İrəvanın mərkəzində etiraz aksiyaları davam edir, 100 etirazçı həbs olunub

Etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.

Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.

İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.

Bununla N.Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.

N.Paşinyan və tərəfdarları yürüş zamanı “Surmalu” və “Petak” ticarət mərkəzinə daxil olub. Polis kardonunu yararaq içəri girməyə nail olan Paşinyan tacirləri tətilə çağırıb və 19:00-da Respublika meydanında böyük mitinq olacağını bildirib.