cavax-1“Mən Abxaziya Respublikasının vətəndaşı, Qaspar oğlu Albert Topolyan, Abxaziya silahlı qüvvələrinə daxil olmaq üçün təntənəli surətdə and içirəm: İntizamlı, cəsur olacağıma, vicdanla vətənimə xidmət edəcəyimə, qeyd-şərtsiz bütün sifarişləri yerinə yetirəcəyimə, dövlətin hərbi sirlərini ciddiyyətlə gizli saxlayacağıma, hərbi və ictimai mülkiyyətin qayğısına qalacağıma, vətənin müdafiəsi üçün son damla qanımadək öz həyatımı təhlükəyə atacağıma and içirəm…”

9 fevral 1993-cü ildə separatçı Abxaziya Ali Sovetinin sədr müavini Albert Topolyan erməni batalyonu daxilində ilk dəfə and içərək, Abxaziyada yaşayan erməni icmasının siyasi lideri kimi bütün ermənilərin mövqeyini ifadə edirdi. Yaradılan erməni batalyonunun döyüşçüləri Azərbaycanda olduğu kimi illərlə sığındıqları Gürcüstan və gürcü xalqını başlıca hədəf seçdi. Əsasən etnik ermənilərdən formalaşdırılan bu batalyon Sovet İttifaqı marşalı İvan Baqramyanın adını aldı. Batalyon abxaziyadakı gürcülərin kütləvi şəkildə deportasiyası və sivil gürcü əhalisinə qarşı aparılan soyqırımlarda xüsusi qəddarlığı ilə seçilib.

Gürcüstanın tarixinə nəzər salsaq, onun erməni məsələsində qonşu Azərbaycanla ortaq, dərin problemli cəhətlərini görərik. Ermənilərdən fərqli olaraq bölgənin hər iki xalqı tarixən Cənubi Qafqazın yerli sakinləri olub. Ermənilər XIX əsrdə hansı şəkildə Azərbaycanın İrəvan-Naxçıvan-Qarabağ sektorlarında məskunlaşdırılırdısa, Gürcüstanda da Cavaxetiyadan tutmuş, Abxaziyaya kimi ərazilərdə yerləşdirilirdi.

Belə ki, Gürcüstanın tarixi Abxaziya bölgəsində ilk erməni icmaları XIX əsrdə ortaya çıxıb. Bu dövrdə də Çar Rusiyası Abxaziya istiqamətində təcavüzkar siyasət aparırdı. Nəticədə, XIX əsrin 60-70-ci illərində abxazlar kütləvi şəkildə öz bölgələrini tərk etməyə başladılar. Tədricən rus çarları onların yerinə özlərinə sadiq millətlər yerləşdirməyə başladı. Beləliklə, mühüm bölgələr ermənilər tərəfindən ələ keçirilməyə başlandı. XX əsrdə isə erməni miqrasiyası daha da gücləndi. 1926-cı il əhalinin siyahıya alınmasında, cəmi 25 min erməni göstərilirdisə, 1959-cu ildə onların sayı 64 minə çatdı. 1989-cu ildə daha da artaraq regionda ermənilərin sayı 76 minə çatdı. Gürcülərdən (239 min) və abxazlardan (93 min) sonra, muxtar respublikada üçüncü çoxluğu erməni diasporu təşkil edirdi.

Bu gün ermənilər 1915-ci il hadisələri zamanı, abxazlara onlara sığınacaq verdikləri üçün dərin minnətdarlıq edir və Ermənistandan sonra bu bölgəni “növbəti vətən” hesab edirlər. Lakin bir dəfə də olsun XIX əsrdə yerli abxazların zorla çıxarılmasından sonra onların evlərində məskunlaşdıqlarını bildirmirlər. Erməni riyakarlığı bu fonda özünü açıq şəkildə göstərir. Hazırda separatçı Abxaz bölgələrində erməni icmasının abxazları tədricən sıxışdırmasını da görürük. Nəticədə abxazlar Qafqaz xalqlarına yaraşmayan, etdikləri erməni dostluğuna görə, gələcəkdə böyük əziyyətlər çəkəcək. Necə ki, qonşu Gürcüstan bunun bədəlini Qaqra, Kamani, Suxumi, Qali və Ocamçır bölgələrində gürcülərin deportasiyası və soyqırımları ilə ödədi.

SSRİ-nin dağılmasından sonra, yenicə yaranan müstəqil dövlətlərin, asanlıqla Qərb tərəfindən ram edilməsinin qarşısını almaq üçün, həmin respublikalar daxilində çoxdan formalaşdırılan “ocaq”lar yandırıldı. XX əsr Qafqaz strategiyası klassik “parçala və hökm sür” imperial siyasəti üzərində quruldu. Azərbaycanda erməni, Gürcüstanda isə abxaz və osetin regionlarından istifadə edilməyə başlandı. Moskva üçün Abxaziya ən effektiv silah halına gəldi. Kreml Gürcüstana qarşı abxazlar, o cümlədən bölgədə yaşayan digər etnik qrupların da birgə müttəfiqliyinin təmin edilməsini planlaşdırırdı. Bu baxımdan, bölgənin ən böyük icmasını ermənilər təmsil edirdi.

80-ci illərin sonlarında Abxaziya bölgəsində iki böyük erməni təşkilatı yaradıldı. Mədəni-xeyriyyə cəmiyyəti adı altında formalaşdırılan Krunk Suxumidə, Maştots adlı təşkilat isə Qaqrada gərgin fəaliyyətə başladı. Erməni icması 1990-cı ildə Krunkun təsis qurultayı keçirdi. Abxaziyanın bütün bölgələrindən 350 nümayəndə və Sovet İttifaqının digər respublikalarından 150 qonaq dəvət edildi. Başlanğıcda, gürcülər Krunkun əhəmiyyətini lazımınca dəyərləndirmədi.

Albert Topolyanın başçılıq etdiyi Krunk 1980-cı illərin sonundan etibarən 2004-cü ilə kimi Abxaziyada mədəni-xeyriyyə cəmiyyəti kimi tanıdılıb. Təşkilat Suxumi və Abxaziya bölgəsinin şərqində erməni maraqlarını təmsil edən əsas təşkilata çevrilib. Təşkilat gizli fəaliyyətini 1990-cı il yanvarın 27-də təsis qurultayı keçirməklə sonlandırıb. 21 fevral 1991-ci ildə Soyuz blokunun ictimai-siyasi təşkilatlarının qurucu üzvüdür. Nəticədə, Krunk Abxaziyada ümumerməni icmasının yaradılması üçün, 15 aprel 2004-cü ildə Erməni mədəniyyət mərkəzi və Maştots cəmiyyəti ilə birləşib.

Xatırladım ki, Krunk Gürcüstanda fəaliyyətə başlmazdan öncə, əsas mərkəzini Qarabağda qurub. Təşkilatın Sumqayıt hadisələrində məxfi təxribatçı iştirakı isə indi hər kəsə məlumdur. 1987-ci ildə Ermənistan Respublikası və DQMV-nin partiya rəhbərlərinin köməyi ilə Xankəndində erməni gizli təşkilatı – Dağlıq Qarabağ İnqilabi İdarəetmə Komitəsi (Komitet Revolyusionnoqo Upravleniya Naqornoqo Karabaxa – KRUNK – erməni dilində “durna”) adlı təşkilat yaradıldı. Qarabağ separatçılarının ilk lideri elektrotexnika zavodunun direktoru Albert Seyranyanın ölümündən sonra, Krunkun rəhbərliyinə Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov gətirildi. Təşkilatın yaradılması rəsmi olaraq 1 mart 1988-ci ildə elan edilib. Elə həmin dövrdə Manuçaov bildirirdi: “Biz məcbur edəcəyik ki, bizə atəş açsınlar!”

Manuçarovun ifadəsi yalnız Azərbaycana deyil, Gürcüstana da ünvanlanmışdı. Krunkun Qarabağdakı effektiv fəaliyyəti, Ermənistan rəhbərliyinin təşkilatın yeni şöbələrinin açılmasını tezləşdirməsinə səbəb oldu. Ermənistan həm Qarabağda Azərbaycanla, həm də ikinci cəbhə kimi Cavaxetiyada Gürcüstana qarşı döyüşə bilməyəcəyini yaxşı anladığından gürcülərə qarşı fərqli istiqamətdən həmlə etməyə başladı. Gürcüstanın aşağıdan (Cavaxetiya) yuxarıya (Abxaziya) deyil, yuxarıdan aşağıya parçalanmasını planlaşdıran Ermənistan rəhbərliyi dolayı yolla ikinci cəbhəni açmış oldu. Bu cəbhə gələcəkdə Cavaxetiya ermənilərinin Ermənistana birləşdirilməsi üçün zəmin hazırlamalı idi. Abxaziyada yaşayan ermənilərin fonunda gürcü erməni münasibətlərinin pisləşməsi, nəticədə Cavaxetiyada da erməni həmrəyliyini gücləndirməli idi.

Strateji baxımdan Ermənistana böyük əhəmiyyət kəsb edən bu planın icrası üçün yuxarıda qeyd edildiyi kimi, Gürcüstanın Abxaziya bölgəsində yaşayan erməni vətəndaşları arasında üzdə mədəniyyət və təhsil fəaliyyətlərinin həyata keçirilməsindən ötrü təxribatçı təşkilatlar formalaşdırılırdı. Yaradılan Krunk və Maştots təşkilat şöbələri hər ehtimala qarşı iki fərqli istiqamət seçdi. Birinci istiqamət olan, Albert Topolyanın başçılıq etdiyi Krunk təşkilatı, separatçı Abxaz rejiminin siyasi həyatında daha fəal iştirak etməyə başladı. Təşkilatın Qarabağda olduğu kimi, separatçı Abxaziya Ali Sovetinin təşkil edilməsində nümayəndələri vardı. Kurunk və onun rəhbəri Topolyan Abxaz yönlü, separatçı Vladislav Ardzinba tərafdarı idi.

Krunkdan fərqli olaraq, Arsen Çakıryan rəhbərliyində Qaqradakı erməni təşkilatı Maştots isə separatçı rejimin siyasi həyatına az müdaxilə edirdi. Araşdırmalara görə, gürcü-abxaz silahlı qarşıdurmasından öncə iki erməni təşkilatının lideri Qaqrada görüşüb. Tapşırığa əsasən, bölgədəki müharibə səbəbilə Kurunk və Maştots tərəfdarları ümumi mövqe göstərməli idi. Albert Topolyanın Krunk təşkilatı erməni əhalisinin abxazlara dəstək verməsini tələb etsə də, Maştots bu cür açıq müxalifətdən imtina edirdi. Əsas mərkəzi Suxumidə olan Krunkdan fəqli olaraq, Qaqra icma rəhbərliyinin Maştots təşkilatı hərbi qarşıdurmada tərəflərin heç birinin yanında iştirak etməyəcəklərini, yalnız erməni diasporunun maraqlarını qoruyacağını bildirdi.

Bu baxımdan Krunk birbaşa açıq təbliğat aparırdısa, Maştots bunu gizli edir, gürcülərlə gələcəkdə münasibətlərin düzəlməsi fonunda müəyyən qədər yer qoyurdu. Təşkilatlar arasında qarşıdurmanın yaranması isə mövqe münasibəti deyil, Albert Topolyanın bütün icamaya rəhbərliyi ələ almaq istəməsində idi. Qaqra icması 10 min insanı ətrafında biləşdirməklə, görünüşdə mədəni və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərirdi. Hətta özünü pərdələmək məqsədilə müxtəlif proqramlarla Ermənistan Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edirdi. Buna baxmayaraq, Maştots da Krunkla yanaşı, Baqramyan batalyonun silahlanmasına və döyüşçü toplanmasına yardım edib. Hətta Ermənistanın Eçmiədzin kafedralından orduya keşiş göndərilməsini təmin edib.

Abxaziya muxtariyyəti dövründə, ali sovet tərkibində erməni fraksiyasına nəzər salsaq, onlar həmişə gürcülərə qarşı radikal olub. Kurunku güc halına gətirməkdə əsas məqsədlərdən biri də regionda gürcülərin yerləşdiyi əraziləri ələ keçirib burada ermənilərin məskunlaşmasını təmin etmək idi. Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı. Amma bunun üçün Topolyan təşkilatda çox da əziyyət çəkmədi. Abxaziya bölgəsində yaşayan erməni əhalisinin gürcülərə qarşı düşüncələrinin pisləşməsi uzun illər öncə, gürcü-abxaz silahlı qarşıdurması başlamazdan öncə planlaşdırılıb. Həqiqətən ermənilərin gürcülərə qarşı nifrəti düşünülmüş planın tərkib hissəsi idi.

Baqramyan erməni batalyonunun komandiri Vağarşak Kosyan verdiyi müsahibədə məsələni bu şəkildə etiraf edir: “Ermənilər Abxaziyanın mövqeyini tutdu. Yəni bizim öncədən onlarla çox yaxşı əlaqələrimiz vardı. Türklər əcdadlarımızı öldürür, yoxsullaşanlar qaçırdı. Belə bir vəziyyətdə abxazlar bizi qəbul etdi. Belə ki, onların bizi hərarətlə qarşıladığını gələcək nəsillərə demək lazımdır. Hər hansı bir vasitə ilə gürcülər erməniləri Abxaziyadan xaric etməyə çalışırdı. Ermənilərin öldürülməsi, hətta dənizə atılması halları vardı. Müharibədən öncə bu əlaqələr bizim icma tərəfindən həyata keçirilən çox yaxşı təbliğat proqramı ilə hərtərəfli izah olunurdu. Buna görə də, Abxaziyda ermənilər digər mövqedə dura bilmədi. Əks halda bu, mənəvi baxımdan mümkün ola bilməzdi. Ermənilər abxazlara dəstək verdi və onlarla birgə işğalçılara qarşı mübarizə apardı. Müxtəlif ölkələrdə yaşayan ermənilər də eyni mövqedən çıxış edirdi: siz bu torpaqlarda yaşayırsızsa, onda siz onu qorumalı və onun xalqı ilə bütün problemləri yaşamağa borclusunuz. Biz Abxaziyanın çətin zamanında onun yanında dayandıq”.

Separatçı qurumun “xarici işlər naziri” Sergey Şamba da Krunkun fəaliyyətini, apardığı təbliğat platformasının gürcülərə qarşı yerli ermənilərdə əks düşüncələr yaratdığını bildirirdi: “Sovet dövründə Tiflisdən Abxaziya üçün tipik müstəmləkə xarakterli siyasət aparılırdı. Biz həqiqətən müstəmləkədə yaşayırdıq. Belə olan halda erməni əhalisi Abxaziyada özünü qərib hesab edirdi. Tiflisin düşüncələrinə görə, ermənilər, o cümlədən abxazlar onların torpaqlarında yaşamamalı idi. Bu torpağın sahibləri yalnız gürcülər sayılırdı. Bu vəziyyətdə, Albert Topolyanın rəhbərlik etdiyi Krunk təşkilatı ortaya çıxdı. Bu təşkilat anti-gürcü mövqeyi tutdu və ermənilərə təbliğatla izah edirdi ki, Abxaziya abxazlar kimi onların da vətənidir. Müharibə başlayanda bir çox ermənilər vətəni müdafiə etmək üçün silahlandı”.

Təşkilat liderləri oxşar təşkilatlar və erməni diasporu ilə çox sıx koordinasiya ilə fəaliyyət göstərirdi. Yuxarıda qeyd edildiyi kimi, təşkilat Qarabağdakı bənzər instansiya ilə çıxış edirdi. Qarabağdakı Krunk təşkilatı məqsədinin rəsmən regionun tarixi, onun Ermənistan ilə əlaqələrini öyrənmək, eləcə də, tarixi abidələri bərpa etmək olduğunu bəyan etsə də, əslində, silahlı dəstələr yaratmaq, kütləvi etirazlar və tətillər təşkil etmək ilə məşğul idi. Britaniyalı jurnalist və yazar Tomas de Vaal öz kitabında qeyd edir: “Krunk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı”.

Abxaziyada yaradılan Krunkun Qarabağla əlaqələrinə baxdıqda təşkilatlarda dil, mədəniyyət, ekologiya və tarixi məsələlərin “işləndiyini” görərik. Əslində, təşkilatlar silahlanaraq, Azərbaycan və Gürcüstanda sabitliyin pozulmasına xidmət edib. Təsadüfi deyil ki, Qarabağdakı Krunkun ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin partkkomu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan idi. S.Şaumyan adına şəhər stadionunun direktoru Ramzik Petrosyan isə “xalq drujinalar”ının təşkil olunması ilə məşğul olurdu. Drujinaların ilk fəaliyyətlərindən biri Xankəndində yaşayan azərbaycanlıların qovulması və onların əmlakının talan edilməsi olub. Daha sonra isə Ramzik Petrosyan “Qarabağ özünümüdafiə qüvvələri” adlanan erməni silahlı dəstələrinin komandirlərindən biri olur.

Birbaş Ermənistana bağlı təşkilat kimi Abxaziyadakı Krunk şöbəsi də bu cür fəaliyyətdə idi. Ermənistanın Azərbaycanla müharibə aparmasına baxmayaraq, erməni rəsmiləri, milli düşüncəli erməni siyasi partiyaları Krunkun fəaliyyətinə dəstək verirdilər. Abxaziyada Krunkun erməni Baqramyan batalyonunun formalaşması, ermənilərin Abxaz separatçı mövqeyində toplanması, onun “mədəni-xeyriyyə” cəmiyyəti kimi hansı fəaliyyətləri göstərdiyini aşkar edir.

Artıq Qarabağda müharibənin başlaması ilə erməni təşkilatları yardım dəstəyi toplanmasına başladı. Onlar Azərbaycana qarşı erməni diasporunun vasitəçiliyi ilə silahlar əldə edirdi. Məlumatlara görə, Abxaziyada yerləşən erməni təşkilatları bir müddət Qarabağda azərbaycanlılara qarşı erməni döyüşçülərin toplanması ilə məşğul olub. Azərbaycanla yanaşı Gürcüstanda da son dərəcə gərgin siyasi vəziyyət yaranmışdı. Abxaz separatçılarının müstəqillik ideyaları ilk qanın tökülməsinə səbəb oldu. 1989-cu ilin iyul ayında baş verən qarşıdurmalar zamanı gürcülər və abxazlar arasında onlarla insan öldü. Abxaziyada yaşayan ermənilər isə öz mövqelərini gözləyirdi. Ermənilərə aydın idi ki, gürcülər və abxazlar arasında baş verən hadisələr tezliklə müharibəyə çevriləcək. Bu baxımdan Krunk müharibəyə hazır idi. Topolyanın təşkilatı abxaz separatçı siyasətini tam dəstəkləyirdi.

Bir vaxtlar “mədəniyyət və təhsil təşkilatı” olan Maştots da iç üzünü açaraq, gizli hərbi təşkilata çevrildi. Qaqranın bütün küçələrinə, ermənilərin yaşadığı sıx yerlərə məsul şəxslər təyin edildi. Bu şəxslər rayonun bütün əli silah tuta bilən şəxslərinə nəzarət etməli idi. Ehtiyac vəziyyətində həyəcan verilməli və toplaşmaq üçün öncədən yerlər müəyyən edilməliydi. Belə bir quruluş ekstremal vəziyyətdə təşkilat üzvlərini sürətlə səfərbər etməli idi. Qarabağdakı Krunkun “xalq drujinaları” modelini əsas götürən ermənilərin məqsədi Qaqrada şəhərin ümumi rəhbərliyini ələ almaq, nəticədə gürcüləri şəhərdən sıxışdırıb çıxarmaq idi. Ermənilər müharibə dövründə nəinki gürcüləri şəhərdən çıxardı, hətta bütün Abxaziyadan uzaqlaşdırdı. Hazırda Ermənistan Krunkun vahid koordinasiya apardığını ciddi cəhdlə inkar edir və Ermənistanın qonşu Gürcüstana xəyanət etmədiyini vurğulayır.

Lakin bir sıra araşdırmalar apardıqda məlum oldu ki, 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) ilə əlaqələr yaradıb, öz növbəsində Daşnaksütyun da strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. Maştotsun Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən hansı gizli əməliyyatlar aparması isə Gürcüstana tam məlumdur. Yaradılan Baqramyan batalyonuna Eçmiədzindən xüsusi xeyir-dua ilə keşiş göndərilməsi də yəqin ki, gürcülərə xidmət deyildi. Abxaziyadan Qarabağa, daha sonra, əksinə, Qarabağdan erməni döyüşçülərin Abxaziyaya göndərilməsi Ermənistanın bölgədə hansı strategiyanı tutduğunu tam müəyyən edir.

Vaxtilə Azərbaycanda terror-təxribat əməliyyatları ilə yadda qalan Krunk təşkilatının ölkəmizdən xeyli aralı yerləşən Abxaziya bölgəsində şöbələr açması isə bizi təəccübləndirməməlidir. Ermənistan Respublikası, ümumerməni diasporu və Daşnaksütyunun həyata keçirdiyi “Krunk layihəsi” göründüyü kimi, yalnız Azərbaycanı deyil, qonşu Gürcüstanı da hədəf seçib. Bu baxımdan, Krunk həmin illərdə Ermənistan Respublikasının Cənubi Qafqaz strategiyasının əsas silahı kimi nəzərədən keçirilməlidir.

cavax-2

cavax-3

cavax-4

(Davamı var)

Şahin Qocayev
axar.az