Tarixin XXI yüzilliyinin ikinci onilliyidir. Zaman çox qaranlıq məqamların üstündən pərdəni götürüb, çox mətləblərə aydınlıq gətirib. Dünya bir yerdə durmur, öz məhvərində fırlandıqca fırlanır, dəyişdikcə dəyişir. Ədalət öz taxtında yerini möhkəmlətməkdədir. Lakin ermənilər hələ də öz uydurduqları yalanları ayaq tutub yeritməyə çalışırlar. Bunun üçün saxta göz yaşları tökərək vay-şivən qoparır, özlərinə tərəfdaşlar axtarırlar. 

Nə qədər cəhd göstərsələr də, bir çox faktlar gün işığı kimi aydındır. Onlardan biri də budur ki, ermənilər mənşəcə, ümumiyyətlə, Qafqaz xalqlarına mənsub deyillər. Bu yerlərə gəlmələri, indiki Ermənistan adlanan və digər ərazidə məskunlaşmaları uzun əsrləri əhatə etməsə də, onun da mürəkkəb tarixi var. Ermənilər Qafqazda buranın sakinlərinə özlərini “yazıq”, “bədbəxt” kimi tanıdaraq, sədaqətlərinə inandıraraq yerləşməyə başlayıblar. Çox keçməyib ki, əsl xislətlərini göstəriblər. Yerli xalqların torpaqlarını zəbt edib, onları özlərinin dədə-baba yurdu adlandırıblar. Məqsədlərini nə qədər gizlətməyə, özlərini sadiq, fağır, möhtac kimi göstərməyə çalışsalar da, erməni kimliyi, əslində, çoxları üçün sirr olmayıb. Alman səyyahı Alfred Kyort özünün “Anadolu eskizləri” kitabında qeyd edirdi: “Tərəddüdsüz demək olar ki, əgər sizi Anadoluda kimsə haradasa aldadıbsa, deməli, siz ermənilərlə bağlı bir işə düşübsünüz”. Klassik rus şairi A.S.Puşkin yazırdı: “Sən qorxaqsan, sən köləsən, sən oğrusan, çünki sən ermənisən”. Tarixçi-jurnalist V.L.Veliçko 1904-cü ildə Tiflisdə nəşr olunmuş “Qafqaz, rus mənafeyi və xalqlararası problemlər” kitabında bildirirdi: “Gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirlər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər”.
Müxtəlif tarixi mənbələrdə qalan ayrı-ayrı əsrlərə dair məlumatlar da təsdiq edir ki, ermənilər illərlə hiylə, kələk işlədərək addım-addım öz məqsədlərinə yaxınlaşıblar. Onların əsl niyyətləri tarixdə heç zaman mövcud olmamış bir ölkənin – dənizdən-dənizə “böyük Ermənistan”ın varlığına dünyanı inandırmaq da deyil. Çünki ermənilər hər kəsin bu saxta tarixə inanacağını düşünəcək qədər sadəlövh deyillər. Adicə hər vəchlə öz hiyləgər planlarını həyata keçirmək qərarındadırlar. Arzularının böyük hissəsinə də çatıblar, xülyalarındakı qədər böyük olmasa da, yoxdan bir Ermənistan dövləti yaradıblar. Bunun üçün tarixi abidələrimizi, qədim yurd yerlərimizin adlarını saxtalaşdırıblar, milli sərvətlərimizi öz adlarına çıxmağa çalışıblar. Hər fürsətdə, yaranan hər siyasi qarışıqlıqda türk-müsəlman əhalisinə qarşı mütəşəkkil hücumlar təşkil ediblər. Çox insanın ocağını söndürüb, qapısını bağlayıblar, kimini həyatdan, kimini əzizindən, doğmasından məhrum edib, yurdlarını xaraba qoyublar.
Dünyaya “erməni genosidi” kimi tanıtmağa çalışdıqları 1915-ci il aprelin 24-də baş verənlər də, əslində, ermənilərin, onların türk-müsəlman əhalisinə qarşı törətdikləri faciələrin bir hissəsidir. Bunu aşkara çıxarmaq, dünyanı qondarma soyqırımı kampaniyası ilə çaşdırmağa səy göstərən ermənilərin yalanlarını sübut etmək çox da çətin deyil. Tarixi faktlar təsdiq edir ki, keçən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törədiblər. “Erməni soyqırımı” məsələsinə gəlincə, o dövrün tarixi belə idi: Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti ermənilərə mənfur niyyətlərini reallaşdırmaq üçün geniş imkanlar vermişdi. Türkiyəni parçalamaq üçün real şərait yaranmışdı. Bunun üçün yenə də bir sıra böyük dövlətlərin gücünə və yardımına arxalanan ermənilər hər cür silah-sursatla təmin edilmişdilər. Türkiyənin ərazilərində yerli əhaliyə qarşı hücumlar planlı şəkildə, qəddarlıqla həyata keçirilirdi. Ermənilər qarşılarına çıxan heç bir türkə aman vermir, onları dəhşətli işgəncələrlə qətlə yetirirdilər. Lakin Türkiyə ərazisi hesabına qondarma dövlət yaratmaq cəhdləri o zaman da uğursuzluqla nəticələndi. Beləliklə, “dənizdən-dənizə böyük Ermənistan” xülyası boşa çıxan ermənilərin bu dəfə də “qazancları” tökdükləri türk qanları, axıtdıqları göz yaşları oldu.
Bununla da kin-küdurətləri bitməyən ermənilər yalançı bir ssenari də düşündülər və bunu zaman-zaman daha da “genişləndirdilər”. Əvvəlcə guya ki, 1915-ci ildə Osmanlı imperatorluğu dövründə Türkiyədə bir neçə yüz min erməninin qətlə yetirildiyini söylədilər, sonradan bu rəqəmi 1,5 milyona yüksəltdilər. Yəqin düşünürlər ki, yalanın böyüyü-kiçiyi olmaz. Yalan elə yalandır. Ermənistan hökuməti başda olmaqla dünyada fəaliyyət göstərən millətçi-şovinist erməni təşkilatları, erməni kilsəsi, erməni lobbisinin uydurma “erməni genosidi” günü kimi hər il aprelin 24-də qeyd etdikləri tarixin əsli budur. Öz məqsədlərinə çatmaq üçün onlar yalnız mətbuat vasitəsilə beynəlxalq aləmdə antitürk təbliğatı aparmaqla kifayətlənmir, eyni zamanda bir çox dövlətlərin parlamentlərində qondarma “erməni genosidi”nin tanınması üçün fəal iş aparırlar. Hazırda beynəlxalq aləmdə baş verən prosesləri, eləcə də regionda yaranmış vəziyyəti nəzərə alan ermənilərin əsas hədəfi ABŞ konqresində “1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırım törədilmişdir” məsələsini təsdiq etdirməkdir.
Bu gün nə Türkiyənin, nə də digər Qərb dövlətlərinin arxivində olmayan, heç bir tarixi fakta əsaslanmayan qondarma “erməni soyqırımı”nın ortaya atılmasının əslində siyasi oyun olduğu aşkardır. Heç kimə sirr deyil ki, erməniləri dəstəkləyən güclü dövlətlər üçün də “erməni genosidi” bir oyun, bir vasitədir. Bununla belə, “erməni məsələsi”ndən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən qüvvələr rəsmi Ankaraya təsir göstərmək üçün “qondarma erməni soyqırımı” iddialarından bəhrələnirlər. Məsələnin mahiyyətində bəzi dövlətlərin ermənilərə rəğbəti deyil, türk və İslam dünyasına kin-küdurəti, aşkar qərəzi dayanır. Təsadüfi deyil ki, 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma erməni soyqırımını tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yenilədi və Türkiyə hökumətinin qarşısında Ermənistanla sərhədləri açmaq tələbini qoydu.
Tarixi məlumatların gücü faktların dəqiqliyində, doğruluğunda olmalıdır. Faktlar isə dünyaya bitib-tükənməyən erməni vəhşiliklərindən, onların ən böyük qəddarlıqla törətdikləri terrorlardan, soyqırımlardan danışır. Təkcə XX əsrin müxtəlif illərində ermənilər azərbaycanlılara qarşı dönə-dönə soyqırımlar həyata keçirdilər. Əsrin sonuncu onilliyinə doğru öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımıza ağır yara vuruldu. 1990-cı ilin 20 yanvarında əliyalın, günahsız, insanlarımız sovet əsgərləri tərəfindən atəşə tutuldu. Qanlı Yanvar kimi tariximizə yazılan bu faciənin qurbanlarının dərdini çəkməyə də ermənilər fürsət vermədilər. Çünki yenə də siyasi qarışıqlıq yarandığını görüb torpaq iddiaları adı ilə öz mənfur niyyətlərini həyata keçirməyə başlamış, bu dəfə də Dağlıq Qarabağı və digər ərazilərimizi odlara qalamışdılar.
Azərbaycan xalqına bu müharibədə ermənilər himayədarları ilə birlikdə dəhşətli faciələr yaşatdılar, torpaqlarımızın 20 faizini işğal etdilər. Körpə uşaqlara, qocalara, qadınlara, hətta yataq xəstələrinə belə divan tutdular, işğəncələr verərək qətlə yetirdilər. Xocalı soyqırımı isə yalnız Azərbaycan tarixinə deyil, dünya tarixinə ən amansız, ən qəddar soyqırımı kimi yazıldı. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri mühasirədə qalmış şəhərdə – Xocalıda genosid aktı həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü. Onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi bu günədək məlum deyil. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Təəssüf doğuran isə Azərbaycanın heç bir zaman sağalmayan Xocalı yarasını dünyanın bir çox ölkələri indiyədək “görmür”, haqq səsimizi “eşitmirlər”. Halbuki bu yalnız bizim dərdimiz deyil. Xocalı soyqırımı bəşəriyyətin, insanlığın faciəsidir.
Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırımı iddialarını son illər genişləndirməsi həm də Dağlıq Qarabağ ətrafındakı proseslərlə bilavasitə bağlıdır. Erməni lobbisi rəsmi Ankaranın Azərbaycanın maraqlarının əleyhinə hansısa qərar qəbul etdirməməsindən də hiddətlidir. Digər tərəfdən, işğal etdikləri torpaqlarımızda ömürlük qalmayacaqlarını da bilirlər. Ona görə soyqırımı iddiaları ilə Türkiyəyə və bu gün öz sabit inkişafı ilə dünyada sözünü deyən Azərbaycana zərbə vurmaq istəyirlər. Bununla həm də Türkiyənin Avropa Birliyinə daxil olmasına əngəl törətməyə çalışırlar. Təəssüf ki, özlərinə yenə də havadarlar tapırlar.
Lakin həqiqət gün işığı kimidir. Qarşısını müvəqqəti almaq olar. Ancaq nə yönünü dəyişmək, nə də bu işığı həmişəlik kəsmək olar. Ona görə də millətimiz haqqın ölməzliyinə, ədalətin qələbəsinə inanır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan” qəzeti

1905.az