İ.Stalinin V.Leninə teleqrammı

(Vladiqafqaz, 16 noyabr 1920-ci il)

İstiqamətləndirmək üçün. Bakını üç istiqamətdən təhlükə təhdid edə bilər. Birinci istiqamət: cənubdan, əgər Ənzəli və Rəşt şah rejiminə verilərsə, hazırda İranda yeganə real hakimiyyət olan İngiltərə tərəfindən təhlükə. Belə bir vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxmaqla, bizim su nəqliyyatımızın işini poza bilər. Əgər üstəlik cənubi İrandan və Mesopotamiyadan qoşunlarını şimala doğru hərəkət etdirsə, Bakının müdafiəsinə böyük qüvvə cəlb olunmalıdır. Bu təhlükənin qarşısını almaq üçün ingilislər İrandan gedənə kimi Ənzəli və Rəştin müvəqqəti olaraq İrana verilməməsi üçün şərt kəsilməlidir.

İkinci istiqamət: Türkiyə tərəfindən təhlükə. Türkiyə Ermənistanda bərqərar olsa, Azərbaycanla ümumi sərhədə malik olacaq. Bu təhlükənin qarşısını almaq üçün hazırki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək və onu Türkiyə ilə Azərbaycanın arasına salmaq lazımdır.

Üçüncü tərəf: Gürcüstan istiqamətindən, daha doğrusu Antanta tərəfindən təhlükə. Məsələ ondadır ki, Tiflislə Yelizavetpol arasındakı ərazi qərbdən vurulan zərbənin qarşısını ala bilmək üçün uyğun yer deyil. Rəqib ilk həmlədəcə Yelizavetpola çata və burada şübhəsiz ki, Azərbaycan burjua hökuməti təşkil edə bilər.  Və bununla da çox güman ki, Azərbaycandakı qoşunlarımızın arxasına keçməsi mümkündür. Neçə ki, burjua Gürcüstanı mövcuddur, bu təhlükə qeyd olunanlardan ən ciddisi olacaq. Həm də Gürcüstana qarşı ciddi qüvvələr saxlamalı olacağıq.  Bu təhlükənin qarşısını almaq üçün elə indi Gürcüstanı sovetləşdirmək lazımdır. Qoşunlarımızı Zaqatalada cəmləməli, əlverişli bəhanədən istifadə edərək, Tiflisə doğru hərəkət etməliyik. Gürcüstanın sovetləşməsi Şimali-Qafqaz əksinqilabçılarının etibarlı arxadan məhrum edilməsi və Şimali Qafqazın tabe olması ilə nəticələnirdi. İndi Vrangelin deyəsən, Batuma deyil, Konstantinopola qaçdığı dövrdə, qoşunlarımız sərbəstləşir. Daha uyğun anı düşünüb tapmaq da olmaz. Üç təhlükə və onlara qarşı vasitə belədir. Daha ətraflı altı gündən sonra.

Stalin

Genosid.ru saytının materialına əsasən Gündüz Nəsibov tərəfindən hazırlandı

1905.az