…Ermənilərin Cənubi Qafqazda dövlət qurma istəkləri ilk dəfə XVI əsrin sonu XVII əsrin əvvəllərində baş qaldırmışdır. Eçmiədzin erməni kilsəsinin bu bölgədə olması ermənilərin İrəvan xanlığı və ona yaxın ərazilərə xüsusi əhəmiyyət vərməsinə səbəb olmuş, onlar bu bölgəni müqəddəs bir yer olaraq qəbul etmiş və bütün diqqətlərini buraya yönəltmişlər.

Bu dövrdə Səfəvilərin xarici ticarətinin inkişafında mühüm rol oynadıqları üçün ermənilərə bəzi imtiyazlar verilmişdi. Bu imtiyazlar ermənilərdə dövlət qurma arzusunu yaratmışdır. Ermənilər səfəvilərin xarici ticarət siyasətində artan rollarından istifadə edərək əlaqələr qurmağa çalışdıqları Avropa dövlətlərindən dəstək almaq üçün istifadə etməyə başladılar.

Bir tərəfdən Avropanın Fransa, Prussiya və İtaliya kimi dövlətləri ilə görüşən erməni din adamları və tacirləri, digər tərəfdən Səfəvi hökmdarı I Şah Abbasla münasibətlərini qorumağa çalışırdılar. Səfəvi sarayında qazanmış olduqları etibar sayəsində onlar Səfəvi dövlətinin xarici siyasətində də mühüm vəzifələr tutmağa başladılar. Lakin  Avropa ilə Səfəvi dövləti arasında münasibətlərin yaxşı olması səbəbindən ermənilər istədikləri dəstəyi ala bilmədilər.

Ermənilərin dövlət qurma arzuları ilə eyni vaxtda çar Rusiyasınında bölgədə öz maraqları ilə ön plana çıxması dövrün mühüm hadisələrindən idi. Bunu nəzərə alan ermənilər çox keçmədən Rusiyadan dəstək ummaga başladılar.

XVII əsrdən başlayaraq Çar Rusiyasının xarici siyasətində isti dənizlərə enmə siyasəti üstünlük qazanmağa başladı. Rusların Qafqazı işğal etmək, Osmanlıya və İrana qarşı Azərbaycan torpaqlarında bir xristian dövləti qurmaq planlarında ermənilər önə çıxırdılar. Rusiya çarı I Pyotr bu planları quranda erməni əsilli İsrail Ori onun hüzuruna “Böyük Emənistan”ın xəritəsi ilə gəldi. Bu ziyarət Cənubi Qafqazda dördmərhələli erməni məskunlaşdırılmasının əsasını qoydu. 1722-1887-ci illəri əhatə edən birinci mərhələdə əsas məqsəd İran və Osmanlı ərazilərində yaşayan erməniləri Azərbaycan ərazisinə köçürmək, münbitliyinə və coğrafi mövqeyinə görə fərqlənən torpaqlarda yerləşdirmək yolu ilə onların sayını süni şəkildə artırmaq olmuşdur.

Ermənilər ilk olaraq 1724-cü ildə I Pyotrun fərmanı ilə Xəzərsahili ərazilərdə – Mazandaran, Gilan, Bakı və Dərbənd vilayətlərində yerləşdirilmişdir. Bundan sonra 1828-ci il Türkmənçay və

1829-cu il Ədirnə müqavilələri ilə Osmanlı və İran ərazilərindəki ermənilərin kütləvi şəkildə İrəvan, Naxçıvan və Qarabağ vilayətlərinə köçürülməsi davam etdirildi.

Ermənilər çar Rusiyasının köməyi ilə bu coğrafiyada saylarını çoxaldaraq, özlərini yazıq, lakin bacarıqlı insanlar kimi tanıdaraq, yerli insanlar arasında etimad “qazanmış”, iqtisadi vəziyyətlərini yaxşılaşdırmış, torpaqlarını genişləndirmişlər. Beləliklə, çar Rusiyasının yeritdiyi siyasət nəticəsində bu coğrafiyada məskunlaşan əhalinin say tərkibi dəyişməyə başladı.

İkinci mərhələ təşkilatlanma mərhələsidir (1887-1918-ci illər). Bu mərhələdə Qərbi Avropa və Rusiyadakı inqilabların təsiri ilə ermənilər XIX əsrin 80-90-cı illərindən etibarən siyasi sahədə təşkilatlanmağa başladılar. 1887-ci ildə bir qrup millətçi erməni tərəfindən Cenevrədə “Hınçak” (“Can”), 1890-cı ildə isə Tbilisidə radikal “Daşnaksütyun” (“Birlik”) adlı partiyalar yaradıldı. Bu partiyalar Rusiyada və Osmanlı imperiyasının sərhədləri daxilində yaşayan ermənilərlə birgə “Böyük Ermənistan”ı qurmaq üçün fəaliyyət göstərməyə başladılar. Millətçi erməni partiyalarının, xüsusən də “Daşnaksütyun”un fəaliyyət sahəsinə bütün Cənubi Qafqaz, Osmanlı imperiyasının Anadolu və Avropa əraziləri, eləcə də İranın Azərbaycan türklərinin yaşadıqları yerlər daxil idi.

Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra təşkilatlanmış ermənilər 1905-1907-ci

illərdə Azərbaycan türklərinə qarşı ilk kütləvi qırğın və terror aktlarını həyata keçirdilər. Bu qanlı hadisələr 1918-1920-ci illərdə də davam etdirildi və nəticədə, 10 minlərlə azərbaycanlı öldürüldü, 100 minlərlə insan öz doğma topraqlarından qaçqın düşdü.

Üçüncü mərhələ 1918-1988-ci illəri əhatə edir. Bu mərhələdə ermənilərin həyata keçirdikləri siyasətin ana xəttini Cənubi Qafqazda qurduqları dövlətin ərazisində yaşayan bütün qeyri-erməni millətləri bu ərazilərdən qovmaq və yalnız ermənilərdən ibarət monoetnik bir Ermənistan dövləti qurmaq təşkil etmişdir. 1918-ci ilin may ayında qurulan Ermənistan dövlətinin paytaxtı yox idi. O  zaman Azərbaycan Xalq Cümhuriyyəti millətçi erməni terror təşkilatlarının fəaliyyətlərini dayandıracaqları təqdirdə İrəvanın Ermənistana paytaxt olaraq verilməsinə razılıq vermişdi. Bir az sonra isə Azərbaycanın Zəngəzur və Göyçə vilayətlərinin bolşevik Rusiyası tərəfindən ermənilərə “hədiyyə” olunması nəticəsində qurulduğu dövrdə 9 min km² olan Ermənistan ərazisi 29 min km²-ə çatdırıldı…

Dördüncü mərhələ (1988-1994) Ermənistanın məskunlaşdırma siyasətinin irredantizm növünü qəbul etdiyi dövrü əhatə edir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsini xalqların öz müqəddəratını təyinetmə prinsipi şəklində leqallaşdırmağa çalışsa da, hələlik bu taktika beynəlxalq praktikada qəbul edilməmişdir. 1980-ci illərin əvvəllərindən etibarən Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücum və təzyiq siyasəti həyata keçirilməyə başlandı. 1988-ci ildən bu təzyiqlər daha da intensivləşdi. Nəticədə, 1988-1989-cu illərdə 230 min azərbaycanlı öz doğma torpaqlarından qovuldu.9 Azərbaycana qarşı 1988ci ildə başladılan müharibə nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olundu. Bu işgal BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində, Avropa Şurası və İslam Konfransı Təşkilatının qəbul etdiyi bir çox qətnamələrdə, həmçinin 2008-ci il martın 14-də BMT Baş Assambleyasında qəbul edilmiş “İşğal olunmuş Azərbaycan torpaqlarında son vəziyyət” başlıqlı qərarda öz əksini tapmışdır. Xocalı soyqırımı dördüncü mərhələdə törədilsə də, Ermənistanın XIX əsrdən bu günə qədər Anadolu, Cənubi Qafqaz və Cənubi Azərbaycanda həyata keçirdiyi siyasətin bir parçasıdır.

C.Vəliyevin “Ermənilərin məskunlaşma strategiyası və Xocalı soyqırımı” məqaləsindən (“Strateji təhlil” jurnalı, №1, 2010)

1905.az