OskanyanRobert Kocaryan və Vardan Oskanyan Sarkisyan əleyhinə partiya yaratdılar

Aprelin 27-də Ermənistan parlamentinin deputatı, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Hamaxmbum” partiyasının yaradılması barədə bəyanat verib. O, partiyanın ölkədə təhlükəsizliyin təmin edilməsi və daxili ciddi problemlərin gündəmdə olması ərəfəsində yaradılmasını xüsusi olaraq vurğulayıb.

Bəyanatda deyilir ki, “Bu yeni siyasi güc xarici və daxili problemlərə adekvat cavab verəcək və bizim icmanın qələbəsinə zəmin yaradacaq. Ölkədə iqtisadi əlaqələrdə azad rəqabət  və ədalətli seçki sistemi kifayət qədər öz təsdiqini tapmayıb. Bunun üçün yeni partiyanın yaradılmasına ehtiyac vardı. Aprel ayında dörd günlük müharibədən sonra partiyanın yaradılması fikri daha da dəqiqləşdi. Biz mövcud hüquqi-iqtisadi və siyasi münasibətləri rədd edirik. Çünki bunlar yüz minlərlə insanın ümidini qırır və insanları bir çox şeylərdən məhrum edir, yoxsulluğa və miqrasiyaya səbəb olur. Biz ölkənin inkişafı məsələsində Ermənistan-Rusiya, Ermənistan-Avropa Birliyi, Ermənistan-ABŞ arasında  lazımlı potensiallar görürük. Regional əməkdaşlıq sahəsində Gürcüstan və İranla münasibətlərdə əməkdaşlığın arıtılması mümkündü. Ermənistan-diaspora əlaqələrində  dəyişikliklərin edilməsi labüddü. Biz ona görə toplaşmışıq ki, hakimiyyəti yenidən xalqa qaytaraq.  Bizim ictimaiyyət (fəhlə, əsgər, kəndli, kiçik və orta sahibkar, həkim, tələbə, iş adamı, təqaüdçü və.s) özü dəyişiklikləri reallaşdıracaq. Bizə bir şəxsin və ya bir neçə şəxsin ideologiyası ilə birləşmək yox, problemlərin həll edilməsi üçün ümumi ideya ətrafında birləşmək lazımdı. Bizə ədalətli və güclü Ermənistan lazımdı.”

Robert Kocaryanın dəstəyi ilə yaradılmış partiyanın tərkibində Ermənistan parlamentinin müxalif deputatları, siyasi xadimlər, iş adamları, həmçinin keçmiş “Arabo”nun komandiri Manvel Yeğizaryan təmsil olunur.

Qeyd edək ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hələ 2015-ci ildə belə bir partiyanın yaradılması üçün işlər getdiyini bildirmişdir. Bəyanatdan da göründüyü kimi partiyanın elan olunmasına “dörd günlük döyüş əməliyyatları”nın zəmin yaratması məğlub Sarkisyan rejiminin süqutuna hesablanmış addımdır.