İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzularına ilkin təkan verən amillərdən ən başlıcası hələ XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. dasnaklar

Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən – erməni tacirlərdən və din xadimlərindən istifadə etmişdilər.

Şah Abbasın verdiyi 1605-ci il fərmanı ilə şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmış, xarici ticarətlə məşğul olan ermənilər üçün geniş imtiyazlar verilmişdir. Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə Fransa, İtaliya, Prussiya ilə ticarət əlaqələri yaratmışdılar.

1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Venesiya dojuna məktublar göndərmişdir. Bu ölkələrdə olarkən Xoca Səfər şahın məktubundan əlavə ermənilərin Roma papası və Avropa ölkələrinin başçılarına məktubları olduğunu bildirmişdir. Yaxın Şərqdə maraq dairəsi baxımından ermənilərə ən əlverişli himayəçi Rusiya ola bilərdi. Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu məqsədlə erməni taciri Xoca Zakar Sarhada 1660-cı il avqustun 28-də çar Aleksey Mixayloviçə «ermənilərə qarşı xüsusi lütfkarlığına görə» qiymətli hədiyyələr vermişdir. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin Silahlar Palatasında saxlanılan Almaz taxtdır.

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrail Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlmişdir. O, 1701-ci il oktyabrın 28-də arximandrit Minas Vartapedlə birlikdə I Pyotrun qəbuluna gəlir və ona qiymətli türk mallarını hədiyyə gətirir. Onlar I Pyotrun isti boğazlara çıxmaq və İstanbulu ələ keçirmək üçün nə dərəcədə alışıb-yandığını bildirdilər. İsrail Ori saraya öz proqramını – erməni dövləti yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi təklif etmişdir. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori polkovnik rütbəsində 50 nəfərlik nümayəndə heyətinin başçısı kimi İrana yola düşdü. Şübhə oyatmamaq üçün onu Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim edirlər. 1711-ci ildə Orinin ölümündən sonra onun işini Minas Vartaped davam etdirir.

1723-cü il sentyabrın 12-də Rusiya-İran müharibəsinin nəticəsi olaraq bağlanmış müqaviləyə əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr həmin ərazilərdə ermənilərin köçürülüb yerləşdirilməsi üçün fərman verir.

1726-cı il fevralın 22-də I Yekaterina da ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman verir. XVIII əsrin II yarısında ermənilər yenidən fəallaşır. Onlar Rusiyanın himayəsi ilə Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Ermənistan dövləti yaratmağı təklif edirlər. Lakin II Yekaterinanın ölümü onların bu işini yarımçıq saxlayır.

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün «Erməni vilayəti» yaradılması haqqında fərman verilir. «Erməni vilayəti», İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. Bu müqavilənin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilir.

1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi məktubda göstərir ki, Naxçıvan əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və sıxıntı yaranmışdır. Beləliklə, 1829-cu il fevralın 26-dan iyunun 11-dək 8249 erməni ailəsi İrandan köçürülərək İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür.

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra da da-vam etmişdir. Bu müharibələrdən sonra erməni vilayətinə İran və Türkiyədən 57266 nəfər erməni (10.631 ailə) köçürülmüşdür (8, s. 175). 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürülmüşdür. Nəzərə almaq lazımdır ki, 124.000 rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıq olmuşdur. Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da güclənmişdir. 90-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində 400 minə yaxın erməni yenə Qafqaza köçüb gəlmişdir.

Belə bir şəraitdə 1905-1906-cı illəri əhatə edən və tarixə «erməni-müsəlman münaqişəsi» adı ilə düşən qanlı faciələr baş verdi. 1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqafqaziyada güclü əks-səda doğurmuşdur. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etdilər. Rusiyanın hakim şovinist dairələri də zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk kampaniyasını qızışdırırdılar.

«Azərbaycanlıların soyqırımı haqqında» fərmanda göstərildiyi kimi, «Böyük Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi» .

XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərə, Fransa, Rusiya və Almaniyanın xüsusi maraqları var idi. I Dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. Rusiyanın I Pyotr zamanından boğazlara və İstanbula yiyələnmək arzusu yenidən baş qaldırmışdı. Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq öz mövqeyim saxlamaq üçün Almaniya ilə müttəfiq olmuş və müharibə başlanandan bir gün sonra, yəni avqustun 2-də Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalamışdı. Müqaviləyə əsasən oktyabrın 29-da Türkiyə-Rusiya müharibəsi başlanır. Noyabrın 1-də Rusiya Türkiyəyə rəsmi olaraq müharibə elan edir.

1917-ci ildə Rusiyada çar hakimiyyəti devrildikdən sonra Almaniya və Avstriya cəbhələrində xidmət edən minlərlə erməni əsgəri öz silahları ilə daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşmişdilər. 1918-ci ilin mart ayının sonu Azərbaycan xalqının qanlı və faciəli günləri kimi tarixə düşmüşdür. Martın 31-də başlayan bu qırğın 3 gün davam etdi. Şəhidlərin sayı təxminən 15 min nəfər olmuşdur.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra daşnak hakimiyyəti dövründə qədim ata-baba yurdlarından didərgin salınaraq Azərbaycana, İrana, Türkiyəyə və Gürcüstana sığınmış müsəlman qaçqınların bir hissəsi geri qayıtmağa müvəffəq olmuşdur. Lakin Ermənistan hökumətinin müqavimətinə baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. 1926-cı ildə Ermənistanda 743.573 erməni, 84.717 türk siyahıya alınmışdısa, 1939-cu ildə 1.062.000 erməni 1.300.800 türk qeydə alınmışdır. Müqayisədə ermənilər 42,7%, türklər isə 56,8% artmışdı. Türklərin yüksək artımı erməniləri narahat edirdi. 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində bütün Sovet İttifaqında həyata keçirilən kollektivləşmənin ən sərt tədbirləri Ermənistanda yaşayan azərbaycanlılara qarşı tətbiq edilmişdir. İlk növbədə ata-babadan varlı olanların mal-qarasını əllərindən alıb, kolxoz təsərrüfatına qatır, özlərini isə «qolçomaq» damğası ilə Qazaxıstana və Sibirə sürgün edirdilər.

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə və 1930-1938-ci illərdə repressiya aksiyası həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də azərbaycanlılar yaşayırdılar. Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi. Bunun üçün isə ilk növbədə Moskvanın razılığı alınmalı idi. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq fürsətini onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə etmişdilər.

1945-ci ildə Ermənistan KP MK-nin I katibi Q.Harutyunov yenidən Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır. Stalin həmin məktubu G.Malenkova, o da Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o şərtlə ki, Ermənistanın, Gürcüstanın və Dağıstanın azərbaycanlılar yaşayan və tarixən Azərbaycanın olmuş əraziləri onun özünə qaytarılsın.

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verir. Ermənistan hökuməti yanında repatriantların (vətənə qayıdanların) qəbulu və yerləşdirilməsi üzrə xüsusi komitə yaradılır. Artıq 1946-cı ilin əvvəllərində 130 min erməni Ermənistana köçmək arzusunda olduğunu bildirir.

Dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edir (13, s. 17).

SSRİ Nazirlər Soveti 10 mart 1948-ci ildə 4083 saylı qərara əlavə olaraq «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında» 754 saylı qərar qəbul edir.

Bundan sonra 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar…»

1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi. Ümummilli liderin 18 dekabr 1997-ci il tarixli fərmanı həmin illərdə xalqımıza qarşı həyata keçirilmiş tarixi cinayətə hüquqi siyasi qiymət verilməsi, onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması üçün zəmin yaratmışdır.

60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrı seçkilik siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından minlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu. 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min erməni gəlmişdi. Təbii ki, ermənilərin gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə deportasiyası ilə nəticələnmiş, on minlərlə azərbaycanlı əhalinin Azərbaycana köçməsinə səbəb olmuşdu.

1983-cü il aprelin 24-də ermənilər «genosid» gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində azərbaycanlılar yaşayan evlərə basqın etmiş, qəbiristanlığı dağıtmışdılar. 1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Z.Balayanın «Ocaq» kitabının dərc edilməsi Ermənistanda azərbaycanlılara qarşı düşmənçilik hisslərinin qızışmasına səbəb oldu.

Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratmı təyinetmə pərdəsi altın-da Azərbaycana qarşı planlarının həyata keçirilməsinə mane ola biləcək şəxsin – ulu öndərimiz Heydər Əliyevin 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Sovetinin I müavini vəzifələrindən uzaqlaşdırılmasından sonra rəvanda DQMV-ni Ermənistana birləşdirmək tələbi ilə mitinqlər keçirildi.

Beləliklə, keçmiş ittifaq rəhbərlərinin cinayətkar fəaliyyətsizliyinin buna şərait yaratması, Azərbaycan rəhbərliyinin bu hadisələrə vaxtında düzgün qiymət verə bilməməsi nəticəsində Ermənistan rəhbərliyinin və hüquq mühafizə orqanlarının bilavasitə iştirakı ilə 50.149 ailəni təşkil edən 243.682 nəfər azərbaycanlı qısa müddət ərzində əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından vəhşicəsinə qovuldular.

Həmzə Cəfərov, Abdulla Mustafayev

«Xəbərlər.İctimai və Humanitar elmlər seriyası. (AMEA-nın Naxçıvan bölməsi).».-2010.-№1.

 1905.az