Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil

İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır.

Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmizin yüksək təcrübəyə malik nizami ordusu var.
Hərbiçilərimiz yüksək döyüş hazırlığına malikdirlər. Azərbaycanın hərbi potensialı Ermənistanın cavabını 10 dəfə artıq verməyə imkan verir. Ermənistan bunun cavabını gözləsin.

Azərbaycan dövləti vətəndaşının təhlükəsizliyinin qorunmasını bir nömrəli vəzifə sayır. Düşmənin torpaqlarımızı işğal altında saxlaması azmış kimi, vətəndaşlarımızı da qətlə yetirməyi özünə şərəf bilir. Ermənistan atdığı addımların cavabını alacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin faktlarla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli Məclisin deputatı Qənirə Paşayeva Fizuli istiqamətində erməni işğalçıları tərəfindən atəşkəsin pozulması və dinc sakinlərimizin öldürülməsi, yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb.

Millət vəkili ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə suçlayıb. İşğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Belarusun paytaxtı Minskdə keçiriləcək ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin dünən Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ qaldıracaq.

Bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib. Deputat bildirib ki, bu gündən sessiyanın plenar iclası keçiriləcək.

“Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir.

Ermənistan silahlı qüvvələrinin  təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Bu Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaq hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.

“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.

Bunu düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

O, eyni zamanda təxribatda anası, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızını da itirib. Elnur Quliyev erməni işğalçılarından intiqam alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ulus.Az