metsamorMütəxəssislərin xarici ölkələrə mühacirət etdiyi bildirilir

Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması nəticəsində son illərdə burada yaşayan əhali, o cümlədən AES-də faliyyət göstərən mütəxəssislər bölgəni tərk edərək digər ölkələrə köçməyə üstünlük verirlər. Ermənistan KİV-nin yaydığı xəbərə görə, beynəlxalq təşkilatların Metsamor AES barədəki rəyləri və stansiyanın fəaliyyətinin dayandırılması barədə çağırışlarından sonra İranın Buşehr şəhərinə işləmək üçün gedən erməni mütəxəssislərin sayı artıb. Əgər son dövrlərə qədər Metsamor AES-də işləyən mütəxəssislər gizli şəkildə İrana işləməyə gedirdilərsə, ABŞ və Avropa İttifaqının İrana qarşı sanksiyaları aradan qaldırdığından sonra Ermənistanın Metsamor AES-da işləyən mühəndisləri kütləvi şəkildə İrana üz tuturlar. Təkcə son iki ay ərzində 17 nəfər mütəxəssisin Metsamor AES-i tərk edərək İrana getdiyi bildirilir.

Ermənistan KİV-də yayılan xəbərə görə, AES-in mövcud vəziyyətini real qiymətləndirən qətiyyətli mütəxəssislər ailələri və yaxınları ilə bərabər digər ölkələrə mühacirət edirlər. Buna həm stansiyanın qəzalı vəziyyətdə olması və hər an fəlakətin baş verməsi ehtimalı, həm də sızmalar nəticəsində mütəxəssislərin ailələrinin yaşadığı bölgənin ekoloji çirklənməsi səbəb olmuşdur. Nəticədə, boş qalan mütəxəssis vəzifələri bu sahədə təcrübəsi olmayan və işə qazanc mənbəyi kimi baxan ölkə rəhbərliyinin qohumlarının əlində oyuncağa çevrilib, bu da AES-in təhlükə reallığının nə dərəcədə artdığını bir daha göstərir.

Qeyd edək ki, Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. Digər tərəfdən, “Metsamor” AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə  Hamamlı şəhərində (ermənilər tərəfindən dəyişdirilmiş adı Spitak)  baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.