mektubAzərbaycanın işğal olunmuş ərazilərində məcburi yerləşdirilmiş ermənilərin evlərini tərk etməsinin Ermənistan tərəfindən təkzib edilməsinə baxmayaraq, sosial şəbəkələrdə qondarma Dağlıq Qarabağın “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana məktubu yayılıb.

Məktubda qeyd olunur ki, 2 aprel 2016-cı il tarixindən başlayaraq təmas xəttində intensivləşən atışma səbəbindən Əsgəran, Ağdarə və Xocəvənd rayonlarının əhalisi yaşayış yerlərini tərk edərək Ermənistan istiqamətində qaçmağa başlayıblar.

Bildirilir ki, hərbi qulluqçular arasında fərarilik halları qeydə alınıb. Onlar axtarış nəticəsində tutularaq məcburi qaydada təmas xəttindəki mövqelərə geri qaytarılır.

Son məlumata görə, əhalinin kəndlərdə qalması üçün və hərbi qulluqçuların mənəvi-ruh yüksəkliyini qaldırmaq məqsədi ilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, son iki gündə təmas xəttində intensivləşən atışma nəticəsində Ermənistan ciddi itki verərək sarsıntı keçirib. Yüzdən artıq ölü və yaralıların olmasına baxmayaraq, bunun ictimaiyyətdən gizlədilməsi etirazlara səbəb olub.