10094950.747316.1909Azərbaycanla Ermənistan arasında gərginliyin başladığı andan bu günə qədər tərəflər arasında aparılan informasiya müharibəsi heç vaxt öz aktuallığını itirməyib. Azərbaycan mətbuatı istər hərbi əməliyyatların aparıldığı zaman, istərsə də atəşkəs dövründə əlində silah tutan əsgərlərimizlə bərabər düşmənlə mübarizə aparıb. Bu mübarizədə daim ermənilərə qalib gəlsək də, təəssüf hissiylə qeyd edilməlidir ki, müxtəlif zamanlarda bəzi qeyri peşəkar jurnalistlərin sayəsində mətbuatımızın ayağının büdrədiyi anlar da olub. Necə ki, bu gün Azərbaycan Respublikasının vətəndaşı, hələlik mətbuata da dəqiq məlum olmayan vəziyyətdə Ermənistan tərəfinə əsir düşmüş Elnur Hüseynzadə barəsində aparılan informasiya müharibəsində olduğu kimi.

Elnur Hüseynzadənin əsir düşməsi barədə xəbər yayıldıqdan sonra bəzi xırda xəbər saytları Elnurun aqibəti barədə dolğun məlumatlar yaymaq əvəzinə onun hərbi qulluqçu olub olmaması barədə  fikirləri müzakirə predmetinə çevirdilər. İnsan həyatının təhlükədə olmasını, onun ailəsinin acısını nəzərə almayaraq internet səhifələrində, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan  xəbərlərin yayılması cəmiyyətdə orduya qarşı inamsızlığın formalaşması təhlükəsini göz onünə gətirdi. Ən pisi də odur ki, düşmən bu xəbərlərdən, “facebook” şərhlərindən istifadə edərək Elnur Hüseynzadəni təxribatçı-diversant kimi qələmə verdi. Bəli Elnur düşmən tərəfindən  sadəcə sosial şəbəkə şərhləri əsas göstərilərək diversant adlandırıldı. Halbuki, diversant deyilən şəxs düşmən üzərinə tək, əli silahsız getməməli, əksinə həmin şəxs müəyyən qrup tərkibində, düşməni darmadağın etmək üçün təpədən dırnağa qədər silahlanmış olmalı idi.  Onda  sual oluna bilər ki, diversant-təxribatçı adlandırdığınız Elnurun silahı-sürsatı yalnız Azərbaycan mətbuatında yayılan xəbərlər və sosial şəbəkə şərhləri idi? Yoxsa növbəti şər böhtan, ordu ilə xalq arasında fitnə yaratmaq üçün erməni mətbuatının irəli sürdüyü bu kimi ucuz “dəlillər”i top-tüfəng kimi görünür?…

Əlbəttə Elnur Hüseyinzadənin hərbçi olub olmamasına baxmayaraq onun düşmən əsirliyindən azad edilməsinə tezliklə nail olunancaq. Necə ki, Milli Qəhrəmanımız, adı ilə ermənilərin dizlərini titrədən şəhidimiz, Mübariz İbrahimovu, Azərbaycan-Ermənistan sərhədində həlak olmuş əsgər Çingiz Qurbanov  düşmən əlindən alıb dinimizə, adət-ənənəmizə uygun torpağa tapşırdıq. Necə ki, xaricdə üç rəngli bayrağımızı təhqir edən, şəhidlərimizin ruhunu alçaldan erməni dığasını cəzalandırıb uzun illər Macarıstanda dəmir barmaqlıqlar arxasında məhbus həyatı yaşayan xalqın igid oğlu Ramil Səfərov haqqı olan azadlığına qovuşdu. Bunun üçün sadəcə baş verən hadisələri səbrlə izləmək, mətbuat əməkdaşı kimi işimizi öz rəsmi qurumlarımızla paralel qurmaq kifayətdir. Belə olan halda daim erməni fitnəsinə qalib gəlib, onların ordumuza, xalqımıza psixoloji zərbə vurmasına mane olacağıq.

Unutmamaq lazımdır ki, bu cür vəziyyətlərdə tələsik qərarlar qəbul edib, ictimai fikir formalaşdırmaq arzu edilən deyil. Çünki bütün bunlardan istifadə edib bizim milli iradəmizi, ordu ilə xarlq arasında olan möhkəm bağlılığı sarsıtmaq imkanı qazanan düşmən daim bizi izləyir !!!

 

RST