Aydın MirzəzadəErmənistan rəhbərliyi ictimaiyyətin diqqətini ölkə daxilindəki problemlərdən cəbhə xəttinə yönəltməyə çalışır. Bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Əvvəllər də təmas xəttində belə gərginliklərin yaradıldığını deyən A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistan Prezidenti orada saya alınmadı, onunla hər hansı görüş təşkil edilmədi: “Ermənistan artıq dünya üçün maraqsız bir regiondur. Bu baxımdan onlar bu cür ciddi provokasiyaya getdilər. Ancaq həmişəki kimi provokasiyanın əsk-sədası, ağırlığı Ermənistanın özünə dəydi. Dünən, bu gün döyüşlərdə böyük itkilər verdilər, texnikaları sıradan çıxıb, əsgərlər və zabitlər mövqelərini qoyub qaçırlar. Bir sözlə, onlar bu saatlarda apardıqları siyasətin acı nəticələrini dadırlar”.

A.Mirzəzadə deyib ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Onun sözlərinə görə, Ermənistanın dövlətçilik siyasəti, indiki iqtidarın fəlsəfəsi qonşu dövlətin torpağına iddia etmək, vəziyyəti gərginlikdə saxlamaqdır: “Çünki onların əsas gəlirlərini xarici erməni diaspor təşkilatlarından və xarici dövlətlərdən məhz bu situasiyaya görə alınan yardım və qrantlar təşkil edir. Bu səbəbdən də vaxtaşırı təmas xəttində provokasiyalara gedərək ictimaiyyətin diqqətini Ermənistanın daxilindəki problemlərdən cəbhə xəttinə yönəltməyə çalışırlar”.

Deputat qeyd edib ki, bu situasiya ilk növbədə Ermənistanın özünün mənafeyinə ciddi şəkildə toxunur: “Min ildən sonra qazandıqları təsadüfi dövlətçilik ənənələri ilə gedir, ən əsası isə bu situasiya onların inkişafına, iqtisadiyyatına ciddi zərər vurur. Cəbhə xəttində atəşkəs rejiminin pozulmasına səbəb həmişə Ermənistanın silahlı birləşmələri olub. Onlar provokasiya cəhdləri ilə Azərbaycan Silahlı Qüvvələrinin gücünü yoxlamağa çalışırlar və beynəlxalq ictimaiyyətə yalan informasiya verməyə çalışırlar”.

trend