Шуша_с-з_часть_крепостиQarabağ vilayətinin ətrafı bir qədər asayiş tapıb Xəmsə məlikləri sakit olmağa başlayınca, baş qaldıran elatın bəzisi öz meyi və rəğbətlərilə, bəzisi də zorla mərhum Pənah xana itaət etdilər. Mərhum Pənah xan İranda olan qarışıqlığı eşitdiyi zaman, onun işıqlı ürəyinin aynasına belə bir fikir əks etdi ki, Gəncə, Qarabağ, Ərdəbil və Naxçıvan hakimlərini öz hökmranlığı altına alsın.

Az bir zaman içərisində, bəzilərini qol gücü ilə, bəzilərini də elçilər göndərmək və cürbəcür mehribanlıqlarla itaətə gətirib, özünə tabe etdi. Sarıcalı Dərgah bəyi Ərdəbil şəhərinə hökumət işlərini idarə etmək üçün təyin etdi. Gəncə xanzadələrinə qulluq vərmək və onları qulluqdan çıxartmaq da Pənah xanın əmrilə olurdu. Bir qayda olaraq, adları çəkilən vilayətlərdəki xanların övladından bir neçə nəfəri həmişə Şah bulağı qalasında girov olaraq saxlanırdı.

Bir müddət keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq, Azərbaycan və Mazandaran hüdudlarında istiqlaliyyət qazandı. Bu xəbər mərhum Pənah xana çatıncaya qədər yuxarıdakı qayda davam etdi.

Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: «Nadir şah öldürüləndən sonra, Əliqulu xan və Əmir Aslan sərdarla aramızda dostluq əlaqəsi və məhəbbət rabitəsi möhkəm idi. İndi ola bilər ki, Qacar Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşmənçilik yolunu tutsun. Ətraf xanlarından da xətircəmlik yoxdur və bu dövlətlə ürəkdən düşmən olan çoxdur. Ola bilər ki, Məhəmmədhəsən xanı təbrik etsinlər və ona qoşulub bizimlə müharibəyə girişsinlər. Ola bilsin ki. Qarabağın rəiyyət və elatı düşmən qoşunu atlarının ayaqları altında məhv olsun. Şah bulağı qalasının müdafîəyə tab və taqəti olmasın. Belə olan surətdə «hər bir hadisənin çarəsi qabaqcadan düşünülməlidir» misrasının məzmununca əqlə və vaxtın tələbinə münasib xətt-hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb onlara şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayın olaq».

Yuxarıda işarə olunduğu kimi Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyilə, Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. Ġmtahan üçün bir neçə quyu qazdılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə Şuşa şəhərinin binasını qoydular.

Şah bulağında sakin olanları, bir para kənd əhalisini götürüb buraya gətirdilər. Hər bir kəsə yurd və yer verib xalqı sakin etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarların hasarı, bəzi yerlərdə, indi də durur. Bu şəhərin bina edilməsindən bir il keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar Astarabad, Mazandaran və Gilan vilayətlərindən daşların sayından çox və yağışın qətrələrindən artıq qaniçən qoşun topladı. Şuşa şəhərini almaq məqsədilə hərəkət etdi.

Şuşa qalasına yaxınlaşıb Xatun arxında dayandı. O, bir çox tədbirlər gördü və hiylələr işlətdi ki, bəlkə bu vasitə ilə Pənah xanı itaət toruna salıb Qarabağ ovlağının ovçusu olsun. Lakin şahin ovlayan o qızılquşu (Pənah xanı) hiylə toruna salıb əsir edə bilmədi. Qarabağın igidləri onun qoşununa çox ağır zərər yetirirdilər…

Mirzə Adıgözəl bəy «Qarabağnamə». Bakı, 1950

1905.az