Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə məsələnin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılmasının əleyhinə səs verib.Belə ki, yalnız bir deputat komissiyanın yaradılmasının lehinə, 10 parlamentari isə əleyhinə səs verib. “Bununla da, bu məsələnin müzakirəsi bağlandı”, – deyə xarici əlaqələr üzrə komissiyanın rəhbəri Armen Aşotyan bəyan edib. Ötən həftə Bakıya gələn A.Aşotyan Ermənistanın “Putin İttifaqı”ndan çıxmayacağını bildirib.Qeyd edək ki, sentyabrın 14-də müxalif “Yelk” (Çıxış) fraksiyası Parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması barədə təşəbbüs irəli sürüb.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistan müstəqil dövlət kimi görünsə də, həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyanın əyaləti kimi mövcuddur:

“Bu gün Ermənistan müstəqil siyasi qərar qəbul edəcək dövlət deyil. Ermənistanın iqtisadiyyatının böyük əksəriyyəti, xüsusilə də bütün strateji müəssisələri Rusiyanın imkanları çərçivəsində fəaliyyət göstərir.Ermənistan Rusiyanın təhlükəsizlik sisteminə aid olan bir ölkədir.Demək olar ki, Ermənistan hətta öz sərhədlərini müstəqil qaydada qoruya biləcək ölkə deyil.Məlum məsələdir ki, bu gün Ermənistanın bütün sərhədlərini məhz rus qoşunları qoruyur.Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası var. Ermənistanın bütün hava məkanı yalnız Rusiya qoşunları tərəfindən qorunur və nəzarət olunur.Bu ölkənin silah təchizatının 99 faizi Rusiyadan asılıdır.Ona görə də bu gün Ermənistanın hər hansı bir strateji qərar qəbul etməsi üçün mütləq mənada Rusiyanın doğanağından keçmək məcburiyyətindədir”.

Politoloqun sözlərinə görə, Ermənistanda siyasi hakimiyyəti 10 illərdir ki, məhz Kremlin siyasi iradəsi fonunda qurulur:

“Ermənistanın Avrasiya İttifaqından çıxmaq kimi strateji qərarlar verməsi, özünü aldatmaqdan başqa bir şey deyil. Bu cür fikirlər Rusiyadan daha çox vəsait almaq və yenidən pulsuz qaydada silahlar almaq məqsədilə ortalığa atılmışdı.Bəzən Ermənistan Qərbə doğru müəyyən dönüşlər etməklə ikibaşlı oyun oynayır, Rusiya ilə Qərb arasında siyasi manevr etmək istəyir.Bu da Ermənistanın Rusiyadan daha çox nələrsə qopartmasına xidmət edir.Heç bir cəhətdən müstəqil olmayan Ermənistanın Avrasiya İttifaqından çıxmaq kimi strateji bir qərar verilməsi, beynəlxalq ictimai fikri aldatmağa yönəlik addım kimi qəbul olunmalıdır.Ermənistan bu cür addımlar atarsa, çox qısa zamanda Qarabağ klanı kimi mövcud olan Sarkisyan hakimiyyəti dərhal devrilər.Biz bunun nümunəsini Ermənistanda görmüşük. 1999-cu il faciəsini unutmamışıq. Ermənistan parlamentini güllə-baran etməklə bir çox strateji qərarların verilməsinin qarşısını Rusiya aldı.Bunu Ermənistanın mövcud hakimiyyəti də unutmayıb.Hesab edirəm ki, Ermənistan müstəqil subyekt kimi deyil, daha çox Rusiyanın bir əyaləti kimi fəaliyyət göstərir.Ona görə də bu cür qərarları Ermənistan müstəqil qaydada qəbul edə bilməz”.

Yeganə Oqtayqızı

Cebhe.info