Rusiya Gürcüstanın işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını müharibəyə hazırlıq vəziyyətinə gətirib.

Xəbər.ge-nin Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın bu addımı Tbilisidə qarşı tərəfin növbəti dəfə bölgədə vəziyyəti gərginləşdirmə cəhdi kimi dəyərləndirilib.

Gürcüstanın ali dairələrində belə hesab edirlər ki, Rusiya əvvəllər olduğu kimi bununla yenə də hərbi güc nümayiş etdirməklə Tbilisiyə münasibətdə şantaj və təzyiq vasitəsini işə salıb.

Gürcü hərbi ekspertlərin əksəriyyətinin fikrincə isə Rusiya Gürcüstanın NATO-ya üzv olmasına imkan verməmək üçün bölgədə yeni müharibəyə hazırlaşır.

Buna sübut kimi isə işğal edilmiş ərazilərdəki Rusiya silahlı qüvvələrinin son 5 ayda 40 dəfə həyəcan siqanlı ilə ayağa qaldırılması və döyüşə hazır vəziyyətə gətirilməsi göstərilir.

Rusiyanın hər vasitə ilə bölgədə vəziyyyəti gərginləşdirməyə çalışması ilə bağlı Gürcüstanın BMT-yə müraciət edəcəyi və bu məsələni müzakirəyə çıxaracağı gözlənilir.

Xeber.ge