Սամվել ԹադևոսյանErmənistanın “Yerkir media” nəşrinin muxbiri Samvel Tadevosyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb. Reportajda Dağlıq Qarabağın rayonlarında, xüsusən cəbhə boyu kəndlərdə dislokasiya olunmuş hərbi hissələrin ərazisində olarkən oradakı mövcud vəziyyəti öyrənən muxbir bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. Belə ki, aprel ayında baş verən döyüş əməliyyatlarından sonra Qarabağa səfər edərkən buranın çox dəyişdiyini bildirən S.Tadevosyan, hazırda bu bölgədə yerləşən bir çox kəndin demək olarki boş olduğunu, kəndlərdə yalnız hərbçilərin yaşadığını, Mardakert (Ağdərə), Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Hadrud və Berdzor (Laçın) şəhərlərində gündəlik həyatın iflic olduğunu, insanların məyus halda gəzdiyini, həyatın rəngsiz hal aldığını bildirib.

Cəbhə boyu hərbi hissələri gəzərək, əsgərlərlə söhbət edən jurnalist əsgərlərin mənəvi ruh yüksəkliyinin yüksək olduğunu, hər bir çətinliyə dözdüyünü vurğulayıb, lakin bununla barabər əsgərlərin həddindən artıq problemlərinin olduğunu, komandirlərin bu problemlərlə maraqlanmadığını, əsgərlərin döyüş ləvazimatlarının çatışmadığını, qış paltarı və ayaqqabılarının yararsız olduğu onun diqqətini cəlb etmişdir.

Bundan başqa, döyüş postlarında olarkən burada şəraitin zəif təşkil oluduğunu, ərzağın, suyun çatışmadığını, əsgərlərin çox vaxt ac olduğunu, qidaların keyfiyyətsiz olması səbəbindən xəstəliklərin artdığını bildirən muxbir indiyə qədər ordu haqqında eşitdiklərinin əksinə, burada gördükləri mənzərənin şokundan ayıla bilmədiyini qeyd edib.

Tadevosyan reportajının sonunda, Ermənistan hakimiyyətinin təsiri altında olan mətbuatın Dağlıq Qarabağda və ordudakı real vəziyyəti ictimaiyyətdən gizlətməyinin və bu kimi hallara ictimai nəzarətin olmamasının erməni xalqı üçün ağır nəticələrə gətirib çıxaracağından narahatlığını bildirib.