ohanyanKeçmiş Müdafiə nazirinə məxsus olduğu bilinən şirkətlər yoxlanılır

Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisyan 2016-cı il üçün Ermənistan Müdafiə Nazirliyinin büdcə xərclərinin, eləcə də şirkətlərlə bağlanan müqavilələrin və onların yerinə yetirilmə mərhələlərini yoxlamaq barədə tapşırıq verib.

Ermənistan KİV-də yayılan xəbərə görə, buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ehtiyaclarını qarşılamaq üçün elan etdikləri tenderlərin keçmiş Müdafiə naziri Seyran Ohanyan və yaxın ətrafına məxsus şirkətlər tərəfindən saxta üsullarla udulması barədə kifayət qədər dəlillərin mövcud olmasıdır.

Belə ki, bu günə qədər komissiya tərəfindən aparılmış araşdırmanın nəticəsində məlum olub ki, S. Ohanyana məxsus olan İrəvan şəhəri, Tumanyan küçəsi, ev 21 ünvanında qeydiyyatda olan “Hesperus” QSC Ermənistan ordusunu geyimlə təmin etmək üçün ümumi olaraq 76.728.417 dram (244.710 manat) məbləğində pul vəsaitini mənimsəyərək öhdəliyi yerinə yetirməyib.

Həmçinin S. Ohanayana məxsus olduğu bilinən Xankəndi şəhəri, Xarkov küçəsi, ev 4 ünvanında (“DQR” prezidenti Bako Saakyanın evinin yanında – Xarkov küçəsi, ev 3) qeydiyyatda olan “Eko Plastik” şirkəti Ermənistan Müdafiə nazirliyinin ehtiyacları üçün 19.600.000 dram (71.577 manat) dəyərində “plastik boru” tədarük etməli olduğu halda, həmin məbləğ mənimsənilərək öhdəlik yerinə yetirməyib.

Ermənistan KİV-də qeyd olunan yoxlamanın davam edəcəyi və S. Ohanyanın yaxın günlərdə istintaqa cəlb olunacağı barədə məlumatlar yayılıb.