travelgeorgia…XIX əsrin əvvəllərində Çar Rusiyasının xarici siyasəti qarşısında duran ən mühüm məsələlərdən biri Qafqazın ilhaqı ilə bağlı idi. Xüsusilə Qara dəniz hövzəsində möhkəmlənmək üçün Çar Rusiyası ilk növbədə Kartli-Kaxetiya çarlığına son qoymaq niyyətində idi. Bununla bağlı müxtəlif planlar işlənib hazırlandı. Nəhayət, 1783-cü il iyunun 24-də Georgiyevski traktatı ilə (Şimali Qafqaz) Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin “himayəsini” qəbul etdi.   İşğalı davam etdirən rus hökuməti 1801-ci ildə Şərqi Gürcüstanı da ilhaq etdi. Buraya general Lazarevin başçılığı altında ilk erməni ailələri köçürülməyə başlandı.

Belə ki, 1807-1808-ci illərdə Tbilisinin ətrafına və Havlabar mahalına 338 erməni ailəsi (1906 nəfər) köçürülmüşdür. 1809-1811-ci illərdə Qarabağdan Bolnisiyə 428 erməni ailəsi (2140 nəfər) köçürülmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, ermənilərin buraya köçürülməsində general Lazarev fəal rol oynamışdır. Bəhs olunan dövrdə İran və Osmanlı imperiyasından bir neçə min erməni Şəmşəddilə (Loruya), Abxaziyaya köçürüldü. Köçürülən ermənilərin sosial tərkibi əsasən tacir və sənətkarlardan ibarət idi. Çar Rusiyası erməni tacirlərinə hər tərəfli himayədarlıq edirdi. Çünki Rusiya Asiya xammallarını onların vasitəçiliyi ilə alır, rus məmulatlarını isə İran və Türkiyənin geniş bazarına çıxarırdı. Bundan sonra bölgədə maraqları toqquşan Rusiya, İran və Osmanlı imperiyası arasında münasibətlər daha da gərginləşdi. Bu zaman Rusiyanın əsas vəzifəsi cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək idi. Hökumət bu problemi İran və Türkiyə sərhədləri yaxınlığında “ən sadiq” xalqı məskunlaşdırmaqla həll etmək niyyətində idi. Belə ki, onlar cənub sərhədlərini qorumaqla yanaşı, həmçinin dövlətin sərhədlərini qoruyan ordunu saxlamaq üçün istifadə edilən külli miqdarda xərclərdən azad ediləcəkdilər. General Paskeviç 1827-ci il noyabrın 4-də 80 min “malorus kazakları”nın İran sərhədləri yaxınlığına köçürülməsi ilə bağlı təkliflərini baş qərargaha göndərdi. O, hökuməti inandırmağa çalışırdı ki, kazakların buraya köçürülməsi hər bir cəhətdən sərfəlidir. Müntəzəm ordu hissələri yerinə sərhədləri hərbi kazak yaşayış məntəqələri qoruyacaqdı. Onlar yerli əhali arasında rus adət-ənənələrinin, yaşayış tərzinin və təsərrüfatçılığının tətbiq edilməsinə imkan yaradacaqlar ki, bununla da bu əyalətlərin Rusiya ilə birləşdirilməsi mümkün olacaqdır. Belə ki, 1828-ci ildə rus-türk müharibəsində Çar Rusiyasının qalib gəlməsi hərbi kazak qəsəbələrinin Samtsxe-Cavaxetiyaya köçürülməsinin daha məqsədyünlü olması barəsində hökumət qarşısında məsələ qaldırdı. Lakin 80 min “malorus kazakları”nın buraya köçürülməsi bir sıra iqtisadi və digər xarakterli çətinliklərlə əlaqədar idi. Buna görə də çar hökuməti bu böyük plandan imtina etdi. Trialetə və Cavaxetiyaya Türkiyədən ermənilərin köçürülməsinə başlanıldı.

Köçürülməni tam təhlükəsiz şəraitdə həyata keçirmək üçün 1829-cu il dekabrın 3-də general Paskeviç tərəfindən Xüsusi Köçürmə Komitəsi yaradıldı. Komitəyə mülki qubernator Zavilyevski sədrlik edirdi. Komitə Köçürmə Əsasnaməsini işləyib hazırladı. Komitənin ilk hesablamalarına görə Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdı. Tanınmış gürcü alimi Quram Marxuliyanın fikrincə əvvəlcədən müəyyənləşdirilmiş ərazilərə belə sürətlə ermənilərin köçürülməsi Qafqazda ümumrus işinin əsas prioriteti olub regionun etnik mənzərəsini erməni miqrantları hesabına dəyişdirməkdən ibarət idi. Belə ki, bəhs olunan dövrdən erməni əhalisi yerli gürcü əhalisini üstələməyə başlamışdır. Xüsusilə Çar Rusiyası Türkiyə tərəfdən gələn çoxsaylı erməni ailələrini yerli əhali ilə birlikdə Axalkalaki quberniyasında məskunlaşdırmaqda idi. Ermənilərdən fərqli olaraq yerli gürcü əhalisi daha çox balaca talalarda, kəndlərdə yaşayırdılar. Göründüyü kimi, Çarizmin siyasi məqsədi Gürcüstanda etnik rəngarənglik yaratmaq idi…

T.Cəfərov

http://www.uluturk.info