Ötən ilin noyabr ayında Gürcüstanıın baş naziri Georgi Kvirikaşvili ölkə ərazisindən keçən “Şimal-Cənub” (Mozdok-Tbilisi) magistral qaz kəmərinin səhimlərinin 25%-nin satışa çıxarılacağını elan etmişdir. Georgi Kvirikaşvili bildirib ki, Rusiya tərəfindən Ermənistana ötürülən qaz kəmərindən Gürcüstana ancaq tranzit haqqı ödənilir: “Ancaq ölkədən keçən kəmər Gürcüstanın əmlakıdır və buna görə məhz həmin əmlakın 25%-i satışa çıxarılır”.

“Yeniavaz.com” xəbər verir ki, Gürcüstan tərəfinin bu addımı Ermənistan parlamentinin bir qrup üzvünu təşvişə salıb. Onlar boru kəmərinin səhimlərinin SOCAR-a satılacağını bildirərək Gürcüstanın ünvanına təhqiredici ifadələr işlədiblər. Erməni deputatlar əgər Azərbaycan tərəfi kəməri alarsa Cavaxetiyada ixtişaşlar törədiləcəyi barədə plan hazırlandığını bildirərək, qonşularımızı şantaj etməyə başlayıblar. Gürcüstan hökuməti isə Ermənistan parlamentinin kəmərin satışı ilə bağlı bəyanatlarını ölkənin daxili işlərinə qarışması kimi qiymətləndirir. Ermənistan parlamentinin üzvləri belə düşünürlər ki, əgər Azərbaycan qaz kəmərinin səhimlərinin 25%-ni, sonradan isə digər hissəsini alarsa, onda ermənilərə qarşı enerji blokadası həyata keçirəcək. Erməni deputat İmrak Torosyan buna görə də Gürcüstanı “Cavaxetiya kartından” istifadə olunması ilə hədələyir.