aAvropa Kommissiyasının prezidenti Jan-Klaud Cunker bildirib ki, Türkiyə vətəndaşlarının Avropaya vizasız səfərlər edə bilməsi üçün bütün şərtləri yerinə yetirməlidir.

Onun açıqlamaları Türkiyənin baş naziri Əhməd Davudoğlunun Avropa İttifaqının iyun ayına qədər viza sistemini ləğv etmədiyi təqdirdə, miqrantların Avropaya axınının qarşısını almayacağı barədə xəbərdarlığından bir gün sonraya təsadüf edir.

Davudoğlu deyib ki, o burada heç bir problem görmür. O, Avropa İttifaqı-Türkiyə razılaşmasının çoxtərəfli olduğunu vurğulayıb və ölkəsinin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinin qarşılığında Avropanın bu addımı atmamasının qəbuledilməz olduğunu bildirib.

Meyar kriteriyası

Cunker deyib ki, Avropa Şurasının Parlament Assambleyası mart ayının 18-də əldə etdiyi razılıqdan sonra Türkiyədən Yunanıstana keçən insanların sayının azaldığı müşahidə olunub. Lakin o bildirib ki, Avropa İttifaqı Türkiyə ilə viza tənzimləmə prosesini sürətləndirmək və ya asanlaşdırmaq fikrində deyil.

“Vizanın liberallışdırılması meyarlar məsələsidir,” deyə o bildirib.

Avropa son illər dəniz yolu vasitəsilə Suriya, İraq və Əfqanıstandan miqrant axınına nəzarət etməkdə çətinlik çəkir.

Miqrasiya üzrə beynəlxalq təşkilat bildirir ki, 2015-ci ilin əvvəlindən Yunanıstana bir miliyona yaxın insan gəlib. Avropa ölkələri növbəti axının qarşısını almaq üçün sərhədlərini bağlamaq haqda tədbirlər görüblər.

Aİ-Türkiyə razılaşması

Avropa İttifaqı-Türkiyə razılaşmasına əsasən Türkiyə dəniz vasitəsi ilə Avropaya getmək istəyən miqrantların qarşısını alacaq və Avropaya qeyri-qanuni yolla keçən miqrantları geri gətirməyə razı olacaq. Bunun müqabilində Türkiyə yardım almaqla yanaşı, ölkə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfərlərinə imkanı veriləcək.

Avropa Komisiyası Yunanıstandan Türkiyəyə göndəriləcək miqrantlar üçün 68 miliyon dollar yardım ayırmağa söz verib. Bununla yanaşı, Suriyada gedən vətəndaş müharibəsindən qaçıb Türkiyədə yerləşən qaçqınlara görə də əlavə 56 miliyon dollar yardım veriləcəyi əlavə edilib.

Yunanıstanda yerləşən qaçqınların yaşayış standartlarının yüksəldilməsi üçün də əlavə 94 miliyon dollar yardım ayrılacağı elan edilib.

amerikaninsesi.org