Süni yaradılmış “erməni məsələsi” bir neçə yüz ildir ki, Qafqazı qarışdırır. Dağlıq Qarabağ münaqişəsi də region üçün ciddi problemdir. Bu problemin yaranmasında dünyanın böyük dövlətlərinin rolu olub. Onlar öz maraqları naminə ədaləti pozublar. Bununla münaqişəni “qapalı dairə”yə salıblar.

Tarixi faktlar reallığı bütün dolğunluğu ilə ortaya qoyur. Rusiya arxivlərindəki sənədlərin məzmununun geniş ictimaiyyətə çatdırılması həmin məsələdə çox şeyləri dəyişə bilər.

Doğrudan da, sənədlərdə ermənilərin Qafqaza köçürülməsi ilə bağlı çox qiymətli məlumatlar var. Kənardan müəmmalı görünən hadisələr aydın və sadə məntiqlə izah edilir. Bəzən “erməni qəhrəmanlığı” kimi təqdim edilən hadisələrin əslində iyrənc bir siyasi oyun olduğu məlum olur. Bunların fonunda Azərbaycan xalqının dəyanəti, müxtəlif istiqamətlərdən vurulan zərbələrə tab gətirməsi və öz Vətənini qoruya bilməsi də tarixi fakt kimi özünü göstərir.

“Erməni məsələsi”nin yaranmasının kökündə imperiyaların siyasi maraqları durur. Bunu ermənilərin inqilabçılığına və ya azadlıqsevərliyinə bağlamaq düzgün deyil. Ermənilər yalnız başqalarının yaratdığı tarixi fürsətdən xaincəsinə istifadə etməyə çalışıblar. Qafqazla bağlı bu fürsəti ilk dəfə 1724-cü il noyabrın 10-da rus çarı I Pyotrun erməni xalqına fərmanı yaradıb.

I Pyotr A.Rumyantsevə göndərdiyi məktubda yazırdı: “Erməni deputatları düşməndən qorunmaq xahişi ilə bizə sığınmışlar; əgər biz bunu etmək iqtidarında deyiliksə, onda bizim yeni ələ keçirdiyimiz İran əyalətlərində məskunlaşmağa icazə verək. Biz onlara…bizim Xəzərsahili əyalətlərimizdə məskunlaşmalarına icazə verdik və xatircəmlik fərmanı göndərdik. Əgər türklər bu barədə sizinlə danışsalar, onda cavab verin ki, biz erməniləri çağırmamışıq, amma onlarla həmməzhəb olduğumuzdan onları himayəyə götürməyi rica etdilər; biz, xristianlıq naminə xristian olan ermənilərə rədd cavabı verə bilməzdik”.

Rusiya çarı məsələni konkret qoyur – Cənubi Qafqazda öz hakimiyyətini saxlamağa yardım edəcək erməniləri Azərbaycan ərazilərinə köçürmək lazımdır. Özü də elə şərtlər altında bunu həyata keçirmək gərəkdir ki, ermənilər həmişə imperiyaya bağlı olsun, ona minnətdarlıqları tükənməsin. Bunun üçün müsəlmanları ermənilərin düşməni kimi təqdim etdilər. Eyni zamanda, ermənilərə öz dövlətlərini qurmaqda kömək ediləcəyi vədini verdilər. Bunun yolu isə ermənilərdən ibarət üsyankar dəstələr yaradıb, regionu daim təhdid altında saxlamaqdan ibarət idi.

Bütün bunlar çarın erməni xalqına ali fərmanı və ermənilərin Xəzərsahili torpaqlara köçürülməsinə dair ali buyruqlarını ifadə edən sənədlərdə sətiraltı öz əksini tapdı. Həmin sənədlərin birincisində deyilir: “Biz sizi, ailələrinizlə və nəsillərinizlə öz ali İmperator Himayəmizə qəbul etmişik və bundan sonra sərbəst yaşamanız üçün Xəzər dənizi boyu yeni alınmış İran əyalətlərimizdə sakit yaşayacaq və öz qanunlarınız əsasında xristian məzhəbinizə qulluq edə bilməyiniz üçün rahat ərazilərin ayrılmasını əmr etmişik. Nə qədər ki, Biz, xristianlıq naminə sədaqətli erməni millətini öz himayəmizdə saxlayırıq, biz bunun naminə sizə Əlahəzrətin fərmanını lütf edirik və həmin yeni alınmış İran əyalətlərinin başçılarına Öz Adımızdan fərman göndərmişik ki, sizlərdən kimsə oralara gələndə, onlar sizi Gilan və Mazandaranda olduğu kimi, Bakıda və digər uyğun yerlərdə nəinki qəbul etsinlər, hətta yaşamaq və məskunlaşmaq üçün rahat ərazilər ayırsınlar və bundan belə hər cür şəfqətdə və təhlükəsizlikdə saxlasınlar”.

I Pyotrun ölümü həmin prosesləri bir qədər səngitdi. Yalnız II Yekaterina Rusiyanın Qafqazda yenidən möhkəmlənməsi siyasətinə diqqətini artırdı. Azərbaycan torpaqlarında erməni dövləti yaradılması planları aktuallaşdı. Ancaq rus-türk müharibələri bu planları təxirə saldı. XIX əsrin əvvəllərindən isə təhlükə daha böyük miqyasda Cənubi Qafqazda özünü göstərməyə başladı.

1828-ci il Türkmənçay müqaviləsində “erməni məsələsi” artıq konkret maddədə ifadə olunub. Müqavilənin 15-ci bəndindən bir parçanı təqdim edirik: “…Bundan əlavə, bu tarixdən etibarən həmin məmurlara və əhaliyə (Azərbaycan nəzərdə tutulur – müəl.) İran əyalətlərindən Rusiya vilayətlərinə ailələri ilə sərbəst keçidləri üçün, daşınan əmlakın – hökumət və yerli rəhbərlik tərəfindən heç bir maneə olmadan və bu şəxslər tərəfindən satılan və ya çıxarılan əmlaka heç bir vergi və rüsum almadan – çıxarılması və satılması üçün bir il müddət verilir.

Daşınmaz əmlaka gəlincə isə, onun satılması və ya onun barəsində sərbəst şəkildə qərar verilməsi üçün beş il müddəti müəyyən edilir…”.

Göründüyü kimi, maddədə konkret ermənilərin adı çəkilməsə də, əsasən ermənilərin köçürülməsi məsələsi nəzərdə tutulur. Bu müqavilədən sonra ermənilərin kütləvi surətdə Azərbaycanın Naxçıvan, Qarabağ, İrəvan kimi bölgələrinə köçürülməsi həmin fikrin doğruluğunu təsdiqləyir. O dövrdə elə bir fakt olmayıb ki, müsəlman əhali xristianların yaşadıqları bölgələrə yerləşdirilsin. Əksinə, müxtəlif bəhanələrlə məhz ermənilər azərbaycanlıların yaşadıqları ərazilərdə məskunlaşıblar.

Bu prosesi həyata keçirənlər N.Astaraketsi, A.Qriboyedov, general Paskeviç, polkovnik Lazarev və başqaları əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edirdilər. Rusiya arxivlərində olan sənədlərin məzmunu təsdiq edir ki, 1828-ci il 5 aprel-10 iyun tarixlərində ermənilərin İrəvan və Naxçıvana köçürülməsi dövlət siyasəti olaraq rəsmi qaydada hazırlanıb. Sənədlərdə göstərilir ki, ermənilərin köçürülməsi üçün İranın Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq ödədiyi ləvazimatdan 50 min gümüş rubl ayrılıb.

Bununla da Rusiya imperiyasının ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi siyasəti yeni mərhələyə keçib. Köçürmə əməliyyatlarını həyata keçirən adamlar Rusiya rəhbərliyinə dəfələrlə məlumat yazıblar ki, erməniləri Rusiyanın mərkəzi torpaqlarına yerləşdirməsinlər. Səbəb kimi ermənilərin qısa zamanda məskunlaşdıqları torpaqların onlara aid olduğu iddiasını ortaya atacaqları göstərilirdi. Yəni ermənilərin xisləti hamıya bəlli idi.

Ermənilərin müsəlmanlara qarşı üsyankar olmasında Britaniya imperiyası da az rol oynamayıb. Böyük Britaniyanın konsulları erməniləri müsəlmanlar və ruslara qarşı qızışdırıblar. Rusiya bunu bilən kimi prosesləri öz xeyrinə daha çox dəyişmək siyasətinə keçib.

Beləliklə, Qafqazda “erməni məsələsi” tarixin bir mərhələsində tamamilə süni olaraq yaradılıb. Onlar bura ayaq basandan müharibələrin arası kəsilməyib. Bu regiona yad olan ermənilər yerli xalqlara qarşı son dərəcə aqressiv ruhda tərbiyə olunublar. Ona görə də bu gün Dağlıq Qarabağda yaşananlarda erməniləri həmin əraziyə yerləşdirənlərin tarixi məsuliyyəti vardır. Hazırda bütün bölgə erməni separatizmi və terrorundan əziyyət çəkir. “Erməni məsələsi”nin gerçək mənası dünyanın böyük dövlətləri tərəfindən etiraf edildikdən sonra Qafqaz rahatlıq görə bilər. Bölgədəki münaqişələrin həllinə də bu, çox müsbət təsir edər.

Newtimes.az

1905.az