samvel-1Ermənistan hakimiyyəti Dağlıq Qarabağda ordunun S. Babayanın tərəfinə keçəçəyindən narahatdır

Samvel Babayanın iyun ayının 5-də Xankəndinə səfər etməsi və orada jurnalistlərə müsahibəsində erməni xalqının yanında olacağını və ordudakı bütün problemləri həll edəcəyini bildirməsinin ardından Babayanın yenidən “müdafiə naziri” olmasını tələb edən insanların Bako Saakyanın evinə yürüş etməsi ciddi məsələlərdən xəbər verir. Bu barədə Ermənistan mətbuatında xəbərlər yer alıb. Belə ki, Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətinin S. Babayanı dəstəklədikəri və bunu açıq aşkar bildirdikləri bildirilir. Hərbi hissələrdə baş verəcək qiyam ehtimalına qarşı Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmin günlərdə Qarabağa səfər edib, hərbi hissələrdə görüşlər keçirib. Görüşlərdə hər zaman sakitliyini qoruyub saxlamağa çalışan Ohanyanın son səfərdə hərbiçilər ilə aqressiya və təhqiramiz ifadələrlə danışdığı bildirilir.

Dağlıq Qarabağda məskunlaşmış əhalinin və ordunun S. Babayanı dəstəkləməsi Ermənistan rəhbərliyinin ciddi narahatlığına səbəb olub. S. Babayanın hərbçilər arasında nüfuzu və əlaqələrindən istifadə edərək çevriliş edəcəyindən ehtiyat edən hakimiyyət onu Qarabağdan uzaqlaşdırmağın yollarını axtarır. Babayanın bir nömrəli müdafiəçisi və onun “müdafiə naziri” olmasını tələb edən “Milli dirçəliş” partiyasının rəhbəri H. Xanumyanın döyülərək ortadan çıxarılması da buna hesablanmış addımdır. Xəbərdə bildirilir ki, bu günlərdə Dağlıq Qarabağda S. Babayanın iştirakı ilə mühüm dəyişikliklərin olacağı, ya da onun köhnə ittihamlarla həbs olunacağı və ya ölkədən çıxarılacağı gözlənilir.

Ermənistan mətbuatı nazir Seyran Ohanyanın Qarabağda hərbi hissələrdə olarkən davranışını nəzarətin əldən çıxdığı orduda vəziyyəti düzəlməyə çalışan nazirin təlaşı adlandırıb.