Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir…

Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar.

İlham ƏLİYEV

Azərbaycanın əsrlərdir ki, ən ağrılı problemi olaraq qalan Qarabağ münaqişəsinin son mərhələsinin başlanmasından artıq 27 il ötür. Geridə qalan müddət ərzində müharibənin qanlı mahiyyəti səngisə də, savaşın və təcavüzün “bəxş” etdiyi faciələr, itkilər, qurbanlar azalmadı. Çünki cəbhə bölgəsində əldə olunan atəşkəsə baxmayaraq, müharibə davam edir və onun fəsadlarının sayı da durmadan çoxalır.

Müharibə məmləkətdə hər an duyulur, Qarabağ itkisi ölkədə addımbaşı özünü yada salır. Qaçqınlıq və məcburi köçkünlük həyatının çətinliklərində, vətəndə vətənsizlik taleyinə məhkum olan yüz minlərlə insanın iztirablarında, Qarabağdan kənarda doğulan qarabağlı körpələrin görmədikləri vətənə doğru uzanan baxışlarında, inamlarında, əsgərimizin qələbə və intiqam yanğısında davam edir Qarabağ savaşı…

Qarabağda 400 min il öncə yaşayış olub

Qarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli topağı olub və bu ərazidə yaradılmış bütün dövlətlər, xanlıqlar, inzibati vahidlər də məhz bizlərə məxsus idi. Qarabağın Azərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki əslində, bunu təkzib edən ən adi bir arqument belə mövcud deyil.

Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanın müxtəlif ərazilərini əhatə edib. Məsələn, vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində yazırdı: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.
Tarixi mənbələr Qarabağı təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixə malik diyarlarından biri kimi səciyyələndirir. Daha dəqiq desək, Qarabağ bölgəsi Aralıq dənizi sahilləri, Şimali Afrika və Çindən sonra dünyanın ən qədim insan məskənidir. Sadəcə, bir faktı göstərək: bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Azıx mağarasının alt təbəqələrindən aşkar olunmuş əmək alətlərinin Quruçay mədəniyyətinə aid olduğu öz təsdiqini tapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aiddir. 1968-ci ildə isə Azıx mağarasında Azıx adamının – azıxantropun çənə sümüyü tapılmışdı. Burada Azıx adamının 400 min il əvvəl yaşadığı güman olunur. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Qarabağın Quruçay vadisində öz əhəmiyyətinə görə Azıxdan sonra ikinci böyük kəşf Quruçayın sol sahilində, Azıx mağarasının yaxınlıqlarında yerləşən Tağlar mağarasının aşkar edilməsi oldu. Azıx və Tağlar mağaraları arasında məsafə 3 kilometrdir. Qazıntılar nəticəsində Tağlar mağarasının aşağı təbəqələrində onurğalılar faunasının qalıqları, habelə çoxlu sayda daş əmək alətləri aşkar edilmişdir. Onların arasında hazırlanması ustalıq tələb edən çoxsaylı daş məmulatları da var.

Füzuli rayonunda Qarabağın unikal arxeoloji abidəsində – Qaraköpəktəpədəki tapıntılar isə söyləməyə imkan verir ki, burada qədim insanın həyatı mezolit (təqribən e.ə. X-VIII minilliklər) dövründən etibarən başlayırdı. Sonrakı dönəmlərdə Qaraköpəktəpə nəinki Qarabağ və Azərbaycan, bütünlükdə Qafqaz ərazisində canlı yaşayış məskənlərindən biri idi. Antik çağlarda Qaraköpəktəpə Qafqaz Albaniyasının mədəni və sosial-iqtisadi həyatı ilə bilavasitə bağlı idi. Nəfis saxsı məmulatları, xüsusən də boyalı keramika əşyaları qədim Qarabağ sənətkarlarının yüksək ustalığının nəticəsidir və bu bölgədə sənətkarlığın və ilkin incəsənət formalarının yetərincə yüksək inkişaf səviyyəsindən xəbər verir.

“Qarabağ” – böyük bağ

Qarabağ ifadəsinin mənşəyi isə Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan tarixində Qarabağ adı ilk dəfə Elxanilər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddin “Camiə’t-təvarix” adlı əsərində 1284-cü ildə baş verən hadisələrdən bəhs edərkən “Arran Qarabağı” şəklində istifadə edilmişdir. Tədqiqatçılar bu dövrdə Qarabağ adına Azərbaycandan kənarda da təsadüf edildiyi üçün, xüsusilə Türkmənistan və Əfqanıstan sərhədində yerləşən “Baqdis Qarabağı” ilə onu qarışdırmamaqdan ötrü “Arran Qarabağı” adlandırıldığını qeyd edirlər. Türk dillərində qaranın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənaları kəsb edir.

Qeyd edək ki, bu tarixi faktları günümüzə çatdıran, onların elmi əsaslandırmasını təmin edən çoxsaylı tədqiqatlar son vaxtlar mütəmadi olaraq nəşr olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağla bağlı tarixi həqiqətləri təhlil edən, azərbaycanlıların zaman-zaman məruz qaldığı soyqırımılarını anladan kitablar xarici dillərə da tərcümə edilərək geniş ictimaiyyətə çatdırılır. Milli Məclisin deputatı, professor Yaqub Mahmudovun müəllifliyi və rəhbərliyi ilə ərsəyə gələn çoxsaylı tarixi nəşrlər də tarixçilərimizin əsas faktoloji istinad mənbələrindən birinə çevrilib. Bu günlərdə Milli Məclisin deputatı Ceyhun Osmanlının layihə rəhbərliyi və araşdırmaçılar Bilal Dədəyev, Ceyhun Mahmudlu və Şamxal Əbilovun müəllifliyi ilə çapdan çıxan “Qarabağ 99 sualda” kitabı da bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. Ensiklopedik səciyyə daşıyan bu tədqiqat əsəri ən qədim dövrlərdən müasir çağımızadək Qarabağ ətrafında cərəyan edən prosesləri aydınlaşdırır, indiyədək qaranlıq qalan xeyli məqama aydınlıq gətirir.

“Qarabağ 99 sualda” kitabında vurğulanır ki, Qarabağ ərazisi qədim Azərbaycan dövlətlərinin hamısının tərkibində olub. Eramızdan əvvəl IV – eramızın VIII əsrlərində mövcud olan Albaniya dövləti bütün Qarabağ ərazisini əhatə edirdi. Albaniya dövründə hazırkı Qarabağ torpaqları əsasən dörd inzibati vahid – Arsax-Xaçen, Uti, Sunik və Kaspiana-Paytakaran əyalətləri arasında bölünmüşdü. Ermənilər “Arsax” adının mənşəyini sırf özləri ilə əlaqələndirməyə çalışsalar da, bu cəhdləri dəf edən yetərincə fakt var. Bu toponim birmənalı olaraq, sak, skif tayfalarının adı ilə bağlıdır. Uti adı da məhz burada məskunlaşan türk tayfalarının adı ilə əlaqəlidir. Tədqiqatçılar isbat edir ki, Uti sözü “Qara insanlar” və yaxud “Qara adamların yaşadığı yer” mənasındadır, Arsax adı isə qədim Qarabağda yaşayan türk tayfaları ilə bağlı olaraq, türkçə ər+sak və yaxud art (dağlıq ərazi, yüksəklik) +sak birləşməsindən meydana gəlib.

Tarixi Qarabağ vilayətinin də içində yerləşdiyi Albaniyanın qədim əhalisini albanlar, utilər, kaspilər, girdimanlar, tsavdeylər, leqlər, qarqarlar, çilblər və başqaları təşkil etmişdir. Keçən əsrin sonlarınadək Orta Asiyada qazaxlar, türkmənlər, qırğızlar və qaraqalpaqlar arasında Alban adlı türkdilli tayfanın mövcud olması Alban etnik adını daşıyanların türk mənşəli olduğunu bir daha təsdiqləyən faktlardandır. Eramızın ilk əsrlərində Qarabağın əhalisinin əksəriyyətini təşkil edən, hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları Azərbaycan xalqının təşəkkülü prosesində mühüm rol oynayırdılar.

Qarabağ ərazisində ermənilərin tarixən yaşaması faktı göründüyü kimi əsassızdır. Belə ki, hind-Avropa mənşəli ermənilərin əslən qafqazlı deyil, təxminən eramızdan əvvəl VIII-VII əsrlərdən başlayaraq Balkandan – Frakya bölgəsindən Yuxarı Dəclə Fərat hövzəsinə köçdüklərini və tədricən Van gölü ətrafına yerləşdiklərini tarixi faktlar sübut edir. Rus tarixçisi V.L.Veliçkonun qeyd etdiyinə görə, ermənilərin bir hissəsi Qüdsün dağılmasından sonra yəhudilərlə qarışmışdı (e.ə. VI əsrdə Babil dövləti Qüdsü ələ keçirərək şəhərdəki müqəddəs məbədi dağıtmış və yəhudiləri köç etməyə məcbur etmişdir). 1785-ci ildə Venesiyada çap olunan və eramızdan əvvəl IV əsrin sonlarında Makedonyalı İsgəndərin imperiyasının (e.ə. 336-323) sərhədlərini əks etdirən xəritədə də ermənilərin Assuriya və Mesopotamiya ərazilərində, yəni Kiçik Asiyanın cənubi-şərq torpaqlarında yaşadıqları göstərilmişdir. Vaxt keçdikcə Şərqi Anadolu və İran sərhədləri boyunca yayılan ermənilər, bundan sonraki tarixlərdə ayrı-ayrı dövlətlərin hakimiyyətini qəbul edərək müxtəlif xalqlarla qaynayıb-qarışdılar.

Ərəb işğalı xristian albanların qriqoriyanlaşmasına təkan verdi

VII əsrin ortalarında Sasani dövlətini süquta uğradan ərəblərin nəzarəti altına keçən Azərbaycanın Kür-Araz arasındakı bölgəsi artıq Arran adlanmağa başladı. Arran, indiki Qarabağ bölgəsi də daxil olmaqla geniş bir ərazini əhatə edirdi. VII əsrin sonu – VIII əsrin əvvəllərində Azərbaycanda və eləcə də Qarabağda İslam dini sürətlə yayılırdı. “Qarabağ 99 sualda” kitabında qeyd olunur ki, bəzi dağlıq və dağətəyi yerlərdə İslam dininin yayılması baş tutmamışdı. Bu da çöl şəraitində yaşayan ərəblərin dağlıq bölgəyə uyğunlaşa bilməmələrindən qaynaqlanırdı. Bu səbəbdən Qarabağın yuxarı dağlıq hissəsində yaşayan xristian albanlar, öz məskunlaşdıqları bölgənin Arsax adını Ağvan ölkəsi şəklində dəyişmişdilər. Tarixi Qarabağ ərazisi qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniyanın tərkibində Uti və Arsax vilayətlərini əhatə etmişdi. Ərəblərin Azərbaycanda hakimiyyəti dövründə Uti Arran, Arsax isə Ağvan kimi işlədilmişdir.

Ərəb xilafəti dövründə Qarabağ Albaniya zamanında olduğu kimi nəinki Azərbaycanın, həm də bütün bölgənin siyasi mərkəzi olaraq qalmaqda idi. Belə ki, Qarabağın inzibati mərkəzi olan Bərdə şəhəri ərəb canişinlərinin iqamətgahı olmaqla yanaşı, həm də çiçəklənən ticarət mərkəzi rolunu oynayırdı. İnkişaf səviyyəsinə görə ərəb müəllifləri Bərdəni “bölgənin Bağdadı” adlandırırdılar.

Ərəb xilafəti dövründə Azərbaycanın bəzi dağlıq bölgələrində xristian və yəhudilər öz dinlərində qala bilmişlər. Zaman keçdikcə, Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşmağa və erməniləşməyə başladı. Beləliklə, dağlıq bölgədəki albanlar cizyə adlanan can vergisini verərək xristian dinində sərbəst həyatlarını yaşamışlar. VIII əsrin əvvəllərində erməni katolikosu İlyanın Xəlifə əbdül Məlikə (685-705) Albaniyada Xilafət əleyhinə üsyan başladığı barədə xəbər verməsi nizami ərəb ordusunun Albaniyaya göndərilməsi ilə nəticələndi. Ərəblər Bərdəni ələ keçirərək üsyanı yatırdıqdan sonra Albaniyada çar hakimiyyətinə son qoydular. Beləliklə, 705-ci ildə Albaniya dövlətinə son qoyuldu. Albanların dini inanclarına görə, Bizansa yaxınlaşması bəhanə edilərək Alban kilsəsi erməni katolikosluğunun təsiri altına salındı. Bu tarixdən etibarən din işlərində Alban kilsəsi erməni əsilli keşişlərə əmanət edildi. Erməni kilsəsinin təzyiqi nəticəsində Qarabağın xristian əhalisi mədəni-ideoloji asimiliyasiyaya və qriqoriyanlaşmağa məruz qaldı.

Qarabağ Azərbaycan dövlətləri tarixində mühüm rol oynayan bölgələrdən biri idi. Qarabağ IX-X əsrlərdə Sacilər (879-941) və Salarilər (941-981), X-XI əsrlərdə Şəddadilər (971-1088) və Böyük Səlcuqlar, XII-XIII əsrlərdə Eldənizlər (1136-1225), XIII əsrin ikinci yarısından başlayaraq XIV əsrin ortalarına qədər Elxanilər (1256-1357), XIV əsrin ikinci yarısında Cəlairilər (1359-1410), XV əsrdə isə Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1501) Azərbaycan dövlətlərinin tərkibinə daxil olmuşdur.

Qarabağ Arranın əsas tərkib hissəsi kimi orta əsrlərdə Azrbaycanda baş vermiş ictimai-iqtisadi və siyasi hadisələrin mərkəzlərindən birinə çevrilmişdir. Belə ki, Səlcuq hökmdarı sultan Alp Aslan (1063-1072) gürcülərə qarşı çıxdığı səfərdən dönərkən bir müddət Qarabağda qalıb qışı burada keçirmişdir (1064). Şəmsəddin Eldəniz (1136-1175) Atabəylər dövlətinin təməlini bu bölgədə – Bərdədə qoymuşdur. Elxani hökmdarlarından üçü – Qazan xan (1295-1304), Arpa xan (1335-1336) və Ənuşirəvan (1344-1355) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə – Arqun xan (1284-1291) və Əbu Səid (1316-1335) Qarabağda vəfat etmişdir. Cəlairi Şeyx Üveys (1359-1374) və Sultan Əhmədin (1382 – fasilələrlə 1410) hakimiyyəti dövründə Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunmuş, Əmir Teymur (1370-1405) isə Qarabağ ərazisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizədə başlıca istinadgah kimi istifadə etmişdir. Eləcə də Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin həlledici döyüşlərindən bəziləri Qarabağda baş verməklə bərabər, bəzi önəmli hadisələrin mərkəzində yenə Qarabağdakı tayfaların böyük rolu olmuşdur.

Qarabağ Səfəvi-Osmanlı savaşlarının mərkəzində

Səfəvilər dövründə Qarabağ bölgəsi mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi kimi Səfəvi dövlətinin on üç inzibati vilayətdən birini təşkil edərək, 235 il, yəni 1736-cı ilədək mövcud olmuşdur. Qarabağ bəylərbəyliyi tarixi Arran vilayətini, daha doğrusu, Kür və Araz çayları arasındaki torpaqları əhatə etmiş və hətta XVII əsrin sonlarında onun sərhədləri Tiflisə gədər uzanmışdır. Qarabağ bəylərbəyliyinin bu ərazisi demək olar ki, Osmanlı hakimiyyəti dövründə (1588-1606 və 1724-1735-ci illər) də dəyişməmişdir. Ərazidə qeydə alınan 1300 toponomik vahidlərin hamısı Azərbaycana məxsus idi.

Qanuni Sultan Süleyman (1520-1566) dövründə Azərbaycana dörd hərbi yürüş təşkil olunsa da, Təbrizin üç dəfə ələ keçirilməsinə baxmayaraq, Qarabağ bölgəsinə yiyələnmək Osmanlılara müəssər olmadı. Qarabağ ilk dəfə III Murad (1574-1595) dövründə, 1590-cı ildə Osmanlı dövləti ilə Səfəvilər arasında imzalanan İstanbul sülh müqaviləsinə əsasən Osmanlı dövlətinin idarəsinə keçdi. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibələrindən sonra Osmanlı dövlətinin ələ keçirdiyi Azərbaycan torpaqlarında yaratdığı dörd bəylərbəylikdən biri də Gəncə-Qarabağ əyaləti idi. 1593-cü ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-Qarabağ əyalətinin icmal dəftərində 36 nahiyədən ibarət 7 sancaq qeydə alınmışdır. Qarabağdakı bu sancaq və nahiyələr belə sıralanırdı: Bərdə, Otuzikili və Hacılı tayfasının yaşadığı Xaçın, Axıstabad, Dizaq, Həkəri və Vərəndə sancaqları. Bundan əlavə, bu icmal dəftərindəki məlumatlardan XVI əsrin sonlarında Qarabağda yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və oymaqlardan ibarət olduğu görünür.

XVII əsrin əvvəllərində Azərbaycan uğrunda Səfəvi-Osmanlı müharibəsi yenidən başladı və 1606-cı ildə Qarabağ ərazisi azad edildi. 1612-ci ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, Qarabağ ərazisi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı. 1724-cü il iyulun 12-də İstanbulda bağlanan müqaviləyə əsasən, Tiflis, Təbriz, İrəvan, Gəncə və Qarabağ Osmanlı dövlətinin nəzarətinə keçdi.

1735-ci ilə qədər Osmanlı dövlətinin tərkibində qalan Qarabağ inzibati cəhətdən yeni yaradılan Gəncə-Qarabağ əyalətinin tərkibində olsa da, inzibati cəhətdən bəzi dəyişikliklərə məruz qaldı. Bununla bağlı ən mühüm məlumatı 1727-ci ildə Osmanlı maliyyə məmurları tərəfindən tərtib olunan və məzmununa, eləcə də verdiyi məlumatlara görə çox qiymətli olan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndən əldə etmək mümkündür. Osmanlıların yeni inzibati bölgüsünə əsasən Gəncə-Qarabağ əyaləti 37 nahiyəni birləşdirən 5 livadan (sancaqdan) və iki qəzadan (Gəncə və Lori) ibarət idi. Müfəssəl dəftərdə qeyd olunan 1.178 kənddən yalnız 25-nin adı erməni kəndi kimi göstərilmişdir. Burada qeyd olunan məlumatlardan aydın olur ki, Osmanlı-Səfəvi müharibəsi zamanı Qarabağın türk-müsəlman əhalisinin 40 faizə qədəri ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, ordu mənsubları və döyüşlərdə ölən əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri-müsəlmanların sayı 20 faizi keçməmişdir.
Rusiya və Osmanlı dövləti tərəfindən ələ keçirilmiş Azərbaycan ərazisi XVIII əsrin birinci yarısında Nadir şah tərəfindən azad edilmişdir. Belə ki, 1735-ci ildə Səfəvi-Rusiya və 1736-cı ildə isə Osmanlı dövləti ilə imzalanmış sülhə görə Səfəvi dövlətinin ərazi bütövlüyü bərpa olunmuş və Qarabağ Nadir şahın hakimiyyəti altına keçmişdir.

1736-cı ildə Nadir şah Əfşar Səfəvilər dövlətinə son qoymaqla bərabər, həm də Qarabağ ərazisində yaşayan əhaliyə qarşı amansız faciələrə, qırğınlara rəvac verdi. Nadir şah onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Qarabağ bəylərbəyliyinin türk-müsəlman sakinlərinə qarşı ağır cəza tədbirləri həyata keçirdi. Eyni zamanda, Qarabağ əhalisinin mütləq əksəriyyəti, Cavanşir, Otuziki və Kəbirli tayfalarını Xorasana sürgün etdirdi, tayfa başçılarını isə yanında girov saxladı. Qeyd edək ki, Nadir şahın ədalətsiz və qəddar olduğu qədər də Azərbaycanın ümummilli mənafeyinə zərbə vuran bu xəyanətkar addımı Qarabağda mövcud olan alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə əsaslı təkan verdi. Nadir şahın ölümü ilə onun qurduğu dövlət parçalandı və Azərbaycan ərazisində yeni dövlətlər – xanlıqlar yarandı.

Qarabağ xanlığını Oğuz xanın şəcərəsi qurdu

Qarabağ əyalətinin ərazisində isə iki Azərbaycan xanlığı – Gəncə və Qarabağ xanlıqları yarandı. Ərazisi indiki Qarabağ ərazisini əhatə edən Qarabağ xanlığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdur. Qarabağ xanlığının sahəsi təqribən 18000 km2 olub, şimaldan cənuba 182, şərqdən qərbə qədər isə 273 km olduğu bildirilir. Qarabağ xanlığının ərazisi inzibati cəhətdən 21 mahaldan ibarət idi: Çalbayır, Zəngəzur, Mehri, Qafan, Sisyan, Dəmirçi-Aslanlı, Güpara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış (Gülüstan), Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara, Dizaq, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd və Acan-türk.

Elində-obasında hələ çox əvvəllərdən qəhrəmanlığı və ədaləti ilə hamının rəğbətini qazanmış Pənahəli bəy Cavanşir yurdundan didərgin düşən qarabağlıların öz tarixi vətənlərinə dönüşünün təminatçısı oldu və 1747-ci ildə Qarabağı müstəqil dövlət elan etdi. Nadir şah tərəfindən sürgün olunmuş qarabağlıların doğma yurdlarına qayıtması və onların Pənahəli xanın ətrafında sıx birləşməsi ilə xanlığın mövqeyi çox gücləndi. Qeyd edək ki, Qarabağ xanlığının qurucusu olan Pənahəli xanın soyu Türküstandan gəlmiş Cavanşir tayfasının Bəhmənli elinə bağlı Sarıcalı oymağından idi. Əbül-Qazi Bahadır xana görə, Qarabağ xanlığının idarəsi, Oğuz xanın üçüncü oğlu olan Ulduzun böyük oğlu Afşarın nəvələrindən Cavanşir qəbiləsinin Sarıcalı sülaləsinə aid olmuşdur.

Pənahəli xan 1748-ci ildə qədim türk tayfası olan bayatıların adı ilə bağlı Bayat qalasının tikilməsinə qərar verdi, sonradan bura xanlığın inzibati mərkəzinə çevrildi. Qarabağın və Pənahəli xanın güclənməsi qonşu xanlıqların ciddi narahatlıqlarına səbəb oldu və onlar müxtəlif zamanlarda Qarabağ üzərinə yürüşə çıxdılar. Fəqət, bütün savaşlarda da Pənahəli xana məğlub oldular. Pənahəli xan dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Şuşa (Pənahabad) qala-şəhərinin əsası qoyulmuşdur (1751-1756).
Pənahəli xanın ölümündən sonra 1763-1806-cı illərdə İbrahimxəlil xan tərəfindən idarə olunan Qarabağ xanlığı ən güclü dövrünü yaşamışdır. Qubalı Fətəli xanın 3 dəfə və Ağa Məhəmməd şah Qacarın iki dəfə Qarabağa hücum etməsinə baxmayaraq, İbrahimxəlil xan hakimiyyətini qoruyub saxlaya bilmişdi. O, Osmanlı dövləti ilə sıx əlaqələr yaradan Azərbaycan xanlarından biri olmuşdu. Ümumiyyətlə, Qarabağ xanlığı 75 illik tarixi boyunca əsasən 3 xan – Pənahəli xan (1747-1763), İbrahimxəlil xan (1763-1806) və Mehdiqulu xan (1806-1822) tərəfindən idarə olunmuşdur.

Qarabağ məlikliklərinin sakinləri erməni yox, xristian mənşəli albanlar idi

Xanlığın son dövrlərində ermənilərin sayının cüzi artmasına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən ondabir hissəsini təşkil etmişdir. Onlar əsasən Xəmsə deyilən məlikliklərdə yaşamışlar. Qarabağ xanlığının ərazisində 5 məliklik (Vərəndə, Çiləbört, Xaçın, Dizaq, Gülüstan) mövcud idi. Xaçın istisna olmaqla, digər məlikliklərin sakinləri əslən Qarabağdan deyildilər. Özü də onlar heç erməni də deyildilər, keçmiş alban nəsillərinin nümayəndələri olmuşlar. Bu gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra mərkəzdənqaçma meyillərinə yönəlsələr də, heç bir dövlət birləşməsi yarada bilmədilər, hətta bir-birləri ilə mübarizə apardılar.

Tarixi faktlar isbat edir ki, XIII əsrin ortalarına kimi Qarabağda fəaliyyət göstərən Xaçın knyazlığının hökmdarı olmuş Həsən Cəlal nəslindən olan Cəlalilər XV əsrdə Qaraqoyunlu Cahanşahdan (1438-1467) “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal knyazlığına – məlikliyinə parçalandı. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin tərkibində kiçik yerli inzibati-ərazi vahidi kimi xristian məliklikləri fəaliyyət göstərmişdir. Bu məliklikləri idarə edənlər XVII və XVIII əsrlərdə Qarabağa kənardan gələrək burada yaşayan xristian albanlara məlik təyin edilmişlər. Məsələn, Mirzə Adıgözəl bəyə görə Dizaq məliyi Yeqan Loridən, Vərəndə məliyi Şahnəzər Göycədən, Çiləbörd məliyi Allahqulu Mağavizdən, Gülüstan məliyi Usub Şirvandan gəlmədirlər. Bu məlikliklərdən yalnız biri, Xaçın məlikləri qədim Alban hakimləri nəslindən olan Həsən Cəlal övladıdır. Hətta əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir.

Nadir şah Əfşar hakimiyyətə gələnə qədər 200 il ərzində Qarabağ məlikləri Ziyadoğlu Qacarların hakimiyyəti altında olmuşdur. 1736-cı ildə Qarabağ məlikləri onların nəzarətindən çıxarılmış və İbrahim xana tapşırılmışdır. Nadir şahın ölümündən (1747) sonra Qarabağ məliklikləri Pənahəli xana tabe olmuşdur. Lakin Pənahəli xanın dövründən başlayaraq məliklər bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək etməklə Qarabağ xanlığının müstəqilliyini sarsıtmağa çalışırdılar. Buna görə də müdrik və uzaqgörən Pənahəli xan Ağdərə və Ballıqaya döyüşlərində məliklərin separatçılıq hərəkətlərinə son qoyaraq onları tamamilə Qarabağ xanlığına tabe etmişdir.

(ardı var)

İxtiyar HÜSEYNLİ, “Azərbaycan” qəzeti

1905.az