İrəvan şəhəri XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş və indi Ermənistan adlanan respublikanın paytaxtıdır. Bu şəhər Ağrı vadisinin şimal-şərqində Zəngi çayının sahilində yerləşir.

irəvan
İlk dəfə adı VII əsrdə (607-ci il) xatırlanır: “607-ci ildə katolikos (alban katolikosu – İ.B.) Abraham, Dvin şəhərində çağırdığı dini iclasda demişdir ki, bu iclasda həm də İrəvandan iki nümayəndə: David və Cocik iştirak eləyirlər” (13, s. 36). İrəvan nümayəndələrinin bu dini iclasda iştirakı onu sübut edir ki, İrəvan şəhəri iqtisadi , ictimai-siyasi cəhətdən inkişaf etmiş bir yer olmaqla yaşayış məskəni kimi daha qədimdən mövcuddur .

İrəvan şəhərinin adı 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Rəvan, İrəvan (5, s. 159), XVII əsr mənbəyində Rəvan (3, s. 50), 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan (5, s. 75), XIX əsr rus mənbələrində Grivan, Erevan, Erivan (19, s. 260-261), formalarında qeyd edilmişdir. Erməni mənbələrində şəhərin adı Erivan, Ay­ravan, Evran, Errevant, Rəvant, İrvan, XX əsrin 30-cu illərindən Yere­van formasında yazıya alınmışdır. Şəhər guya I Ağriştinin e. ə. 782-ci ildə tikdirdiyi Erebuni qalasının yaxınlığında salınmışdır.

Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan ərazisinə səyahət edərək Göyçə gölünün sahilində qədim yazılan araşdırmış və gölün sahilindəki Gölkənd (ermənilər Zovinar deyir) kəndinin yaxınlığında tapdığı yazıları b.е.ə. VIII əsrə aid etmişdir. Bu daş kitabələrdə qeyd edilir : Urar­tu şahı I Rus (e. ə. 730-714) deyib ki, ölkəni, о cümlədən İrəvan ölkəsini zəbt etdim (13, s. 30).

Buradan aydın olur ki, Urartu şahının işğal etdiyi yer qədim türk ərazisi olub. Deməli, bir yaşayış məskəni kimi İrəvan qədim tarixə malikdir.

Lakin bəzi tədqiqatçılar İrəvan şəhərinin salınmasını XV – XVI əsrlərə aid edirlər. Bununla bağlı XVII əsrdə yaşayıb-yaratmış görkəmli türk coğrafiyaşünası Evliya Çələbi yaşayış məntəqəsi kimi İrəvanın XV əsrdə salındığını yazır: “Hicri – 810 (1407-08)-cu ildə Əmir Teymurun tacirlərindən Хасə xan Ləhicani adlı tacir Rəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. Öz ailə üzvlərilə burada sakin olur. Gündən-günə düyü əkini hesabına varlanaraq bu böyük kəndin əsasını qoyur” (3, s. 50).

Tədqiqatçıların bir qismi isə İrəvan şəhərinin salınmasını Xətainin adı ilə bağlayırlar. Tarixçi-toponimist Q. Qeybullayev yazır: “… yaşayış məntəqəsi kimi Yerevan yalnız XVI əsrdən məlumdur” (8, s. 40). Fikrimizcə, şəhərin salınması XVI əsrə aid edilə bilməz. Çünki Şah İsmayıl İrəvan şəhərini yox, İrəvan (Rəvan) qalasını tikdirmişdir. Bununla bağlı Evliya Çələbinin bir məlumatı da diqqəti çəkir: “…h. 915 (1509-10)-cu ildə İran Şahı (?-İ.B.) Şah İsmayıl orada qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verir. O da 7 ilə qədər orada qala tikdirərək adını “Rəvan” qoyur. Zəngi çayının şərq sahilində yerləşmiş daş və kərpicdən tikilmiş möhkəm , gözəl bir qaladır, ancaq hasarı yoxdur” (3, s. 50).

Erməni tarixçisi Yervand Şahəziz bu qənaətə gəlmişdir ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəlli olmuşdur (11, s. 33).

XVII əsr fransız səyyahı Jan Şarden İrəvan şəhəri haqqında yazır: “İrivan (müəllif İrəvan şəhərinin adını İrivan formasında qeyd edir ) böyük şəhərdir: onun çox böyük hissəsi dağlardan və üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. О, hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfindən Zəngi, cənub-qərb tərəfindən isə Qırx­bulaq (Zəngi о nor-uest, Körkbulaq о Südest) çayları axır” (14, s. 21).

Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərli İrəvan şəhərinin coğrafiyası ilə bağlı yazır: “Iravan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxurda düşübdür. Şimali-qərbi və şimali-şərqi tərəflərdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, onda gözəl bağ, bağça və məzrələri vardır” (7, s. 201).

İrəvan, eyni zamanda dövrünün mədəniyyət mərkəzi olmuşdur. Evliya Çələbi hələ XVII əsrdə qeyd edirdi ki, “Rəvanda qazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşik ağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardır” (3, s. 54).

F.Köçərli demişkən : “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub” (7, s. 202).

Qədim türk yaşayış məskəni olan İrəvan VII əsrdə (642-643) Ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə səlcuq türklərinin, XIII-XIV əsrlərdə monqol-tatarların tabeliyinə daxil edilmiş, XV əsrdə Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəyiliyinin, XVIII əsrin ortalarından mövcud olan Azərbaycan xanlıqlarından biri İrəvan xanlığının mərkəzi olmuşdur. 1827-ci ildə İrəvan Rusiya tərəfindən işğal edilmişdir.

1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirildi.

Çox təəssüflə qeyd etməliyik ki, türklərin tarixən məskunlaşdığı bu qədim şəhər XX əsrin əvvəllərində ermənilərə verilmişdir. Belə ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli Xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə bu haqda yazmışdır : “Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik” (12, s. 6).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin yanvarında Ağdam Olimpiya İdman Kompleksinin açılış mərasimindəki nitqində demişdir: “Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan, о cümlədən hərbi imkanlarından istifadə etsin və öz doğma torpaqlarını azad etsin. Biz heç kimin torpağını zəbt etməmişik. Halbuki indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıbdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, о da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər”.

Şəhərdə tarixən yalnız azərbaycanlılar (erməni, rus məhəllələrində azərbaycanlılar həm də “islam”, “farslar”, “müsəlmanlar”, “tatarlar”, “Türklər” adı ilə göstərilir) və XVII-XVIII əsrlərdə isə çox az sayda ermənilər yaşamışlar (10, s. 151-158).

1655-ci ildə İrəvana gəlmiş Jan Batist Taverniye yazır ki, şəhər qalasında yalnız müsəlmanlar (azərbaycanlılar – İ.B) yaşayırdılar (10, s. 158).

XVII əsrdə İrəvanda olmuş Avropa səyyahlarından Cemelli, Ker-Porter, Ceyms Moriyen, Monpero, Kameron, Linç, Dübüa və b. İran hökmdarlarının tabeliyində olan İrəvan şəhərini İran torpağı, bu torpaqda yaşayan əhalini iranlı, fars kimi qələmə vermişlər (11, s. 31). Əsl həqiqət isə belədir ki, İrəvan şəhərində yaşayan əhali “iranlı”, “fars” yox, Azərbaycan türkləri olmuşdur.

İrəvan qədimdən inkişaf etmiş Azərbaycan şəhəri olmuşdur. Burada hətta pul kəsilirdi.

XVII əsrdə yaşayıb-yaratmış görkəmli Türkiyə coğrafiyaçısı Evliya Çələbi yazır: “Şəhər (İrəvan şəhəri -) içərisində təqribən 2600 üstü örtülü torpaq ev vardır. Onlardan ən abad və gözəli xan sarayıdır ki, Əmirqunə xan abadlaşdırmışdır. Bu sarayın yaxınlığında, sol tərəfində şah zərrəbxanası yerləşir. Burada abbası və bisti kəsilir. Yayla qapısı qarşısında olan böyük əraziyə qədim şəhər deyirlər. Burada cümə məscidi , karvansara, üstüörtülü və üstüaçıq bazar vardır. Körpü başında xan bağı yerləşir. Yenə orada cümə məscidi, karvansara, hamam, üstüörtülü bazar çoxdur, bir növ şəhərdir” (3, s. 54-55). İrəvan şəhərində, bilavasitə azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr kifayət qədər olmuşdur.

Bu tarixi abidələri bilərəkdən gah farslara aid etmiş, gah da “yapon bəzəkləri”, “Çin memarlıq nümunələri” adlandırmışlar.

İrəvan şəhərində tarixi abidələr içərisində məscidlər xüsusi olaraq diqqəti cəlb edir. Bu şəhərdə tarixən kilsə olmadığı halda, doqquz məscid olmuşdur: Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi . Lakin bu gün yalnız bir məscid – Göy məscid qalmışdır ki, həmin məscidi də bu gün ermənilər fars məscidi kimi dünyaya tanıtmaq istəyirlər. İrəvan şəhərinin məhəllə (Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar. Yonçalıq və Börkçülər ), karvansara (Gürcü karvansarası , Culfa karvansarası, Sərdar karvansarası, Sulu karvansarası, Tağlı karvansara, Susuz karvansara, Hacı Əli karvansarası). meydan (Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük mey­dan, Şəhər meydanı) adları da Azərbaycan dili əsasında yaranmışdır.

İrəvanda olmuş rus, Avropa səyyahlarının həqiqəti söyləməyə sanki dilləri gəlməmişdir. “Qədim tarixli memarlıq məktəbimizin təsviri sənətimizdən gözəl örnəklərindən, babalarımızın yüksək sənətkarlıq nümunələrindən vəcdə gələn səyyahlar, tədqiqatçılar, yazıçılar çox təəssüf ki, bu örnəkləri, bu nümunələri tamamilə başqalarına aid etmişlər. Elə həmin Linçin (F.B. Linç – İ.B.) dediyinə görə, xan sarayı ilə Güzgülü salon “fars memarlıq məktəbinə xas olan parlaq abidədir”. İ.Şopenin yazdığına görə guya bu, “Çin memarlıq üslubu ilə ucaldılmış imarətdir”. Xan sarayında daha çox olmuş və qalmış A.S.Qriboyedov daha uzaqlardan yapışıb salondakı, tavanlardakı bəzəkləri “yapon bəzəkləri” adlandırmışdır (11, s. 46).

1673-cü ildə İrəvanda olan XVII əsr fransız səyyahı Jan Şarden yazır ki, İrəvan qalası kiçik bir şəhərdən böyükdür. О oval formadadır ki, dairəsi dörd min addım olub, təxminən 800 evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər (Azərbaycan türkləri – İ.B.) yaşayırlar (14, s. 21).

İrəvan şəhərinin etnik tərkibinə nəzər salanda aydın olur ki, İrəvanda tarixən yalnız Azərbaycan türkləri yaşamışlar. Bizə gəlib çatan tarixi mənbələrdən görünür ki. İrəvan şəhərinin köklü sakinləri azərbaycanlılar olmuşlar.

XVI əsrə aid Çuxur -Səd vilayətinin vergi dəftərində göstərilir ki, İrəvan şəhəri altı məhəllədən ibarətdir ki, burada da yalnız azərbaycanlılar yaşayır (10, 5.151).

Erməni tədqiqatçısı A.Papazyan yazır ki, XVIII əsrin əvvəllərində Osmanlı türklərinin müdaxiləsi vaxtında yalnız iqtisadi baxımdan deyil, dövlət-siyasi baxımdan da ermənilərin yenidən burada (İrəvanda – İ.B.) məskunlaşdırılması vacib idi. Osmanlılara müqaviməti məhz onlar göstərməli idilər (10, s. 152). Sitatın ardınca S.Məmmədov fikrə aydınlıq gətirərək qeyd edir ki, XVIII yüzilliyin əvvəllərinə qədər İrəvan şəhərində və bəylərbəyilikdə ermənilər olmamış, burada yalnız azərbaycanlılar yaşamışlar (10, s. 152) .

Hələ XVII əsrin 50-ci illərində İrəvana gəlmiş səyyah de-Labule la Quza və 1655-ci il mayın 20-də Lalenin İrəvandan XIV Lyudovikin ünvanına göndərdikləri məktubda yazırlar ki, İrəvan qalasında, həmcinin şəhərdə müəyyən miqdarda erməni vardır (10, s. 153).

1670-ci ildə İrəvan şəhərində olmuş holland taciri Yan Streys yazır ki, İrəvanda az miqdarda yoxsul erməni yaşayır (10, s. 153).

1700-cü il martın 10-da İrəvanda olmuş alman səyyahı Kaspar Şillinger yazır ki, İrəvan şəhərinin daxilində yalnız farslar (azərbaycanlıları farslar kimi qeyd edirlər – İ.B.) yaşayırlar (10, s. 154) .

S.Məmmədovun İrəvanın etnik tərkibi ilə bağlı təhlili xüsusi maraq və əhəmiyyət kəsb edir. 1730-40 – cı illərdə ölkədə baş verən yeni hərbi strateji dəyişikliklə əlaqədar olaraq indiki Ermənistanın, о sıradan İrəvan əhalisinin coğrafiyasında da dəyişiklik oldu. Türkiyə və İranda yaşayan erməni əhalisi müharibə gözlənilən ərazidən uzaqlaşmaq məqsədilə kütləvi surətdə indiki Ermənistana, İrəvana axışmağa başladı. Belə ki, 1738-ci il fevralın 25-də İrəvandakı rus konsulu “S.Arapov xarici işlər komissiyasına göndərdiyi məktubunda yazırdı: Qarsın müxtəlif yerlərindən çoxlu əhali fars şəhərindən İrəvana qaçır” (10, s. 157).

XVI əsrin etibarlı mənbələrindən biri olan “İrəvan əyalətinin müfəssəl dəftəri”nin materiallarından da görünür ki, İrəvan şəhərinin əsas sakinləri azərbaycanlılar olmuşlar: “Müfəssəl dəftər” də (“İrəvan əyalətinin müfəssəl dəftəri” – İ.B.) İrəvanda 428 evli türk-müsəlman, 224 evli və 9 subay xristian qeydə alınmışdır. Evlilərin ailə tərkibini beş nəfərdən götürməklə, İrəvan şəhərində yaşayan 3.369 nəfərin 63, 54%-i türk-müsəlman, 36, 5%-i isə xristian olduğunu qeyd edə bilərik. Etnik tərkiblə bağlı məsələni bununla bitirmək olardı, ancaq Abram Yervantsinin əsərində və “Anonim erməni xronikası”nda İrəvanda yüz xris­tian qaraçı (“poşa”) ailəsinin təqribən 500 nəfərin yaşamasının qeyd edilməsi bu məsələyə bir daha nəzər salmağı tələb edir. Şəhərdə 500 nəfər xristian qaraçının yaşaması (şəhər əhalisinin təqribən 14, 9%-i) erməni xronikalarının müəlliflərinin iddia etdiyi kimi, ermənilərin İrəvan şəhərində əksəriyyət təşkil etməsini deyil, daha az sayda olmalarını – 21, 6% sübut etməkdədir (5, s. 18).

Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra, 1828-30 – cu illərdə İran və Türkiyədən köçürülmüşlər. Burada 1829-cu ildə 9889 nəfər azərbaycanlı, 2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4484 erməni, 1873-cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 erməni, 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40396 erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 erməni (17, s. 164-167), 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738045 erməni, həmçinin kürdlər, ruslar və başqa millətlərin nümayəndələri yaşamışdır. Bu rəqəmlərdən aydın görünür ki, ermənilər XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi çar Rusiyasının, XX əsrin əvvəllərindən, daha doğrusu, 1918-ci ildən Sovet Rusiyasının hi­mayəsi altında və onlara arxalanaraq Azərbaycanın digər torpaqlarında olduğu kimi, İrəvan şəhərində də məskunlaşdırılmış, bunun nəticəsi olaraq şəhərin köklü sakinləri olan Azərbaycan türkləri zaman-zaman deportasiya edilmişlər. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar şəhərdən tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 1988-ci ilin dekabr ayından İrəvanda bir nəfər belə azərbaycanlı yaşamır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr keçmiş SSRİ məkanında böyük siyasi gərginlik yaratmış və bununla da bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyətində də bu məsələ müzakirə edilmişdir. Bu vaxt Azərbaycanı və azərbaycanlıları sevməyən M.S.Qorbaçov belə tarixi həqiqətləri az da olsa, dilə gətirmiş, indi Ermənistan adlanan Qərbi Azərbaycanda, onun paytaxtı İrəvan şəhərində azərbaycanlıların əhəmiyyətli dərəcə çoxluq təşkil etdiyini söyləmək məcburiyyətində qalmışdır.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci ildə keçirilən iclasında keçmiş SSRİ-nin prezidenti M.S. Qorbaçov da qeyd etmişdir ki, əsrin əvvəlində (XX əsrin əvvəllərində – İ.B) İrəvan şəhərinin sakinlərinin 43 faizini azərbaycanlılar təşkil edirdi (4, s. 147).

Şəhərin adı 1936-cı ilədək Erivan. İrəvan adlansa da, 1936-cı ildə adı dəyişdirilib Yerevan qoyulmuşdur.

İrəvan toponiminin etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Erməni eləcə də bəzi rus dilli ədəbiyyatlarda göstərilir ki, İrəvan toponimi guya Erebuni qalasının adından əmələ gəlmişdir (15, s. 662). H.S.Yevrikyan to­ponimin Erivan formasına istinadən qeyd etmişdir ki, toponim Yerivand şəxs adı əsasında yaranmışdır (15. s. 662) . Digər fikrə görə isə guya İrəvan toponimi erməni dilində “görünmək”, “aşkar olmaq” mənasında işlənən “yerevum” sözündən əmələ gəlmişdir (19, s. 262). Venesiyada fəaliyyət göstərən “Mxitar birliyi” nümayəndələrinin fikrincə, İrəvan adının izahı Nuhun gəmisi haqqında rəvayətlə bağlıdır. Mxitarlar, о cümlədən Q.İncicyan “Girk dizinin dost” kitabında qeyd edir ki, “İrəvan” adı görünən. “peyda olan”(yerval qal) deməkdir. Onun fikrincə, Nuh peyğəmbərin gəmisi Ağrı dağının üstündə dayanarkən guya indiki İrəvan şəhərinin ərazisini görmüş və sahili görən kimi də “yervadz” (göründü) deyir və buradan da “İrəvan adı da yaranmışdır” (13, s. 28-29). Əlbəttə , ermənilərin uydurduqları, əsl həqiqətdən çox-çox uzaq olan bu fikirlərlə razılaşmaq olmaz. Çünki bunlar tarixi həqiqətlərə kölgə salmaqla yanaşı, onu saxtalaşdırır. “İrəvanın adı, əhalisi və tarixi ilə bağlı dolaşıqlıqlara isə erməni tarixşünaslığında daha çox rast gəlinir. Tarixçi Tadevos Hakoruan yazır ki, çağdaş Yerevan öz adını Erebunidən alıb. Lakin onun bu yeni adı haçandan işlədilir və əhali nə vaxt kütləvi qaydada erməniləşib sualına ermənişünaslıq hətta ehtimal kimi də cavab verə bilməyib” (11, s. 32).

Alman alimi H. Hübşman şəhərin adını Erevan, həmçinin Erivan formalarında qeyd edərək göstərir ki, Ere­van // Erivan toponiminin erməni dilində “görünmə”, “görünən” mənalarında işlənən “yerevum” sözündən əmələ gəldiyini söyləsələr də, əslində bu etimologiya doğru deyil, səhvdir (16, s. 425).

Bununla yanaşı, İrəvan toponiminin fars dilində “abad yer” mənasında işlənən rəvan sözündən əmələ gəldiyi fikri də söylənilmişdir (19, s. 261 ).

XIX əsrin rus arxeoloqu M.V.Nikolski “İrəvan” (Erivan) toponiminin eri tayfa adı əsasında yarandığını yazır və qeyd edir ki, burada “eri” tayfası yaşadığı üçün yaşayış məntəqəsi “İrəvan” adlanmışdır (13, s. 30). M.V.Nikolski, eləcə də Sandalcıyan 1900-cü ildə Venesiyada fransız dilində çap olunmuş “Urartu əlyazmaları” əsərində yazırdılar ki, İrəvan şəhərinin adı Eriani sözünün əsasında əmələ gəlmişdir (17, s. 8). Yəni İrəvan Eria­ni toponiminin fonetik formasıdır. V.Həbiboğlu “Abbasqulu ağa Bakıxanov (Bakı, 1992) əsərində yazır ki, İrəvan (Rəvan) İrəvan xanı Rəvanqulu xanın adı əsasında əmələ gəlmişdir.

Hr.Kapansyan indiki Ermənistanın Eriaxi, Erivani paleotoponimlərinin eria (eri) tayfa, nəsil adı (eponim) əsasında formalaşdığına istinad edərək yazır ki, Yerevan (İrəvan – İ.B.) toponimi, ehtimal ki, eri (a)+ a W an sözlərinin birləşməsindən əmələ gəlib “eri ölkəsi” (eri-strana; eri+ mesto) mənasını ifadə edir (17, s. 8-9). Müəllif eria (eri) tayfa adının Erimena // Ar /a/ mina/, Yeriza // Ariza, Yerasx // Araks, Yerast // Arast, eğbayr // ağbayr sözlərinin tərkibində qorunub saxlandığını göstərir və erməni dilində “e” “a” səs əvəzlənməsinin qanunauyğun olduğunu əsas götürərək “eria” tayfa adı ilə “aria” tayfa adını eyniləşdirir, “eria” tayfasını isə İran mənşəli adlandırır (17, s. 8-9).

Hr.Kapansyan İrəvan toponimini İran mənşəli etnotoponim hesab edir ki, bu da kökündən səhvdir.

Cəfər İsmayıloğlu “Yerevan” sözünün etimologiyası” məqaləsində oykonimin etimologiyası üzərində dayanır. Müəllifə görə, Yerevan adının əsasında Erebun, Erebon durur və şəhərin adı On tayfasının adından götürülmüşdür: “Yerevan (Erebun, Erebon) şəhər adının On tayfalarının adından götürülməsi barədə bir əfsanədə deyilir ki, Nuh peyğəmbər gəmidə Ağrı (Ararat) dağının yanına çatarkən uzaqdan quru sahə görərək “Yerebas” – deyə ucadan səslənmişdir. Yerevan sözünün həqiqi mənası ilə (On ərlərin yeri) üst-üstə düşən Ye­rebas (On asların yeri) sözünün açılışı (nədənsə alimləri, o cümlədən Ov. Şahatunyası, X. Abovyani. Q.Kuybşmanı (H.Hübşman – İ.B.), habelə bir sıra tarixçiləri heç də sevindirməmişdir. On tayfasının Yerevan torpağı ilə bağlı olan bu əfsanənin əsasında real ünvan – “Yerebas” – ” As ərlərin yeri” fikri dayanır (6).

Göründüyü kimi , C.İsmayıloğlu da İrəvan toponimini izah edərkən Nuh peyğəmbərlə bağlı rəvayətə istinad etmişdir. Guya Nuh peyğəmbər Ağrı dağının yanında quru sahə görərkən “ye­rebas” demişdir. Təbii ki, bu, uydurulmuş rəvayətdən başqa bir şey deyildir.

Akademik B.Budaqov və prof. Q.Qeybullayevin fikrincə, İrəvan to­ponimi türk dillərində “dağın gün düşən tərəfi” , “dalğavarı dağ zirvəsi”-mənasında işlənən “ir” sözü ilə fars dilində “yer” mənasında işlənən “van” sözündən əmələ gəlmişdir (2, s. 270).

Aslanov İrəvan toponiminin “ir” və “van” komponentlərindən ibarət olduğunu göstərərək yazır ki, ir ur // ər sözlərinin fonetik variantıdır (1, s. 89) və “Oravan yolların birləşdiyi yer”. “şəhər”, yaxud “icma mərkəzi” kimi mənalarda işlənir. Lakin daha dəqiq desək, yol tanrısına tapınan icmaların mərkəzi (şəhər) deməkdir. “Yerevan ” (İrəvan – İ.B.) toponimi Oravan sözünün fonetik variantı olduğundan türk mənşəlidir (1,8. 89).
İrəvan toponiminin Rəvan, Erivan. Arevan, Ervan, İrvan, İrivan, Errivant, indi də Yerevan fonetik formalarına nəzər salanda aydın olur ki, onların hamısının kökü “er”, “ir”, “ar” komponentlərindən ibarətdir. Türk dillərində “er”, “ər”, “ar”, “ir” “kişi”, “igid” mənasında işlənir (18, s. 1456). Urartu dilində ölkə mənasında işlənən ebani sözü vardır. Hr. Kapansyanm fikrincə, “kənd”, “şəhər” mənasında işlənən avan Urartu dilində “ölkə”, “yer” mənasında işlənən abani //ebani sözündən əmələ gəlmişdir və “avan” sözü fars dilinə mənsub deyildir (17, s. 89). Bu qənaətə gəlirik ki. İrəvan toponiminin ikinci komponenti “əvan” Urartu dilində “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən abani // eba­ni sözünün bir variantıdır. Daha doğrusu, “abani” sözünün əvvəlindəki “b” səsi “v” səsi ilə əvəzlənərək “aba­ni /i /” sözü “avan”, “əvan” formasına çevrilmişdir.

Deməli, İrəvan toponimi türk dilində “kişi”, “igid” mənasında işlənən “ir” etnonimi ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən “ebani” aban sözü əsasında əmələ gəlib “igidlər ölkəsi” mənasını ifadə edir.

Bütün bunlar aydın şəkildə göstərir və təsdiq edir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanın bütün bölgələri kimi (Göyçə, Zəngəzur, Ağbaba, Dərələyəz, Vedibasar. Zəngibasar, Gərnibazar, Pəmbək), İrəvan şəhəri də yalnız Azərbaycan türklərinin yaşayış məntəqəsi olmuşdur. “İrəvan” toponiminin, bilavasitə Azərbaycan dili əsasında izahı da fikrimizin doğruluğuna şahidlik edir.

İbrahim BAYRAMOV,

filologiya elmləri doktoru

“Dirçəliş-XXI əsr”

1905.az