(Britaniya kitabxanasının arxiv sənədlərində. 1918-1920-ci illər)

soyqirim

Britaniya kitabxanasının fondlarında saxlanılan arxiv sənədləri 1918- 1920-ci illərdə Bakı, İrəvan və Gəncə (Yelizavetpol) quberniyalarının ərazisində erməni quldur dəstələrinin və Ermənistanın silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı hadisələrini əks etdirən mühüm mənbələrdir. Bu qiymətli sənədlər Azərbaycan tarixinin indiyədək öyrənilməmiş, yaxud da hansısa məqsədlər üçün saxtalaşdırılmış məsələlərinin obyektiv araşdırılmasına geniş imkanlar açır. Onların elmi dövriyyəyə ilk dəfə daxil edilməsi həmin sənədlərdə 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı ilə bağlı ehtiva olunan bilgilərin tarixşünaslığımız üçün dəyərini daha da artırır. Çünki Britaniya kitabxanasının fondlarında saxlanılan sənədlər Britaniya imperiyasının yüksək rütbəli məmur və səlahiyyətliləri tərəfindən imzalanmış bir çox “tamamilə məxfi” raportlar və yazışmalarından ibarətdir. Bu raportlarda və daxili yazışmalarda 1918-1920-ci illərdə Cənubi Qafqaz regionunda yaşanan hadisə və proseslər haqqında Britaniya təmsilçilərinin gerçək dəyərləndirmələri öz əksini tapmış və məhdud sayda ali hakimiyyət nümayəndəsi üçün nəzərdə tutulmuşdu.

1918-ci ildə Cənubi Qafqaza müdaxilə ərəfəsində Böyük Britaniya hökuməti yerli xristianlara, hər şeydən öncə də ermənilərə böyük ümidlər bəsləyərək, Osmanlı ordusunun Qafqaza yürüşünün qarşısının alınmasında onlara bel bağlayırdı. Öz növbəsində, erməni siyasətçiləri ingilispərəst təbliğat xəttini tuturdular. Lakin Britaniyanın arxiv sənədlərindən bəlli olduğu kimi, tezliklə ingilis komandanlığı dərk etməyə başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilməsi Böyük Britaniyanın türk-müsəlman əhaliyə münasibətdə apardığı siyasətə ağır ziyan vurur. Belə ki, kapitan Noel 1918-ci il 22 yanvar tarixli məlumatında Azərbaycanda ingilislərə münasibətin pisləşməyə doğru dəyişməsi haqqında xəbər verirdi. O yazırdı: “Mən 6 həftə öncə orada olarkən tatar (azərbaycanlı – N.G.) icmasının liderləri bizlərə münasibətdə açıq şəkildə dostyana əhval-ruhiyyədə idilər. Fəqət indi, Bakıya qayıtdıqdan sonra mən aşkar etdim ki, onların davranışı yerini şübhəliliyə və pis gizlədilən düşmənçiliyə vermişdi. Bu, aşağıdakılar ilə izah olunur: 1) Bizim erməni mənafelərinə üstünlük verməyimiz haqqında rəy geniş yayılmışdır; 2) Ermənilər bu təəssüratı gücləndirir və ondan sərbəst şəkildə öz xeyirləri üçün istifadə edirlər; 3) Erməni milli alayının formalaşmasına verilən prioritet. Mən güman edirəm ki, bu, rus baş qərargahının bizim erməniləri dəstəklədiyimiz və müsəlmanlara güvənmədiyimiz haqqında görüşlərinə uyğundur. Mənim rəyimə görə, belə bir siyasət yanlışdır və ehtimal ki, fəlakətə gətirib çıxaracaq. Müsəlmanların maraqları onları qulaqardına vurmağın imkansız olduğu qədər güclüdür, ələlxüsus da rus ordusunun tezliklə dirçəlməsinə ümidlərin son dərəcə cüzi olduğu bir zamanda… Tatarlar (azərbaycanlılar – N.G.) Rusiyaya rəğmən özlərinin milli hərbi bölmələrini formalaşdıracaqlar və yaxşı olardı ki, bu bizim himayəmiz altında baş versin”. Təsadüfi deyil ki, 1918-ci il fevralın sonunda müsəlman qəzaları Qafqaz ərazisinə ingilis qoşunlarının müdaxiləsinə qarşı Cənubi Qafqaz Seyminə öz etirazlarını bildirdilər və ingilis nümayəndələri ilə danışıqları kəsməyi tələb etdilər. 1918-ci ilin qanlı mart olayları ingilislərin ermənilərdən azərbaycanlılara qarşı istifadə edilməsi siyasətinin səhv olması qənaətini daha da möhkəmləndirdi. Bəlli olduğu kimi, həmin hadisələrin gedişində bolşevik-daşnak silahlı birləşmələri tərəfindən Bakı quberniyası ərazisində müsəlman əhalinin soyqırımı həyata keçirilmişdi. Hindistandakı Britaniya qoşunlarının baş komandanı Londona 1918-ci il 20 iyul tarixli məxfi depeşasında bu barədə aşağıdakıları yazırdı: “Ermənilər özlərinin ingilislərin xüsusi himayələri altında olmaları haqqında tatarlar (azərbaycanlılar – N.G.) arasında açıq şəkildə lovğalanmaqla bizim ümumi işimizə böyük zərər yetirmişlər. Bu, britaniyalıların qəsdən antimüsəlman siyasəti yürütmələri barədə ziyanəvər rəyin ortaya çıxmasına rəvac vermişdir, zira ermənilər çoxlu sayda tatarı qətlə yetirmişlər”. Britaniya qaynaqlarının bilgilərinə, o cümlədən Britaniya briqada generalı R.Qortonun 1918-ci il 8 dekabr tarixli məruzəsinə əsasən, həmin hadisələr zamanı “180 kənd dağıdılmış və çoxlu sayda tatar (azərbaycanlı – N.G.) qətlə yetirilmişdir”.
Cənubi Qafqazda ilk erməni dövlətinin – 1918-ci il mayın sonlarında Ararat Respublikasının meydana gəlməsindən etibarən onun hökuməti qonşu Türkiyə, Azərbaycan və Gürcüstan hesabına özünün “böyük Ermənistan” yaradılmasına dair planlarının gerçəkləşdirilməsinə fəal surətdə girişmişdi. Tarixən heç bir zaman Cənubi Qafqazda mövcud olmayan milli erməni dövlətinin nəzərdə tutulan sərhədləri daxilində “toplanacaq” torpaqlar dairəsinə artıq Azərbaycan Respublikasının ayrılmaz parçası kimi təsbit olunmuş Naxçıvan, Zəngəzur və Qarabağ bölgələri, habelə Gürcüstanın da özünün malik olma hüquqlarını irəli sürdüyü Borçalı, Axalsıq və Axalkələk rayonları aid edilmişdi.
Daşnak hökuməti müttəfiqlərin, ilk növbədə də İngiltərənin və ABŞ-ın köməyinə arxalanmaqla özünün “böyük Ermənistan” yaratmaq siyasətində uğur qazanmağa ümid bəsləyirdi. Bu zaman İngiltərədən birbaşa hərbi dəstək və siyasi tanıma, ABŞ-dan isə maliyyə yardımı və ölkənin idarəçiliyinə dair mandatın öz üzərinə götürülməsi gözlənilirdi. Lakin tezliklə ermənilər xəyal qırıqlığına uğradılar. İngiltərənin hökumət dairələri ermənilərin planlarının tamamən absurd olduğunu etiraf etməli oldular. Məsələn, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Siyasi kəşfiyyat şöbəsi tərəfindən hazırlanmış 1918-ci il 28 oktyabr tarixli memorandumda göstərilirdi: “Erməni məsələsini çözərkən nəzərə alınmalıdır ki, onun cazibə mərkəzi Qafqazda deyil, Kiçik Asiyadadır; ermənilər Qafqaza əsasən qaçqın kimi son on illərdə Rusiya hakimiyyəti dönəmində gəlmişlər. Rusiya hökuməti burada onlardan gürcülər və tatarlar arasında ixtilafları təşviq etmək məqsədilə istifadə etmişdir”.
1918-1920-ci illərdə Ermənistanın silahlı qüvvələri müntəzəm olaraq Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü genişləndirərək Zəngəzura, Naxçıvana və Qarabağa soxulmuşdular. Vəziyyət o dərəcədə böhranlı idi ki, Naxçıvan ərazisində dinc müsəlman əhalinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar Qacar hökuməti adından Britaniya komandanlığına Şahzadə Əla-üsSəltənə etiraz təqdim etmişdi. Memorandumda göstərilirdi ki, çıxılmaz vəziyyətə düşən Naxçıvan əhalisi İrana yardım üçün müraciət etmiş və onun himayədarlığını xahiş etmişdir. Sənəddə daha sonra qeyd edilir ki, “əhalinin əksər hissəsini müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur”. Lord Kerzona (Böyük Britaniyanın xarici işlər naziri, 1919-1923 – N.G.) məlumatında P.Koks qeyd edirdi: “Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm”. İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi həmçinin belə bir məlumat almışdır ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar. Müsəlman ailələr məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilmişdir… Millətlərin və dünyanın azadlığına dair Böyük Dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm Böyük Dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar”.
1918-ci ilin dekabrında Qarabağ bölgəsində Ermənistanın hərbi təcavüzü ilə əlaqədar olaraq Şuşaya podpolkovnik Hibbonun (Uorçester alayı) komandanlığı altında kiçik eskortun müşayiəti ilə Britaniya hərbi missiyasının göndərilməsi zərurəti ortaya çıxdı. İngilis komandanlığının tutduğu rəsmi mövqe sanki Azərbaycan tərəfinin dəstəklənməsinə, erməni təcavüzünün pislənilməsinə, bölgədə sülhün saxlanılmasına yönəlmişdi. Britaniya qoşunlarının Cənubi Qafqazda komandanı general V.Tomsonun təşəbbüsü ilə Qarabağa qarışıq ingilis-erməni-müsəlman nümayəndə heyəti göndərilmiş, erməni başçılarına onları müsəlman əhaliyə qarşı təcavüzkar hərəkətlərdən çəkindirən teleqramlar vurulmuşdu. Tomsonun imzası ilə analoji məzmunlu məktub Andronikə də təqdim olunmuşdu. Məsələn, 1918-ci il 19 noyabr tarixli 640 saylı əmri ilə Andronik tabeliyində olanları xəbərdar edirdi: “Müttəfiqlərin təmsilçilərinin mənə çatdırdıqları məktubda deyilir ki, indən belə hər cür düşmən hərəkətləri (müsəlmanlara qarşı – N.G.) erməni məsələsinin çözümünə mənfi təsir göstərə bilər”.
Qarabağda və Zəngəzurda erməni-azərbaycanlı ərazi münaqişəsini həll etməkdən ötrü 1919-cu il yanvarın ortalarında ingilis komandanlığı burada xüsusi inzibati idarəçilik – başda doktor Xosrov bəy Sultanov olmaqla general-qubernatorluq yaratmaq yolu ilə ixtilaf zonasını ərazi cəhətdən əlahiddələşdirmək modelini seçmişdi. Lakin bu idarəçiliyin tətbiqindən sonra da Qarabağdan həyəcanlı xəbərlər alınmaqda idi. Salonikdə Böyük Britaniya qoşunlarının baş komandanı general C.F.Miln 1919-cu ilin fevralında Londona imperiya Baş Qərargah başçısına məlumat verirdi: “Bakını işğal etdiyimiz zaman Şuşa Andronikin erməni ordusunun hücumlarından iki Türkiyə batalyonu tərəfindən müdafiə olunurdu. İndi şəhərə ermənilər doluşmuşlar. Hökumətin qayda-qanunu saxlamaq üçün mümkün olan hər şeyi etməsinə rəğmən, ermənilər tatarları öldürməkdədirlər, sonuncular da, təbii ki, qisas alırlar. Ora qayda-qanunu saxlamaq üçün Britaniya əsgərlərinin göndərilməsi zəruridir, fəqət təhlükəsizliyin təmin edilməsi üçün batalyon göndərilməsi daha yaxşı olardı”. Kəşfiyyat Bürosunun 1919-cu il 10 aprel tarixli həftəlik məlumatında qeyd edilirdi: “Şuşa əyalətində vəziyyət ermənilərin münasibəti üzündən qeyri-qənaətbəxşdir. Ermənilər yerli tatar (Azərbaycan – N.G.) inzibati idarəçiliyinə əngəllər yaradır və güman edirlər ki, tatar general-qubernatoru Sultanov Türkiyə agentidir. Ermənistan hökuməti bu cür hərəkətlərlə yaxşı heç bir şeyə nail olmayacaqları ilə əlaqədar xəbərdar edilmiş və qeyd olunmuşdur ki, həm Sultanov, həm də Azərbaycan hökuməti Şuşa əyalətindəki vəziyyətə görə Böyük Britaniya qarşısında məsuliyyət daşıyır”.
Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq ezam edilmiş Cənubi Qafqazdakı Britaniya missiyasının təmsilçilərinin sonrakı məlumatlarında qeyd edilirdi ki, erməni silahlı qüvvələri heç bir mənfurluqdan çəkinmirdilər və Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının dinc azərbaycanlı əhalisinin məhv edilməsi üçün ən əcaib metodlardan istifadə edirdilər. Qafqazdakı Böyük Britaniyanın ali komissarı ser Oliver Uordropun öz hökumətinə unvanladığı məlumatlar bu cür faktlarla zəngindir. Onun 1919-cu il oktyabrın 2-də Londona göndərdiyi raportunda deyilirdi: “Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmışlar”.
Uordropun 1919-cu il 8 oktyabr tarixli məlumatından bəlli olur ki, Ermənistanın xarici işlər nazirinin notasına cavab olaraq Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri F.X.Xoyski ölkəsinin Ermənistandakı diplomatik nümayəndəsi Ə.Haqverdiyev vasitəsilə qeyd edirdi: “Ermənistan Respublikasının xarici işlər nazirinin diqqətinə çatdırın ki, Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bununla əlaqədar olaraq erməni hökumətinin notasında səslənmiş sualı Azərbaycan Cümhuriyyətinin daxili işlərinə müdaxilə deməkdir. Azərbaycan Cümhuriyyətinin hökuməti ölkənin müxtəlif bölgələrində hakimiyyət qurumlarının həyata keçirdiyi tədbirlər haqqında erməni hökuməti qarşısında hesabat verməyə özünü məcbur bilmir”.
Uordrop lord Kerzona Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri N.Yusifbəylinin 1919-cu il 16 noyabr tarixli məktubunu göndərdi. Həmin məktubda deyilirdi: “Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və sülh konfransında bu qisimdə nəinki bizim tərəfimizdən, həmçinin Müttəfiq Britaniya Komandanlığı tərəfindən bu cür nəzərdən keçirilirdi; polkovnik Haskell və başqaları Zəngəzur vilayətinə bizim mübahisəedilməz hüququmuzu tanımışdılar”.
Özünün 1919-cu il 3 dekabr tarixli məlumatında Uordrop göstərirdi: “Ən sonunda Baş nazir Yusifbəyli 23 noyabr sazişinin ziddinə olaraq ermənilərin hərbi əməliyyatlara davam etmələri ilə əlaqədar narazılığını izhar etdi və 9 kəndin məhv edildiyini bildirdi”.
Ertəsi gün göndərilmiş məlumatda o, qeyd edirdi: “Azərbaycan hökuməti erməni nizami dəstələri tərəfindən bu yaxınlarda törədilmiş müsəlmanların kütləvi qətlləri və 15 kəndin məhv edilməsi haqqında Zəngəzur və Dərələyəzdən məlumatları mənə çatdırmışdır. Mən İrəvana etiraz göndərərək dərhal təhqiqata başlamağı, müqəssirləri cəzalandırmağı və erməni nümayəndə heyətini yubanmadan Azərbaycanla görüşməyə göndərməyi tələb etdim”.
O.Uordropun 1919-cu il 11 dekabr tarixli məlumatında göstərilirdi ki, “Qarabağdakı komandanın məlumatlarına əsasən, dekabrın 1-də nizami erməni qoşunları iki topla və 6 pulemyotla Kığı dərəsində (Kigy Pass) 9 tatar kəndinə basqın etmiş, onları yandırmış və qarət etmişdir. Noyabrın 26-da ermənilər Oxçu bölgəsindəki bütün dinc müsəlmanları topladılar; hərbi yaşda olan kişiləri dinamitlə partlatdılar, qadınlar və uşaqlar da daxil olmaqla yerdə qalan əhalini isə məsciddə qətlə yetirdilər. Zəngəzur müsəlmanları çaxnaşma içərisindədir”.
Uordropun 1919-cu il 15 dekabr tarixli məlumatında deyilirdi: “Azərbaycanın Baş naziri teleqram göndərərək erməni nizami topçu qoşunlarını ittiham edirdi; sonuncular Zəngəzurun kəndlərini məhv etməklə qırğın törətmişdilər. O, qeyd edir ki, dekabrın 9-da Gorusdan cənub-şərqdə Kədəkləkli, Əsgərli və Pərçəvan (Kedeclaklu, Askerlu and Perchevan) kəndləri məhv edildi və mühasirəyə alınmış Oxçu ilə Kığı dərəsindəki (Ohchi and Kigy Glens) müsəlman kəndləri artilleriya atəşi ilə dağıdıldı. O, Azərbaycanın Zəngəzurda bircə əsgərinin belə olmadığını söylədi. Zati-aliləri Zəngəzurdakı erməniləri tərksilah etmək üçün bitərəf ölkələrdən zabitlər göndərməyi xahiş edir; əks təqdirdə Azərbaycan mehriban qonşuluğu təmin etməkdən ötrü tədbirlər almaq məcburiyyətində qalacaq”.
Uordropun 1919-cu il 30 dekabr tarixində göndərdiyi məlumatda göstərilirdi: “Bu gün alınan məlumatlara əsasən, erməni hökuməti dekabrın 21-də Zəngibasar bölgəsinin müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlamışdır. Həmin tarixdə Qarğabazar, dekabrın 22-də isə Uluxanlı kəndləri dağıdılmışdır. Hal-hazırda Çobankər Qaraqışlaq kəndi uğrunda döyüş gedir. Əgər bu məlumatlar doğrudursa, onda şübhə yoxdur ki, Ermənistan 23 noyabr sazişini pozmuşdur”.
Bir başqa ingilis nümayəndəsi Qrandinin 1920-ci il 25 yanvar tarixli məlumatında göstərilirdi: “Azərbaycan hökuməti Zəngəzurda erməni topçu kolonnası tərəfindən daha 24 kəndin məhv edilməsi və kütləvi qırğınlar törədilməsi haqqında məlumat verir. Azərbaycanda ictimai fikir olduqca həyəcanlıdır və hökuməti Müttəfiqlərin fəaliyyətsizliyinə görə ittiham edir”.
O.Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd olunurdu: “Zəngəzurda erməni təcavüzü haqqında məlumatlar daxil olmaqda davam edir ki, bu da əhalinin Azərbaycan hökumətindən narazılığını gücləndirir. Əhali hökumətdən yubanmadan tədbirlər görməyi tələb edir”.
O.Uordropun məlumatlarında Qars vilayətinin müsəlman əhalisinin faciəvi durumu haqqında da bilgilər ehtiva olunur. Bəlli olduğu kimi, ingilislər Cənub-Qərbi Qafqaz Respublikasını ləğv etdikdən sonra 1919-cu ilin mayında sözügedən vilayətdə hakimiyyəti Ermənistana vermişdilər. Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd edilirdi: “Burada olan Azərbaycan nümayəndələri martın 5-də öz hökumətləri ilə əlaqə saxlayaraq bildirmişdilər ki, erməni hakimiyyət orqanları Çaldır, Zaruşat, Şunalal (Shuunal el) (söz buraxılıb) bölgələrindən olan müsəlmanlara öz kəndlərini tərk etməyi əmr etmişdir, həmçinin (söz buraxılıb) martın 1-də əhali tərksilah olmaq haqqında ultimatum almışdır, mühasirəyə alınmış kəndlər isə dağıdılmışdır. O, xahiş edirdi ki, qaçqınların Azərbaycana getmələrinin təmin edilməsi haqqında ərz-halları qəbul edilsin”.
Beləliklə, Britaniya diplomatik missiyasının 1919-cu ilin sonundan 1920-ci ilin əvvəlinə qədər dövrü əhatə edən yalnız bu məlumatlar əsasında belə bir nəticəyə gəlmək mümkündür ki, Zəngəzurda, Naxçıvanda və Qarabağda təqribən 69 kənd dağıdılmış, onların bütün dinc sakinləri isə məhv edilmişdi.
Eyni zamanda, sözügedən dönəmin sənədləri ingilis komandanlığının Cənubi Qafqazda ərazi ixtilaflarının, o cümlədən erməni-Azərbaycan münaqişəsinin həllinə dair tutduğu mövqeyin qeyri-ardıcıllığına əyani şəkildə dəlalət edir. Arxiv sənədləri sübut edir ki, erməni terrorçuları hətta silah və döyüş sursatlarını belə Britaniya hökumətindən alırdı. Bir sənəddə deyildiyi kimi, “mayor Hibbondan türklərdən müdafiə üçün aldığı bütün silah və artilleriyanı Andronik əhaliyə (erməni silahlı birləşmələri nəzərdə tutulur – N.G.) vermişdir”. Bir başqa sənəddə isə göstərilirdi ki, “belə ki, alyans (Antanta – N.G.) bu qoşunları (Andronikin silahlılarını – N.G.) əvvəllər maliyyələşdirdiyinə görə qoşunlar buraxılana kimi Andronikə hər ay 200000 rubl ödəmək təklif olunur”.
Eyni zamanda, öz cinayətlərini qonşuların üzərinə yıxmağa çalışan erməni təbliğatının yalançılığı haqqında Britaniya hakim dairələrində tədricən möhkəm əminlik formalaşmağa başlamışdı. Məsələn, Britaniya zabitləri hesab edirdilər ki, “böyük Ermənistan” haqqında bütün bu söhbətlər ekstremistlərin işinə yaramaqla milli hərəkatın atəşini körükləyir və kürdləri yenidən türklərin tərəfinə cəlb etməklə panislamizmin qüvvələrini möhkəmləndirir”. Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarında çoxsaylı vəhşilikləri haqqında məlumatlar alan Qrandi “erməni baş nazirinə teleqram vuraraq hücumları kəsməyi və silahlı dəstələri çıxarmağı tələb etmişdir. Tələb yerinə yetirilmədiyi təqdirdə o, Əlahəzrət Hökumətinə Ermənistana yardım göstərməməyi tövsiyə edəcəyi ilə hədələyirdi”. Qrandinin 1920-ci il yanvarın 29-da göndərdiyi şifrəli teleqramda Uordropa aşağıdakı təlimatlar verilirdi: “Siz Azərbaycan hökumətinin irəli sürdüyü ittihamları cidd-cəhdlə təhqiq etməlisiniz. Əgər sizin tərəfinizdən xatırlanan faktlara dair dəlillər tapılarsa, erməni hökumətinə ciddi xəbərdarlıq etməniz və hücumlara dərhal son qoyulmasını tələb etməniz lazım gələcək. Siz həmçinin Azərbaycan hökumətini məlumatlandırmalısınız ki, Ermənistan hökumətinə qəti etiraz göndərmək haqqında Əlahəzrət Hökuməti tərəfindən təlimatlandırılmışsınız”.
Beləliklə, Ermənistanın Cənubi Qafqazın müsəlman əhalisinin sistemli soyqırımına yönəlmiş təcavüzkar siyasəti göstərilən dövrün çoxlu sayda Britaniya arxiv sənədlərində öz əksini tapır. Britaniya arxivlərində tərəfimizdən aşkar edilmiş sənədlər göstərir ki, 1918-1920-ci illərin keşməkeşli siyasi hadisələri gedişində ən ağır fəlakət və müsibəti Azərbaycan əhalisi yaşamışdı. Bundan əlavə, Britaniya arxivinin məlumatları sübut edir ki, Azərbaycanın XX əsrin əvvəllərinin, xüsusən də 1918-1920-ci illər tarixi təhriflərdən, saxtalaşdırmalardan təmizlənməli və yenidən araşdırılmalıdır.

Nigar GÖZƏLOVA,
A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

“Azərbaycan” qəzeti

04.02.2015

11

22

33

44

1905.az