmış situasiyaların analizini apardılar, bir-birinə yapışmış iki qitənin – Avropa və Asiyanın siyasi gələcəyinin necə ola biləcəyinə dair proqnozlar verdilər. Bütün bunlar öz yerində, bu xüsusda hər zaman yazılıb və yazılmaqda davam edəcək. Amma bir də forumun pərdəarxası vardı…
Orta Asiyanın nisbətən fərqli ölkəsi
Artıq uzun zamandır Qazaxıstan tərəfi hər il bu cür beynəlxalq media forum keçirir. (Yalnız keçən il hansısa səbəblərdən bu tədbir keçirilməyib). Bu forumun hər il, həm də məhz Astanada keçirilməsinin ideya müəllifi kimdirsə, yaxşı düşünüb. O, tipik şərq avtoritarizminin yuvalarından biri olan Qazaxıstanın Avrasiyada bu cür tədbirlərlə ad çıxaracağını, özünə müsbət reputasiya təmin edəcəyini xəyal edib və buna xeyli dərəcədə nail olub.
Məsələ ondadır ki, forumda olduqca demokratik, plüralistik atmosfer yaradılır, hər kəs öz düşüncəsini sərbəst şəkildə ortaya qoyur, söz və mətbuat azadlığına riayət edilir. Ölkəni yaxşı tanımayan adama elə gələ bilər ki, Qazaxıstan məhz bu cür, demokratik, azad seçkilər keçirən, qanunun alililyi qorunan bir ölkədir. Düzdür, bu ölkə özünün nisbətən yumşaq rejimi ilə regiondakı bir çox ölkələrdən – Özbəkistandan, Türkmənistandan, Tacikistandan fərqlənir, ancaq burada eyni adamın 25 ildən bəri fasiləsiz davam edən hakimiyyətinin yaratdığı rejim var.
Məhz prezident Nursultan Nazabayev bütün ölkəyə, regiona özünün əvəzedilməzliyini göstərib, indi də bütün Avrasiyaya göstərməkdədir ki, bu, doğrudan da belədir. Astananı görənlər, Qazaxıstanın daxilini öyrənənlər Nazarbayevin öz xalqı üçün nə qədər işlər gördüyünün fərqinə varırlar. Bu ölkədə yaşayan bir çox əcnəbilər bildirirlər ki, Qazaxıstanın milli azlıqlarla yönəlik siyasəti dünya standartlarına uyğundur, eyni zamanda Nazarbayev populist şüarlar söyləmədən, açıb-ağartmadan öz xalqının gələcəyini, təhlükəsizliyi təmin etmək üçün mühüm işlər görür, etnik qazaxların sayının artımasını stimullaşdırmaqa onları ölkənin sahibinə çevirmək istəyir. Bəziləri düşünür ki, onun bu siyasəti ardıcıl olarsa və daha 10-15 il davam edərsə, qarşıya qoyulan məqsədə çatmaq olar.
Bəs kim olacaq o davamçı?
Bunu indidən demək çətindir, hər şey ola bilər. Qazax çölünün oğulları hiddətlənib ata minsələr, heç də hər şey nəzərdə tutulduğu kimi getməz. Amma hələlik üfüqdə elə bir təhlükə görünmür. Qazaxıstan vətəndaşlarının əksəriyyəti öz liderinin siyasi kursunu dəstəkləyir və onun davamını istəyir.
Avrasiya media forumunun işində iştirak edən zaman Qazaxıstan prezidentinin qızı Dariqa Nazarbayevanın çıxışını izləyəndə, davranışlarını görəndə bu sətirlərin müəllifinə elə gəldi ki, ölkənin gələcək lideri məhz bu qadın olacaq.
Dariqa Nazarbayeva hazırda ölkənin birinci xanımı statusundadır. Onun anası Sara Nazarbayeva ictimai-siyasi həyatda yoxdur, ona görə də prezidentin ailə üzvü olaraq hansısa fondlara, təşkilatlara rəhbərlik etmək, tədbirlərə qatılmaq, çıxışlar etmək işinin bütün ağırlığı Dariqanın üzərinə düşür. O, bu işin öhdəsindən məharətlə gəlir. Hiss olunur ki, xanım Nazarbayeva artıq xeyli püxtələşib, özünü təsdiq edib, lider kimi yetişdiyini artıq hər kəsə göstərib. O, xitabət kürsüsündə olduqca inamlı təsir bağışlayırdı, rus və ingilis dillərində əla danışırdı, özünü o qədər rahat, emosiyasız, sakit, əmin aparırdı ki, adama Marqaret Tetçeri xatırladırdı.
Biz, azərbaycanlı jurnalistlər Dariqa Nazarbayevlə yaxından təmasda olduq, ayaqüstü söhbətləşdik və şəkillər çəkdirdik. O, bizim Azərbaycandan gəldiyimizi biləndə üzünün ciddi ifadəsi bir andaca dəyişdi, dərhal çox mehriban və gülərüz oldu və Azərbaycanı “qardaş ölkə” adlandıraraq, foruma gəldiyimiz üçün bizə təşəkkür etdi.
Ümumiyytlə, mühafizə xidmətinin səylərinə baxmayaraq, Dariqa Nazarbayevaya yaxınlaşmaq və söhbət etmək, eləcə də şəkil çəkdirmək istəyənlər buna nail olurdular. O, insanlarla ünsiyyətə hazır olduğunu göstərirdi və bunun onun reputasiyasına müsbət ştrixlər gətirdiyinin fərqindəydi.
Həyulə kimi gəzən Kərzay
Ancaq forumun işində iştirak edən bir sabiq prezident də vardı ki, ona yaxınlaşmaq qeyri-mümkün idi. İstər otelin içində, istər bayırda, istərsə də tədbirin keçirildiyi zalda hər zaman onun – Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayın yanında azı 12 adam olurdu. Əlbəttə, onların hamısı mühafizəçi deyldi, sıralarında Kərzayın köməkçiləri də vardı, ancaq onların qafilə-qatar kimi hər zaman birlikdə gəzməsi diqqəti cəlb edirdi. Əshabələri Kərzayı bir an da olsun tək buraxmırdılar. Elə görünürdü ki, o hələ də prezidentdir.
Cənab Kərzayın özü də hər zaman iri və sürətli addımlarla hərəkət edirdi. Həyulə kimi qəfildən görünür, üç-dörd saniyənin içində yox olurdu. Bir dəfə oteldə liftin önündə telefonda lazımi nömrəni axtararkən fikir verdim ki, bir şəxs qaça-qaça liftə yaxınlaşdı və düyməni basdı. Ardınca 10-dan artıq adamın əhatəsində sürətlə gələn, ənənəvi olaraq çiyninə yaşıl əba salmış Kərzay göründü. O, tuşuma çatanda mən ona Əfqanıstanın hazırkı durumu llə bağlı sual vermək üçün “hello, mister Kərzay” dedim, sabiq prezident addımını azca yavaşıtdı, gülümsündü, “hello” deyərək artıq qapısı açılmış liftə girdi. Mühafizəçilərinin yarısı onunla bərabər liftə doluşdu, bir yarısı isə sol tərəfdəki lifti gözlədi.
Bir sabiq prezident Qazaxıstan kimi sakit, təhlükəsiz ölkədə nədən bu qədər ciddi mühafizə olunsun? Axı başqa siyasi liderlər də vardı və hamısı mühafizəsiz gəzirdi. Məsələn, İngiltərənin sabiq xarici işlər naziri Cek Stronu tez-tez tək və ya kiminləsə bir küncdə çənə-çənəyə verərək danışan görmək olurdu.
Kərzayın başqa ölkənin yox, məhz qanlı-qadalı Əfqanıstanın prezidenti olduğunu nəzərə alsaq, öz şəxsi təhlükəsizliyinə bu qədər önəm verməsinin sirri çözülər. Taliban bu şəxsin qətlinə fərman verib, başına mükafat təyin edib, hər yerdə onu izləyir və ilk fürsətdə niyyətlərini həyata keçirəcək. Ona görə də Kərzayın mühafizəçiləri ona yaxınlaşan hər kəsə şübhə ilə yanaşmağa məcburdurlar.
Onu da qeyd edim ki, Kərzay dünyada çox nüfuzlu bir siyasətçidir. Ona verilən sualları çox məharətli bir şəkildə, diplomaikcəsinə, həm də qüsursuz ingiliscəsiylə cavablandıran Kərzay forum təşkilatçıları və iştirakçıları tərəfindən böyük ilgi görürdü.
Bakılı oğlan
İTAR TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla konfrans zalına enən pilləkəndə yaxınlaşdıq. Bundan öncə həmkarlarım nəyə görəsə Qusmana yaxınlaşmaq istəmirdilər, hesab edirdilər ki, o, Qarabağ məsələsi lə bağlı ona ünvanlayacaımız suala normal cavab verməyəcək. Həm də Qusman ard-arda digər jurnalistlərə müsahibə verirdi. Müsaid olduğu zaman ona yaxınlaşdıq və özümüz təqdim etdik, Bakıdan olduğumuzu söylədik. Mixail Qusman dərhal köhnə tanışlarını, hətta əziz adamlarını görmüş kimi, “oooo” deyərək, özünün də Bakıdan olduğunu, Bakını çox sevdiyini dedi. Daha sonra o, müvafiq sualmıza cavab olaraq bildirdi ki, Qarabağ konfliktinin sülh yoluyla nizamlanması üçün işğalçı Ermənistan BMT-nin qətnamələrinin tələblərini yerinə yetirməlidir və bu münaqişə dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu qədər aydın və korrekt mövqe. Qusmanın suala yaxşı cavab verməyəcəyindən çəkinmək lazım deyilmiş.
 
Böhranın kölgəsi
Əvvəlki Avrasiya media forumunda iştirak edən bir çox həmkarlar bildirirdilər ki, öncələr bu tədbir daha təmtəraqlı, təntənəli keçirilirmiş, indi daha təvazökar görkəm alıb. Onlar bildirirdilər ki, əvvəllər forumda Avropa və Asiyanın bütün ölkələrindən çoxlu qonaqlar iştirak edirdilər, indi onların sayı yarıbayarı azalıb. Güman olunurdu ki, bunun səbəbi neft qiymətlərinin düşməsi, Qazaxıstanın da bundan ziyan çəkməsidir.
Tədbirin sponsorlarının adlarını sayaraq, onlara minnətdarlığını bildirən Dariqa Nazarbayeva da dedi ki, bu cür tədbirlər böyük maliyyə resursu hesabına başa gəlir. Bununla belə, o, Avrasiya media forumunun gələn ilin iyununda keçiriləcəyini anons etdi.
Düşünmək olar ki, ölkə əhalisinin, eləcə də hər bir yeni doğulan vətəndaşının üzərinə 11 min dollar xarici borc düşən ölkənin bu cür formal tədbirlərə böyük maliyyə vəsaitləri xərcləməsi gerçəkdən israfçılıqdır. Ancaq yəqin ki, israrla bu tədbiri hər il (artıq 13-cü dəfə) təşkil edənlər bir şey bilirlər. Onlar bu cür beynəlxalq tədbilərlə ölkənin qapılarının əcnəbilərin üzlərinə açıldığını olduğunu göstərir, Qazaxıstanın böyük potensiala malik olduğunu görk edir, bu ölkəyə investisiya qoymağın hər kəsə faydalı ola biləcəyini duyururlar.
Musavat.com Xalİd Kazımlı, Astana