AZ-NUMNATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov qurumun aprelin 20-22-də Mərakeş Krallığının Rabat şəhərində keçirilən 91-ci Rouz-Rout seminarında iştirak edib.

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Orta Şərqdə təhlükəsizliyə dair vahid beynəlxalq strategiya, ekstremizmə qarşı mübarizə, təhlükəsizlik sektorunun islahatı və idarə edilməsi, dəyişən mühitdə insan təhlükəsizliyi, miqrasiya axını və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Milli Məclisin deputatı müzakirələr zamanı tədbirdə iştirak edən Ermənistan nümayəndələrinin Azərbaycanla bağlı verdiyi yersiz və müzakirə olunan məsələlərə heç bir aidiyyəti olmayan şərhlərinə qəti etiraz bildirərək münasibət bildirib, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini, onun ağır nəticələrini, bununla bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən müvafiq qətnamələrin Ermənistan tərəfindən hələ də icra edilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin NATO Parlament Assambleyasına ünvanlanmış mürəciəti seminar iştirakçıları arasında yayılıb. Müraciətdə 2016-cı il aprelin 2-də bütün cəbhə boyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin Ermənistanın silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, bunun nəticəsində dinc sakinlərin həlak olması, Azərbaycanın Silahlı Qüvvələri tərəfindən təxirəsalınmaz cavab tədbirlərinin həyata keçirilməsi, ümumilikdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi barədə məlumatlar yer alıb, NATO Parlament Assambleyasından Ermənistana silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması üçün təzyiq göstərilməsi xahiş edilib.

Seminarda, həmçinin Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyev, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi nümayəndəsi Aqşin Mehdiyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev iştirak ediblər.