dagliq-qarabagDağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş  və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı.

Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına – Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru!

Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı.

Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin “Qurultaya məktub”u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi.

XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır. Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır; “Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər”.

Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O, həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur.

Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi.

http://files.preslib.az

1905.az