s-1Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışmış, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə etmişdir. Ermənistan rəhbərliyi bütün sülh təşəbbüslərini bloklayır, sülh istəmir və mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir. ATƏT Minsk qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmamışdır.

Müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrə məhz Ermənistanın təxribat əməlləri nəticəsində iflasa uğramışdır.

1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.

Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmışdır. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan etmiş, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunmuşdur.

Bundan əvvəl – 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış etmiş, bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər etmişdir. 2016-cı il martın 10-da isə S.Sarkisyan Moskvaya dəvət olunmuş və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılmışdır. Həmçinin, bu günlərdə Bakıya səfəri nəzərdə tutulmuş Rusiya xarici işlər naziri Sergey Lavrovla da münaqişənin həlli ilə bağlı müzakirələr aparılacağı gözlənilir.

Fransa Prezidenti Fransua Oland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

Göründüyü kimi, ATƏT Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır.

Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında məhz bu amil durur.

Bunun təsdiqi olaraq həm də onu göstərmək olar ki, Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq əks-həmlə əməliyyatını və cavab tədbirlərini aprelin 3-dən birtərəfli qaydada dayandırdığını bəyan etmişdir. Ermənistan tərəfi isə, əksinə, hərbi əməliyyatların intensivlini artırmağa və ciddi cəhdlə qarşıdurmanı davam etdirilməsinə çalışır.

sia.az