05Bakıda 14 sentyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda toplantı keçirilib. Toplantıda Bakının işğaldan azad edilməsi (1918) günü ilə bağlı Nuri Paşa və Qafqaz İslam Ordusu ilə bağlı yeni və maraqlı faktlar  açıqlanıb. Azərbaycan və Türkiyə araşdırmaçılarının da iştirak etdiyi tədbirdə həmçinin türkiyəli araşdırmaçı Atilla Oralın müəllifi olduğu “Nuri Killigil” kitabının təqdimatı olub.

Tədbiri çıxış sözü ilə açan araşdırmaçı jurnalist Akif Aşırlı Azərbaycanın müstəqillik qazanmasında Qafqaz İslam Ordusunun, onun komandanı Nuri Paşanın misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, araşdırmaçı Atilla Oralın bu kitabı Türkiyədə o qədər də tanınmayan Nuri Paşanın xatirəsinə böyük bir hədiyyədir.

Kitabın müəllifi Atilla Oral Azərbaycanda Nuri Paşa və Qafqaz İslam Ordusuna göstərilən sevgi və sayğıdan məmnun olduğunu dilə gətirib. O, bildirib ki, bu yöndə araşdırmalarını davam etdirəcək və növbəti bölümlərdə Nuri Paşanın Azərbaycanla bağlı həyatına daha çox yer verəcək. VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, Azərbaycan paytaxtında Nuri Paşaya hələ də abidə qoyulmadığını bildirib.

Cümhuriyyət tarixinin araşdırıcısı professor Anar İsgəndərov Osmanlı dövlətinin ən ağır dönəmində Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını Allahın xalqımıza bir lütfü kimi qiymətləndirib. ATXƏM sədri İlham İsmayılov Atilla Oralın hazırladığı kitabı yüksək qiymətləndirərək bu cür insanların fəaliyyətinin dəstəklənməsinin zəruri olduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da Qafqaz İslam Ordusu barədə silsilə tədbirlər keçirəcəyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva Atilla Oralı Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onun yazdığı kitabını Türkiyə və Azərbaycan insanının Nuri Paşanı daha geniş tanıması baxımından dəyərli mənbə kimi qiymətləndirib. Q.Paşayeva bir müddət əvvəl İstanbulda Akif Aşırlı ilə birlikdə Nuri Paşanın məzarını necə tapdıqları haqda məlumat verib. Qeyd edib ki, əvvəl o qədər də baxımlı şəraitdə olmayan məzarın üstü Türkiyənin bəzi qurum və şəxsləri tərəfindən abadlaşdırılıb. Yaxın vaxtlarda açılışı olacaq: “Bu addımlarla, Nuru Paşa ilə yanaşı yüzlərlə şəhidimizin də ruhu şad olacaq! Nuru Paşanın müəmmalı partlayışa qurban getməsi, o partlayışın törədilməsində ermənilərin əlinin olmasına dair şübhələr cavabını gözləyən suallardır. Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur”.

Qeyd edək ki sentyabrın 15-də saat 18.00-da Kitabevim.az-da türkiyəli araşdırmaçı Atilla Oralın müəllifi olduğu “Nuri Killigil” kitabının imzalanması mərasimi  keçiriləcək.02

03 04 05