iranli turist-2Regional siyasi-iqtisadi məsələlər prizmasında Azərbaycan Respublikasının milli maraqları daim Regional Sabitlik və Təhlükəsizlik ictimai birliyinin maraq dairəsində olmuşdur. Bunun üçün fəaliyyət göstərdiyi layihə çərçivəsində Azərbaycanın regionda maraqlarını, Ermənistanın Azərbaycana qarşı apardığı işğal və separatizm siyasətini, xüsusən Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında Ermənistanın bütün fəaliyyətini diqqət altında saxlayan RST ekspertləri bu istiqamətdə böyük uğurlar qazanmışdır. Görülən işlər və aparılmış analizlərin nəticələri KİV-də sürətlə yayılaraq  Ermənistana qarşı informasiya müharibəsinin bir hissəsini təşkil etdiyi qənaətindəyik.  Belə ki, toxunduğumuz regional aktual mövzular oxucuların böyük marağına səbəb olur və bunu bizə müxtəlif əlaqə vasitələri ilə çatdırmağa çalışırlar. Bu günlərdə rst.az saytının e-mail ünvanına Rəşad Məmmədov adlı bir vətəndşdan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla burada yaşayan azərbaycanlıların münasibətindən bəhs edən bir məktub göndərilib. Öz məktubunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycana, azərbaycançılığa olan sevgisindən bəhs edən oxucu, daha sonra həmvətənlərimizin özlərinə doğma hesab etdikləri ölkəmizə səfərə gəldikləri zamanı üzləşdiyi problemləri gündəmə gətirir. Cənubi azərbaycanlıların problemlərindən ürək ağrısı ilə danışan Rəşad Məmmədovun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.

Biz bizdən nə istəyirik?…… Atalarımız “ağacı öz içindəki qurd yeyər” deyiblər. Açığı içimdəki “mən” cismimi bitirməmiş, məni incidən məsələləri siz oxucuların diqqətinə çatdırmaq niyyətindəyəm. Heç kimə sirr deyil ki, “fars” rejimi altında əzab-əziyyət çəkən həmvətənlərimiz onlara qarşı təzyiqlərə baxmadan Azərbaycan və azərbaycançılıq uğrunda mübarizə apardığını, tez-tez nümayişlər edərək Azərbaycana dəstək olmalarını, demək olar ki, Cənubi Azərbaycanda milli hərəkatın simvoluna çevrilmiş Təbrizin “Traktorsazi” futbol komandasının oyunları zamanı milli şüarlar səsləndirməsini izləyərkən, onlarda olan milli ruhu təsəvvür etmək çətin deyil. Bundan başqa güneyli soydaşlarımızın hər zaman olmasa da, milli bayramlar ərəfəsində şəhərimizə üz tutub, dini dinindən, qanı qanından olan bizlərin yanında istrahət etməyə daha çox üstünlük vermələri, ya da buraya gəlib sərbəst yaşamaq, bizneslə məşğul olmaq istəkləri də bizimlə birlik olmalarının bariz nümunəsidir. Öz növbəsində bütün bunlar milli həmrəylik və tarixin bağların bərpa olunması baxımından böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, biz azad, demokratik ölkədə yaşasaqda heç də hər zaman həmvətənlərimizin ümüdlərini doğrultmur, əksinə qardaş evinə böyük ümüdlərlə gələn soydaşlarımız isti münasibət əvəzinə yad nəzərlərlə qarşılayırıq. Nəticədə maddiyyatı hər şeydən üstün tutan, mənliyə, milli düşüncəyə malik olmayan, bilərəkdən və ya Azərbaycan, millət anlayışını dərk etməyən “bizlərin” sayəsində həmvətənlərimiz arasında mənfi fikirlərin, milli incikliyin yaranması halları çoxalır. Bunun nəticəsidir ki, Bakıya üz tutan güneyli soydaşlarımız döndükdən sonra bir daha geri qayıtmaq istəmir, istrahət üçün Türkiyəyə, Gürcüstana hətta bəzi hallarda Ermənistana da yollanırlar. Şikayətləri isə Astara, Biləsuvar gömrük məntəqələrindən qarşılaşdıqları bəzi məmurlardan tutmuş, Bakıya və ya digər regionlara çatana qədər rastlaşdıqları taksi sürücüləri, ev kirayəsi ilə məşğul olan rieltorlardandır. Gömrük məntəqəsindəki xoşagəlməz hallar, gömrükdən paytaxta qədər dar düşüncəli taksi sürücülərinin artıq pul qazanmaq üçün müştəriləri bacardıqca çox soymaq niyyəti, əmlakçıların standartlara uyğun olmayaraq istədikləri qiymətin diktə etməsi halları o qədər artıb ki, hətta Azərbaycan həsrətilə yanıb alışan güneyli qardaşlarımız incikliklərini sosial şəbəkə səhifələrində paylaşırlar. Yox əslində fikrim onlara, fars əsarətində olan həmvətənlərimizə haqq qazandırmaq deyil. Qardaş qardaşdan gərək inciməsin, incisə də bunu gərək yada biruzə verməsin. Ancaq vətən sevgisini, millətçiliyi, bir olmaq istəyini əsas gətirib qürbətdə yaşayan qardaşlarımızı mühakimə etməyək, özümüzdən uzaqlaşdırmayaq. Maraqlıdır niyə qapımıza gələn qardaşımızı incidirik, qonağımıza üz döndəririk? Axı biz belə millət deyilik. Dunya bizim qonaqpərvərliyimizə, bizdə olan mədəniyyətə qiptə edir, bir olmağımızdan qorxur, çəkinir. Belə halda bəs niyə bir özümüzdən olanı yadlaşdırırıq? Məqsəd nədir? Bəs günahkar kimdir? Sən? Mən? Yoxsa O? Əslində günahkar sənli, mənli biz hamımızıq. Niyə? Çünki yeri gəldi-gəlmədi azacıq pul qazanmaq üçün ictimai nəzarət tələb edir, özümüzü oda-közə vururuq. Ancaq iş Azərbaycana, azərbaycançılığa gəldimi “tək əldən səs çıxmaz” deyib məsələnin üstündən ötürük… Odur ki, gəlin həmvətənlərimizə olmazın çətinlikləri yaradaraq içlərindəki Vətən sevgisini öldürənləri birlikdə maarifləndirək, bizi bizdən ayırmağa qoymayaq. Son sözüm isə gömrük məntəqələrində çalışan bəzi məmurlara, bizi mənzil başına çatdıran taksi sürücülərinə, əmlakçılara və nəhayət qardaşı qardaşdan ayırmağa çalışan “biz”lərədir. Biz bizdən nə istəyirik?……

Hörmətlə Rəşad Məmmədov