Rusiyanın İrandakı nazir-rezidenti (səfir), XIX əsrin tanınmış rus yazıçısı Aleksandr Qriboyedov İran ermənilərinin köçürülməsinin təşkilinin L.Lazarev və M.Arqutinski-Dolqorukinin üzərinə qoyulduğunu qeyd edir. Proses 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının erməni vilayətinə çevrilməsi fonunda baş verirdi.

Xarici işlər naziri Karl Nesselroda məktubunda A.Qriboyedov erməni arxiyepiskopu Nersesin (sonralar bütün ermənilərin katalikosu Nerses V Aştarakesi) “Araz çayının o tayından gələn 8000 erməni ailəsinin bizim əyalətlərimizə köçürülməsi haqqında” məlumatını qeyd edib. XIX əsr rus etnoqrafı Yevgeni Veydenbaum  konkretləşdirirdi ki, təqribən 40000 erməni “Aderbaycandan bizim hüdudlarımızı keçiblər və “erməni vilayəti”ndə yerləşiblər”.

1828-ci ildə Naxçıvan əyalətinin iqtisadi-statistik təsviri üçün Qafqaza ezam olunan Rusiya maliyyə nazirliyinin məmuru Vasili Qriqoryev qeyd edirdi ki, “Naxçıvan şəhəri və mahalında 5500 evdə əhali yaşayır, hər evə 5 nəfər götürsək, 27.500 nəfər alınar”.  V.Qriqoryev Naxçıvan mahalının əhalisini “mənşəcə” 2 dərəcəyə bölürdü: 1. Müsəlman; 2.erməni”. Və konkretləşdirirdi: “birincilər 2791 ev, köhnə ermənilər 434, İrandan köçürülənlər 2285”.

V.Qriqoryev Qafqazın ali komandanı İvan Paskeviçin adına yazdığı məktubda qeyd edirdi: “ermənilərin İrandan köçürülməsi və bizim əyalətlərdə yerləşdirilməsindən bəhs edən A.Qriboyedov onların “əsas etibarilə” “müsəlman mülkədarların torpaqları”nda yerləşdiyini qeydə alıb. Mən Naxçıvan vilayətində ermənilərin yerləşdirilməsindən yaranan sahmansızlığı və sıxışdırılmaları daha çox tapdım, nəinki İrəvanda”.

V.Qriqoryev erməni köçkünlərinin “bir çox hissələrinin” “heç olmasa bir neçə boş ev tapdıqları və çoxlu əkin yerləri olan ən yaxşı kəndlərdə özbaşına məskunlaşdıqlarını və yalnız bundan sonra yerli idarə rəhbərlərinin yanına qaçaraq seçdikləri yerdə təsdiq etdirilmək üçün xahiş etdiklərini” açıqlayır. “Öz təsərrüfat həyatlarında gəlmələr tərəfindən sıxışdırılan yerli sakinlər çox şeylərini itiriblər”, “yerli rəhbərlik gəlmələrə daha çox diqqət yetirdiyindən, azərbaycanlılar öz torpaq və əkin sahələrinin əhəmiyyətli hissəsini onlara güzəştə getməyə məcbur olurlar”. Beləliklə, “Naxçıvan əyalətində ilkin olaraq İrandan gəlmə 2551 erməni ailəsi yerləşdirilib”.

http://maxpark.com saytının materialı əsasında Gündüz Nəsibov hazırladı

1905.az